Modern.az

Eldəniz Səlimovun polis haqqında dedikləri...

Eldəniz Səlimovun polis haqqında dedikləri...

31 İyul 2021, 17:05

Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun sərxoş vəziyyətdə polis əməkdaşını döyməsi ölkədə hiddət doğurdu.

 

Millət vəkili mandatı daşıyan Səlimovun xidməti vəzifəsini yerinə yetirən asayiş keşikçisinə qarşı xoşagəlməz hərəkətə yol verməsi təkcə hüquq-mühafizə orqanlarına deyil, bütün cəmiyyətə yönələn hörmətsizlik kimi qiymətləndirildi.

 

Bir neçə gündür ki, ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən döyülmə faktı barədə Baş Prokurorluqda cinayət işi açıldı, onun deputat mandatının ləğv olunması ilə bağlı Milli Məclisə təqdimat göndərildi.

 

Ardınca Eldəniz Səlimovun xoşagəlməz hərəkətinə etiraz edən 53 deputat Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək, növbədənkənar sessiyanın çağırılmasını xahiş etdi. Nəticədə spikerin sərəncamı ilə avqustun 3-nə parlamentin iclası çağırıldı.

 

Bundan əvvəl isə məsələ Milli Məclisin İntizam Komissiyasında müzakirəyə çıxarılacaq.

 

Maraqlıdır, “polisi döyən deputat” kimi ad çıxaran Səlimov mətbuata açıqlamalarında indiki əməlinə uyğun gəlməyən fikirlər səsləndirir, hətta karantin rejiminin sərt dönəmində polis əməkdaşlarını tənqid edənlərə meydan oxuyurdu.

 

E.Səlimovun yerli KİV-də dərc olunan açıqlamalarından birinə diqqət yetirək:

 

“Karantin rejimində evdənçıxma qadağasının qüvvədə olduğu günlərdə polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra etdi. Lakin təəssüflər olsun ki, hər bir uğura qara eynəkdən baxmağa çalışan radikal müxalifət nümayəndələrinin sosial şəbəkələr vasitəsilə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddialar irəli sürməsinin şahidi olduq”.

 

Qəribə görünsə də, bu fikirlər Azərbaycan polisinə əl qaldıran deputata məxsusdur.

 

Bir vaxtlar polisi tənqid edənləri “top atəşinə” tutan E.Səlimov bu dəfə ondan qanunla karantin rejimi qaydalarına əməl olunmasını xahiş edən asayiş keşikçisinə əl qaldırmaqla əsl mahiyyətini ortaya qoydu və haqlı olaraq cəmiyyətin nifrətini qazandı.

 

Bu isə onu deməyə əsas verir ki, E.Səlimov mediaya açıqlamalarında heç də obyektiv və səmimi olmayıb, onun çıxışları publikaya hesablanıb. Əks halda "təcrübəli" deputat qaydaları kobudcasına pozmaq yerinə, ona karantin rejiminin tələblərini xatırladan polis əməkdaşına təşəkkürünü bildirərək, qanunlara riayət edərdi.

 

Təəssüflər olsun ki, biz bunun tamamilə əksini gördük.

 

Polisi döyməklə bütün qırmızı xətləri ayaq altına alan E.Səlimov anlamalı idi ki, qanun hamı üçün alidir, hansı vəzifəni tutmasından asılı olmayaraq, heç kim qanuna qarşı çıxa bilməz. Qanunu pozanlar mütləq öz cəzalarını alırlar.  

 

Elə E.Səlimov da törətdiyi əmələ görə cəzadan yaxasını qurtara bilməyəcək.

 

Qeyd: Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Atası Adil Səlimov dəmiryolçu olub. 1983-1993 cü illərdə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbini bitirib. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.



Eldəniz Səlimov əmək fəaliyyətinə 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində başlayıb.


Daha sonra o, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışıb. O, 2011–2012-ci illərdə “TexnikaBank” ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olub.  2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 

 

Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib.

 

A.Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı