Modern.az

“Növbədənkənar seçkiyə ehtiyac yoxdur” - Deputat

“Növbədənkənar seçkiyə ehtiyac yoxdur” - Deputat

1 Avqust 2021, 19:10

"Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunub. Bu ana qanunumuz müstəqil dövlətimizin hüquqi, demokratik əsasları üzərində möhkəmlənməsinə xidmət edir. Konstitusiyamız bu illər ərzində  ölkəmizin inkişafı ilə əlaqədar yaranmış yeni tələblərə və daha çox vətəndaşların maraqlarına uyğunlaşdırılması məqsədilə 3 dəfə ümumxalq səsverməyə çıxarılıb və   dəyişikliklər edilib. Sonuncu referendum 2016-cı ildə keçirilib, konstitusiyamızın 29 maddəsində dəyişikliklərə xalqımız səs verib. Bu gün dəyişikliklərdən sonra Konstitusiyamız daha mükəmməlləşib, dövlətin hakimiyyəti qolları arasında ahəngdar fəaliyyəti təmin etməklə xalqımızın maraqlarına tam cavab verir".   

 

 Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Azər Badamov payız aylarında referendum keçiriləcəyi haqqında iddialardan danışarkən deyib. O vurğulayıb ki, yenidən Milli Məclisə növbədənkənar seçkilərin də keçiriləcəyi ilə bağlı yazılar tirajlanmaqdadır:     

 

 "Əvvəlcə onu qeyd edim ki, konstitusiyada dəyişikliklərin ediləcəyi ilə bağlı dərc olunan fikirlər tamamilə əsassızdır, yanlışdır. Çünki, konstitusiyamız bu günün tələblərinə uyğundur və dövlətimizin möhkəmlənməsinə, xalqımızın hüquq və azadlıqlarının  müdafiəsinə cavab verir. Dəyişikliklərin olacağı ilə bağlı səsləndirilən fikirləri əsassız və radikal  müxalifətin arzularının işıqlandırılması kimi başa düşürəm. O cümlədən referendumla əlaqədar mətbuatda son vaxtlar səsləndirilən fikirlərdən biri də proporsional seçki sisteminin tətbiq olunacağı ilə bağlıdır.    

 

Qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan majoritar seçki sistemi bu günün maraqlarına tam cavab verir . Majoritar seçki sitemi cəmiyyətdə daha çox etibar və inam qazanmış şəxslərin seçilməsinə yol açır. Məhz tətbiq olunan majoritar seçki sisteminə uyğun parlamentə 11 siyasi partiyasının nümayəndələri seçilərək təmsil olunurlar. Məqsəd  o olmalıdır ki, ölkədəki bütün partiyalar parlamentdə təmsil olunsunlar. Məqsəd odur ki, cəmiyyətin daha çox inandığı siyasi partiyalar Milli Məclisə seçilsin və bugünkü parlament məhz bu ideya üzərində formalaşıb. Ona görə də ölkəmizdə mövcud majoritar seçki sistemi zamanın sınağından uğurla çıxıb və hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac duyulmur".    

 

Milli Məclisə yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə iddialara gəlincə, deputat bunun tamamilə yanlış və əssasız olduğu qənaətindədir:     

 

"Bu gün VI çağırış Milli Məclis Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan islahatların ruhuna uyğun şəkildə fəaliyyətini qurub. VI çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev Milli Məclisin daha səmərəli və günün tələblərinə uyğun  fəaliyyətinin təşkili üçün tövsiyələrini vermişdi. Milli Məclisin VI çağırış deputatları Prezidentin tövsiyələrini özlərinə yol xəritəsi kimi qəbul edərək yeni formatda yanaşmanı ortaya qoya biliblər. Müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq parlamentimizdə də islahatlar aparıldı. Milli Məclisin say tərkibi bu günün tələblərinə tam uyğundur və bəzən səsləndirilən deputatların sayının artırılmasının vacibliyi ilə bağlı fikirlər tam məntiqsiz və lazımsızdır. Deputatların mövcud sayı ölkəmizin  ərazisindəki bütün seçki dairələrindəki vətəndaşları əhatə etməklə günün tələbinə uyğundur. Burada əsas məsələ Milli Məclisin say tərkibinin artırılması deyil, mövcud sayla daha keyfiyyətli fəaliyyətin orta qoyulmasıdır. Mən tam əminliklə deyə bilərəm ki, VI çağırış Milli Məclisin fəaliyyətində kifayət qədər keyfiyyət dəyişiklikləri öz əksini tapıb".      

 

Azər Badamov VI çağırış Milli Məclisdə islahatların nəticələrini bu cür qiymətləndirib:     

 

"Parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri parlamentin rəhbərliyində təmsil olunmağa başladı. İcra hakimiyyəti ilə Qanunverici hakimiyyətin ahəngdar işinin təşkili məqsədilə Milli Məclisdə İcra hakimiyyətləri ilə iş şöbəsi yaradıldı. Yaradılmış şöbə deputatların yerlərdə fəaliyyətin səmərəli təşkilinə töhfə vermiş oldu. O cümlədən Prezident Administrasiyasında da parlamentlə iş şöbəsi yaradıldı ki, bu da dövlət hakimiyyəti qollarının koordinasiyalı şəkildə daha effektiv fəaliyyətinə yol açdı. Düzdür, VI çağırış Milli Məclis formalaşdıqdan sonra COVİD-19 pandemiyası ilə bağlı fəaliyyətin göstərilməsində müəyyən qaydaların gözlənilməsi tələb olundu. Amma bütün məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, ölkədə tətbiq olunmuş karantin rejiminin tələblərini gözləməklə Milli Məclisin komitə iclasları onlayn, plenar iclasları açıq zalda keçirməklə təşkil olundu.

 

VI Çağırış Milli Məclisdə yüzlərlə qanunlarda dəyişikliklər edildi, yeni qanunlar qəbul etdi. Qanunların qəbul edilməsində kəmiyyətdən keyfiyyətə keçid olundu və qəbul olunmuş qanunlar dövrün tələblərinə uyğunlaşdırmaqla  daha çox xalqın maraqlarına cavab verir. Milli Məclisin yeni rəhbərliyin beynəlxalq təcrübəsinə uyğun parlamentin beynəlxalq əlaqələri genişləndirildi. Parlamentlərarası işçi qrupları pandemiya ilə əlaqədar səfərlərini məhdudlaşdırsa da onlayn görüşlərin keçirilməsini intensivləşdirdi və ölkəmizin haqq səsinin dünya parlamentarilərin diqqətinə çatdırılmasında fəal iş gördü.

 

Təbii ki, Vətən müharibəsi dövründə də ermənilərin müharibə zonasından  uzaq, dinc əhalimizin yaşadığı yaşayış məntəqələrimizin qadağan olunmuş raketlərlə atəşə tutması, şanlı ordumuzun öz haqq işinin gördüyünü, ölkəmizdəki milli həmrəyliyin düşmənə qalib gəldiyini, müharibədən sonra regionda yeni reallıq yaratdığımızı və bu yeni reallığa uyğun Azərbaycanın mövqeyi regionda davamlı sülh, təhlükəsiz və əməkdaşlıqdan ibarət olduğunu bütün beynəlxalq görüşlərdə və məktub mübadilələri ilə  həmkarlarımızın diqqətinə çatdırılıb.     

 

Deputatlar fəaliyyətlərini daha da aktivləşdirmək, seçicilərin yanında olmaq və problemləri ilə yerindəcə tanış olmaq üçün pandemiyanın tələblərini gözləməklə seçicilərlə görüşlər keçirib, seçiciləri narahat edən bir çox məsələlərin həll olunmasında yaxından iştirak ediblər. Şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirilir, cəmiyyətin bu həssas təbəqəsinə diqqət daha da artırılıb. VI çağırış deputatlar KİV-lə əməkdaşlığını aktivləşdirib, parlamentin plenar iclaslarında seçiciləri narahat edən müəyyən məsələləri gündəmə gətirib, qanunların qəbul olunmasında səmərələşdirici təklifləri səsləndirməklə yeni tələblərə uyğun fəaliyyəti qura bilib.     

 

Sonda qeyd etmək istəyirəm ki, VI çağırış parlamentin fəaliyyəti uğurludur, xalqın və dövlətin maraqlarına cavab verir və buraxılaraq yenidən növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yoxdur".  

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir