Modern.az

Putin Bakıdan Azad Ticarət Zonasına dair müqaviləni imzalamağı tələb edir

Putin Bakıdan Azad Ticarət Zonasına dair müqaviləni imzalamağı tələb edir

Aktual

20 Oktyabr 2012, 11:51

MDB İcraiyyə Komitəsinin sədr müavini Vladimir Qarkun: “İlin sonunda qədər müqavilə bütün MDB üzvü olan ölkələr üçün qüvvəyə minəcək”

MDB ölkələri arasında Azad Ticarət Zonasınınn yaradılması haqqında müqavilə 2012-ci ilin sonunda qüvvəyə minəcək. Modern.az saytı “RİA-Novosti” agentliyinə istinadən bildirir kii, bu barədə MDB İcraiyyə Komitəsinin sədr müavini Vladimir Qarkun bildirib.

“Ölkələr müqavilənin ratifikasiyasını 2012-ci ilin sonuna qədər başa çatdıracaqlar. İlin sonunda isə bu müqavilə bütün MDB üzvü olan ölkələr üçün qüvvəyə mincək”.

Azad Ticarət Zonası haqqında müqavilə 2011-ci ilin 18 oktyabrında 8 ölkə - Rusiya, Ermənistan, Belarus, Qazaxstan, Qırğızstan, Moldova, Tacikistan və Ukrayna tərəfindən imzalanıb. İlin sonuna qədər isə Özbəkistanın bu müqaviləyə qoşulacağı gözlənilir. Azərbaycan və Türkmənistan isə müqaviləyə qoşulmaq üçün sənədə əlavələr edilməsinin vacibliyini bəyan edib. Rəsmi Bakı ötən il azad ticarətlə bağlı razılaşmanı nəzərdən keçirmək üçün bir neçə həftə vaxt istəmişdi. Putin isə cavabında “onlara fikirləşmək üçün vaxt verilir” demişdi.

Hazırda bu sazişi Rusiya, Belarus, Ukrayna, Ermənistan və Moldova ratifikasiya edib. Müqavilə imzalandıqdan sonra dövlətlərarası ticarət xidmətlərinin hazırlanması üçün razılıq əldə ediblər.

Rusiya prezidenti Putin azad ticarət zonası haqda müqaviləni MDB çərçivəsində ticarət-iqtisadi münasibətlərin yeni fundamentlərini yaradacağını deyir. Sənəd MDB ölkələri arasında ticarətdəki bütün baryerləri aradan qaldırmağa hesablanıb. Rusiya prezidentinin sözlərinə görə, azad ticarət zonası yaranandan sonra MDB ölkələri arasında qarşılıqlı ticarət dövriyyəsi kəskin artacaq. Bazarlar hamı üçün açılacaq və deməli, mallar daha ucuz qiymətə əhaliyə çatacaq, nəticədə yeni imkanlar açılacaq. ​​Razılaşmaya əsasən, idxal və ixrac bir çox mallarda rüsum haqqını aradan qaldırır.

Putin onu da vurğulayıb ki, bu müqavilə heç də Ümumdünya Ticarət Təşkilatı qarşısında götürülən  öhdəliklərə mane olmur. 

MDB rəhbərləri azad ticarət zonasının yaradılması haqqında ilk dəfə 1994-cü ildə protokol imzalayıblar. Amma 2000-ci ildən bəri son müqaviləni imzalamaq barədə yalnız vədlər eşidilib.

Azərbaycanlı siyasi müşahidəçilər isə bu müqavilənin bağlanmasına etiraz edirlər. Onların fikrincə, Azad Ticarət Zonası MDB məkanında tam parametrlərlə həyata keçirilməsi mümkün olmayan bir ideyadır. Politoloqların rəyincə, Rusiya çalışacaq ki, Azad Ticarət Zonanı öz ərazisində yaratsın. Başqa ölkələrin təbii ehtiyatlarını, istehsal məhsullarını buraya cəlb etməklə öz ərazisinin çiçəklənməsinə şərait yaratsın. Odur ki, Azərbaycan hökumətinin müqaviləni imzalamamasını təqdir ediblər.

Qeyd edək ki, 2011-ci ildə Sankt-Peterburq toplantısında əldə edilmiş bu razılaşma Qərbdə də böyük rezonans doğurub. Aparıcı Qərb xəbər agentlikləri hadisəni Putinin SSRİ-ni dirçəltmək üçün son illərdə əldə etdiyi ən mühüm nəticə kimi təqdim ediblər.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?