Arxiv
1 Avqust 2021, 17:07 | PARLAMENT
Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB  

Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, yayılan xəbərlərdə bu mövqeni gücləndirən və ya isbat edən arqumentlər göstərilmir, sadəcə ümumi fikirlərə üstünlük verilir:

 

"Halbuki, biz son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirilən tədbirlərin önündə strukturun daha da təkmilləşdirilməsi durur. Azərbaycan Milli Məclisin VI çağırışı, eyni zamanda məclisin idarəedilməsində dəyişikliklər və parlament stukturunun yeniləşməsi ilə yadda qaldı. Aydındır ki, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir.

 

Son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artıb və fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır, idarəetmədə səmərəlliyin daha da yüksəlməsi müşahidə olunur”.

 

 

V.Bayramovun sözlərinə görə, parlamentin uzun müddətli fəaliyyəti göstərir ki, Milli Məclisin mövcud say tərkibi və stukturu səmərəli idarəetmə üçün məqbuldur:

 

“Digər tərəfdən, xüsusən son çağırışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. Statistika göstərir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb və deputat fəallığının yüksəlməsi qeydə alınıb".

 

"Biz mütəmadi olaraq öz dairəmizdə vətəndaşlar ilə görüşüb, onları qayğılandıran məsələləri mərkəzi idarəetmə orqanlarına təqdim edirik, mətbuatda gündəmə gətiririk. Vətən müharibəsi və pandemiya dövründə də millət vəkili kimi fəallığı artırmağa çalışmağımız da məhz Milli Məclis qarşısında müəyyənləşdirilən yeni hədəflərin nəticəsidir. Bu baxımdan, konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır",- deyə parlamentari vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv