Modern.az

“Ermənilərin Kəlbəcərlə bağlı planı baş tutmayacaq” - Deputat

“Ermənilərin Kəlbəcərlə bağlı planı baş tutmayacaq” - Deputat

Parlament

30 İyul 2021, 20:12

"Ermənilər hələ 1969-cu ildə Kəlbəcərin guya əlverişsiz bölgə olduğunu iddia edir, SSRİ rəhbərliyi qarşısında Kəlbəcəri yaşayış məntəqəsi kimi ləğv etmək tələbi qoyurdular. O zaman hakimiyyətə gələn ulu öndər Heydər Əliyev bunun qarşısını aldı və Kəlbəcərdə tikinti-quruculuq işlərinin başlanmasına təşəbbüs göstərdi".

 

Bu sözləri Modern.az-a Kəlbəcərin deputatı Aqil Məmmədov son günlər ermənilərin sərhəddə törətdiyi təxribatlardan danışarkən deyib.

 

Deputat Ermənistan tərəfinin Kəlbəcərlə bağlı qurduğu mənfur planın baş tutmayacağını söyləyib:

 

"Vətən müharibəsindəki qələbəmizdən sonra Kəlbəcərin boşaldılması üçün ermənilər 10 gün vaxt istədilər. Azərbaycan humanistlik göstərərək onlara vaxt verdi. 10 noyabr bəyanatından sonra ermənilərin təxribatları davam edir. Xüsusilə Kəlbəcər ərazisi boyunca təxribatlar səngimir. Ermənilər Azərbaycan torpaqlarını yenidən işğal edəcəklərini güman edirlər. İstəyirlər ki, status məsələsini bərpa etsinlər. Halbuki ölkə başçısı onlara yerini göstərib. Ermənilər dünyanın və öz havadarlarının diqqətini sərhədə yönəltməyə, müharibənin hələ bitmədiyini eşitdirməyə çalışırlar”.

 

Dəmir yumruğun yerində olduğunu xatırladan Aqil Məmmədov qeyd edib ki, Ermənistan 44 günlük müharibədən dərs çıxarmalıdır:

 

“Təxribatların artması ilə orada yerləşdirilən rus sülhməramlılarının vəzifələrini layiqincə yerinə yetirmədiyini anlamaq olar. Ermənilər hansısa dövlətin ərazidə yerləşdirilməsini istəyirlər. Ermənistanın daxilində hələ də özbaşınalıqdır, vahid komandanlıq yoxdur, istədikləri vaxt təxribat törədirlər. Amma onların təxribatına uymamalıyıq. Ermənilər bunu anlamasalar, "Dəmir yumruq" yenə öz işini görəcək. Hesab edirəm ki, erməniləri bir daha başa salmaq lazımdır, təxribatlara davam edəcəkləri təqdirdə nələrin olacağını anlasınlar".

 

Kəlbəcərli deputat onu da vurğulayıb ki, regionda təhlükəsizlik və əməkdaşlıq şəraitində yaşamağa çalışmaq, sülhə razılaşmaq hər kəsdən öncə ermənilərin özünə sərf edəcək məqamdır:

 

"Kəlbəcər ərazisi boyunca Ermənistanla 136 kilometr sərhədimiz mövcuddur. Eyni zamanda strateji baxımından Kəlbəcər Azərbaycanın qərbdən "qala qapısı" adlandırılıb. Həmçinin Zod aşırımından keçən Ağdərə magistral yolu var ki, ermənilər bu yoldan 30 ilə yaxın müddətdə istifadə ediblər. İndi də Ağdərə ərazisində qalan ermənilərlə əlaqə qurmaq məqsədilə Kəlbəcəri hədəf seçirlər. Kəlbəcərin yeraltı, yerüstü sərvətləri, iqtisadi potensialı kifayət qədər yüksəkdir. Ermənilər bunu bildiklərinə görə, torpaqlarımızın azad olunması ilə barışmaq istəmirlər. Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması, eyni zamanda sülhü təsdiq edən sənədlər imzalanmalıdır. Ermənistan buna imza atmaqla yanaşı öhdəliklərini yerinə yetirməlidir".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!