Arxiv
1 Avqust 2021, 10:47 | REPORTAJ
İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14  iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır. Şəhidlərimizin arasında ata olacağını bilib, o hissi dadmayanlar var idi. Övladının üzünü görmədən bu dünyadan köçən şəhidlərimizdən biri də Məmmədli Məhəmməd Murad oğludur.

 

Arayış: Məmmədli Məhəmməd 1994-cü il 22 avqustda Mingəçevirdə anadan olub. 1-ci sinfə Volqoqradda M.V.Lomonosov adına 2 nömrəli məktəbə gedib. 2011-ci ildə Uşaq İncəsənət məktəbinin tam kursunu Fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirib. 2012-ci ildə N saylı hərbi hissədə 2-ci artilleriya divizonunun 6-cı artilleriya batareyasında baş tuşlayıcı kimi xidmətə başlayıb. Vətən müharibəsi başladığı andan Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 2-də suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Dekabrın 1-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

 

Suqovuşanda şəhidlik zirvəsinə ucalan Məhəmməd...

 

 

Şəhidimizin anası Mehriban Məmmədli oğlu haqqında Modern.az-a danışıb:

 

“Oğlumun hərbi vəzifəsi baş tuşlayıcı idi, ancaq müharibəyə könüllü kəşfiyyatçı olaraq qatılmışdı. Vətən müharibəsi başladığı gün cəbhəyə yollandı. Oktyabrın 1-də döyüş yoldaşları ilə mühasirəyə düşüb. “Mənim kaskam, bronjiletim var, mənə heçnə olmaz , siz arxadan gəlin” deyib öndə gedirmiş. Məhəmmədin boyu balaca olduğu üçün döyüş yoldaşları onu “balaca kəşfiyyatçı Maqa” deyə çağırırdılar.

 

Oğlum sağ ayağından qəlpə yarası almağına baxmayaraq, qəhrəmancasına döyüşüb. Oktyabrın 2-də ikinci dəfə qarın nahiyəsindən ağır yaralanıb. Son nəfəsində “uşaqlar mən vuruldum... möhkəm olun ki, buradan çıxa biləsiniz” deyib və gözlərini əbədiyyən yumub.

 

Qanlı döyüş əlçatan mövqedə olmadığı üçün oğlumun nəşini oradan çıxara bilmədilər. İki ay sonra - dekabrın 1-də Məhəmmədin nəşi həmin ərazidən çıxarıldı, Mingəçevir Şəhidlər Xiyabanında dəfn olundu. Vəfatından sonra Prezidentin sərəncamı ilə “ Vətən uğrunda”, “ Cəsur döyüşçü” və “ Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu”.

 

 

Mehriban xanım kövrək bir səslə "Məhəmməd çox gözəl ata olardı" deyərək şəhidimizin üzünü görmədiyi övladından söz açıb:

 

"Həyat yoldaşım 2017-ci ildə vəfat edib. Həmin gündən evin bütün yükünü Məhəmməd çəkdi, ağır işlərdə çalışırdı. Oğlum sakit təbiətli, zəhmətkeş insan idi. Gəlinimlə toyda tanış olmuşdular. Övladının olacağını bilirdi. Yoldaşına “oğlum olsa atamın adını, qızım olsa Fatimə adını qoyacam” deyibmiş. Allah ona övladını görməyi qismət eləmədi. Məhəmmədin qız övladı dünyaya gəldi, adını Fatimə qoyduq. 

 

Məhəmməd gözəl ata olardı... Balamın balası bizə əmanətdir, Məhəmmədin yadigarıdır. Allah bütün şəhidlərə rəhmət etsin, ailələrinə səbr versin”.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv