Modern.az

Razi Nurullayev: “Məncə, referendum olmalıdır”

Razi Nurullayev: “Məncə, referendum olmalıdır”

2 Avqust 2021, 11:34

“Azərbaycanda idarəçilik sisteminin təkmilləşdirilməsi üçün referendum keçirilməsinə ehtiyac var”.

 

Bunu Modern.az-a deputat Razi Nurullayev payız aylarında referendum keçiriləcəyi haqqında iddialardan danışarkən deyib. 

 

Deputat xatırladıb ki, referendumun keçirilməsi Prezidentin fərmanı ilə reallaşmalı məsələdir:

 

“Mən də bu cür iddiaları oxuyuram. Şəxsi fikrimdir ki, payızda, ya da bir qədər gec referendum olacaq. Hansısa formada bunun keçirilməsi gözləniləndir. Azərbaycanda idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə, mobilləşdirilməsinə və bir çox qarışıq məqamların aydınlaşdırılmasına ehtiyac yaranıb. Dövlət idarəçiliyində müəyyən dəyişikliklərə nail olmaq üçün referendum olmalıdır. Hətta məncə, icra hakimiyyətləri ilə bağlı da neytral vəziyyət yaranıb. Bəzi ərazilərə yeni icra başçıları təyin edilmir. Prezidentin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə bağlı fərmanları oldu. Bununla da Azərbaycana tətbiq ediləcək sistem yaradıla bilər, Azərbaycan müxtəlif iqtisadi rayonlara bölünə bilər. Cənub, Aran, Şirvan, Şimal, Şərq, Qərb və s. iqtisadi rayonları formalaşdırıla bilər. Bu isə Azərbaycanda böyük, mərkəzləşdirilmiş şəhərlərin yaradılmasına səbəb olacaq. Belə islahatın aparılması yaxşıdır ki, hər bir rayon və bölgə özünün sosial iqtisadi potensialına görə ixtisaslaşar. Bu, vacib amillərdən biridir. Həmin ərazilərə Prezident tərəfindən nümayəndə təyin olunması gözləniləndir. Həmin nümayəndə ola bilsin ki, şəhərlərdə, rayonlarda özünün icra nümayəndələrini və ya başqa sistem formalaşdırırlarsa, buna uyğun səlahiyyətlilərini yerləşdirsin. Beləliklə, idarəçilik mobilləşəcək”.

 

Azərbaycanda proporsional seçki sisteminin tətbiq ediləcəyi haqqında iddialara da toxunan R. Nurullayev əlavə edib ki, hər iki seçki sisteminin paralel tətbiqi məqsədəuyğun olardı:

 

“Proporsional və majoritar seçki sisteminin paralel olaraq Azərbaycanda tətbiq ediləcəyi ilə əlaqədar mülahizələr var. Düşünürəm ki, bu, reallaşsa, yaxşı olardı. Bütün qeyd etdiyimiz məqamlar konstitusiya dəyişikliklərindən, referendumdan keçir. Ona görə, referendumun olması vacibdir. Bu addımın gec, ya tez olacağı ilə bağlı dəqiq söz deyə bilmərəm”.

 

Qeyd edək ki, Razi Nurullayevdən fərqli olaraq, digər həmkarları referendum keçirilməsi barədə təklifləri müsbət qarşılamayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi