Modern.az

Milli Məclisdən Türkiyədəki yanğınla bağlı BƏYANAT

Milli Məclisdən Türkiyədəki yanğınla bağlı BƏYANAT

31 İyul 2021, 11:44

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi Türkiyədə baş vermiş yanğınlarla bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

- Təəssüf  hissi ilə bildiririk ki, bir neçə gündür Türkiyənin cənub-qərbində başlayan meşə yanğınları bütün dünyanın diqqət mərkəzindədir. Qardaş ölkədə baş verən yanğınlar bizi də dərindən sarsıtdı. Baş vermiş bu meşə yanğınları nəticəsində ekologiyaya, ətraf mühitə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan dəymiş, eyni zamanda insan tələfatına da səbəb olmuşdur. Bu acı faciə münasibəti ilə,Türkiyə dövlətinə və can qardaşlarımıza dərin hüzünlə baş sağlığı veririk.

 

Xüsusilə qeyd etməliyik ki, güclü meşə yanğınları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanmış, bitki və heyvan növləri məhv olmuş, ekosistemin tarazlığı pozulmuş, ətraf mühit komponentlərinə ciddi ziyan dəymişdir. Bütün bunların nəticəsində regionun ekoloji durumuna böyük zərər dəymişdir.

 

Türkiyə Respublikasının meşə yanğınlarının baş verdiyi ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların yanaraq məhv olması bu gün bir daha bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalıdır. Çünki bu gün qlobal iqlim dəyişikliyi bəşəriyyətin əsas çağırışlarından biridir. Belə bir şəraitdə, ekologiyanı və ətraf mühiti qorumaq, yaşıllıq və meşə ərazilərini əhəmiyyətli dərəcədə artırmaq, flora və faunamızı yaşatmaq dünya ictimaiyyətinin qarşısında dayanan əsas vəzifələrdəndir.

 
Ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar”, “Bern” beynəlxalq konvensiyaları və digər beynəlxalq sənədlər ətraf mühitin qorunmasını beynəlxalq birliyin əsas vəzifələri kimi müəyyənləşdirir.
Azərbaycan dövləti və xalqı həmişə olduğu kimi bu çətin günlərdə də Türkiyənin yanındadır, meşə yanğınlarının qarşısının alınmasında əlindən gələn bütün yardımları edir və edəcəkdir. Bu bizim insanlıq və qardaşlıq borcumuzdur. Eyni zamanda ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatları və dünya ölkələrini Türkiyə Respublikasında yaranmış vəziyyəti nəzərə alaraq, bu ölkəyə lazımi dəstək verməyə çağırırıq!

  

Türkiyədə zəngin meşə zolaqlarının yanmasının, flora və faunasının məhv olmasının qarşısının alınması bütövlükdə dünyanın ətraf mühitinin qorunmasına böyük töhfə olacaqdır!

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı