Modern.az

Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”  

Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”  

1 Avqust 2021, 17:50

Son dövrlər müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edən və yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar və müzakirələr bəzi  kütləvi informasiya vasitələrində yer almaqdadır.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Modern.az-a açıqlamasında deyib ki, yayılan məlumatların heç bir əsası yoxdur.

 

"Hazırki dövrdə göstərilən mövqeyə heç bir əsasın olmadığı ilə əlaqədar olaraq bildirmək istəyirəm ki, ölkəmizdə təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və aydın hakimiyyət bölgüsü var. Həm də müxtəlif dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və effektivliyi daha da artırır. Milli Məclisin say tərkibi, eləcə də tərkibin formalaşdırılması üçün tətbiq olunan seçki sistemi uzun illərin sınağından uğurla çıxmışdır və hazırda günün tələblərinə tam uyğundur.  VI çağırış Milli Məclis öz fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atmış, parlaq nailiyyətlər əldə etmişdir.

 

Milli Məclisdə qanunvericilik fəaliyyəti, beynəlxalq əlaqələr, vətəndaşlarla iş, deputat fəallığının artırılması və s. istiqamətlərdə islahatlar aparılmış, o cümlədən, səhiyyənin hüquqi bazasının təkmilləşdirilməsi və dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizənin hüquqi bazasının yaradılması istiqamətində müvafiq işlər  görülmüşdür", - deyə Əhliman Əmiraslanov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır