Arxiv
30 İyul 2021, 12:57 | AKTUAL
Türkiyə yanır, yoxsa yandırılır? -VİDEO

İyulun 28-dən başlayaraq Türkiyənin 21 vilayətində 63 meşə yanğını qeydə alınıb. Təbii fəlakət nəticəsində azı 4 nəfər həlak olub.

 

Yanğının ən çox yayıldığı Antaliyanın Manavgat şəhərində 3, Marmarisdə 1 nəfər həyatını itirib. Antaliyada yanğınlar zamanı xəsarət alan 183 nəfər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.

 

Meşə yanğınları Manavgat, Marmaris və Bodrumdakı yaşayış məntəqələri üçün böyük təhlükə mənbəyinə çevrilib. Bu səbəbdən bölgədəki bəzi kəndlər və turizm obyektləri boşaldılıb.

 

Türkiyəni cənginə alan yanğınların baş vermə səbəbi barədə müxtəlif versiyalar barədə müzakirələr aparılır. Ehtimal edilir ki, meşə yanğınları qəsdən törədilib. Hazırda diskusiyalar əsasən bir sual ətrafında davam edir: 

 

Türkiyə yanmır, yandırılır? 

 

  

Türkiyəli hərbi ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında bildirib ki, yanğının qəsdən törədilməsinə şübhələr mövcuddur, lakin bunu təsdiqləyən fakt hələ rəsmən açıqlanmayıb.

 

“Bununla bağlı rəsmi açıqlama yoxdur, amma ortaya çıxan şübhələr, keçmişdəki hadisələr yanğının qəsdən törədilməsi ehtimalını önə çəkir. Keçən il və ondan əvvəl terror təşkilatlarının bu işdə hərəkətlənmiş olması bir çox şübhələri ortaya çıxarır. Bu mövzuda son dərəcə həssas nöqtələr var. Ehtimal etmək olar ki, yanğının törədilməsinin məqsədi cəmiyyətdə qorxu və dəhşət yaratmaqdır. Cəmiyyət olaraq, buna reaksiya verməli, yanğının baş vermə səbəblərini müəyyənləşdirməliyik.  Əlbəttə, belə plan varsa, məqsədləri də bəllidir: Türkiyə zərər vermək istəyirlər.

 

Digər tərəfdən bu gün terroru dəstəkləyən qüvvələr var. Onlardan dəstək alaraq, bu kimi işi görə bilərlər. Əslində bunun Türkiyəyə fürsət yaratdığını deyə bilərik. Bu, sadəcə Türkiyəyə zərər vermir. İnsanlığa, gələcəyə, ekologiyaya böyük ziyan vurur. Bu həqiqət üzərindən yola çıxaraq, tədbirlər görmək lazımdır. Məncə, fərqli yerlərdə eyni anda yanğınların olması təsadüf deyil”.

 

"Məqsəd Türkiyəni qarışdırmaqdır"

 

Ekspert qeyd edib ki, bəzi şəxslər Türkiyənin üzləşdiyi yanğın olayı ilə bağlı sosial mediada manipulyasiya aparır: "İndi ən böyük ehtiyacımız milli birlikdir. Kimlərsə Türkiyəyə qarşı oyun oynayır, buna qarşı birlikdə mübarizə aparmalıyıq". 

 

Yanğınların PKK yaraqlıları tərəfindən törədilməsi ehtimal olunur. Bəs, Türkiyənin uzun illərdir ki, mübarizə apardığı PKK ekoloji terror həyata keçirməklə nəyə nail olmaq istəyir? 

 

A.Ağarın fikrincə, məqsəd Türkiyədə vəziyyəti gərginləşdirməkdir:

 

“Hazırda Türkiyədə gərgin bir toplum var. Bu gərginliyi daha da ağırlaşdırmaq istəyirlər. Düşmənçiliyi gücləndirməyi hədəfləyirlər. Başqa sözlə desək, “mən varam” demək istəyir. Hamımız bilirik ki, cəmiyyətdə terror təhdidi gərginlik yaradır. Bu kimi hallarda oyuna gəlmək lazım deyil, mübarizə aparmalıyıq”.

 

Aysel Məhərrəm

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv