Arxiv
30 İyul 2021, 12:09 | PARLAMENT
Deputatlardan Eldəniz Səlimovun polisi döyməsinə REAKSİYA

Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.

 

Ötən gündən geniş müzakirələrə səbəb olan hadisə barədə Daxili İşlər Nazirliyi (DİN) rəsmi açıqlama yayıb. Bildirilib ki, iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimov qohumuna məxsus iaşə obyektində sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

 

Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Fakt üzrə araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.

 

Modern.az ölkə gündəmini zəbt edən hadisə ilə bağlı Eldəniz Səlimovun həmkarlarından münasibət öyrənməyə çalışıb.

 

 

Deputat Fazil Mustafa məsələnin İntizam komissiyasının səlahiyyətində olduğunu deyib:

 

“Bu məsələ İntizam komissiyasının səlahiyyətindədir. Onlara müraciət olunacaq və məsələyə baxılacaq”.

 

Milli Məclisin deputatı Aqil Abbas isə Eldəniz Səlimovu “paqon yoldaşı” adlandıraraq, mövzu barədə danışmaq istəməyib.

 

Millət vəkili Məlahət İbrahimqızı həmkarı Eldəniz Səlimovun polisi döyməsinə inana bilmədiyini söyləyib:

 

“Həmkarımız Eldəniz Səlimovun mətbuatda belə bir xoşagəlməyən məlumatını oxudum. Doğrusu, inana bilmədim. İstənilən halda hər bir millət vəkili, eləcə də ziyalı öz davranışına çox ciddi nəzarət etməlidir. Belə bir xəbər almaq həqiqətəndə ürəkaçan deyil”.

 

Əlaqə saxladığımız bir neçə parlamentari isə həmkarı ilə bağlı qalmaqala toxunmaq istəmədiyini deyib.

 

Fidan İlqar 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv