Modern.az

“Azərbaycanlılar Koreyada nüfuzlu şirkətlərdə çalışır” - Səfirlə SÖHBƏT

“Azərbaycanlılar Koreyada nüfuzlu şirkətlərdə çalışır” - Səfirlə SÖHBƏT

Müsahibə

2 Avqust 2021, 13:26

“Koreya ilə türk xalqları arasında oxşar cəhətlər var”

 

Modern.az-ın yeni rubrikası “Səfirlə söhbət” davam edir.

 

Növbəti diplomat qonağımız Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovdur.  

 

Onun müsahibəsini təqdim edirik:

 

- Bu il 29 illiyi qeyd edilən Azərbaycan-Koreya münasibətləri necədir?  Bu barədə fikirlərinizi bilmək istərdik...

 

- 1992-ci ildə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində əməkdaşlığımız aktiv şəkildə inkişaf etmişdir. İki ölkə arasında əlaqələrin dinamik inkişaf mərhələsi isə 2006-cı ildən sonrakı dövrə təsadüf edir. Məhz 2006-2007-ci illərdə dövlət başçıları səviyyəsində həyat keçirilmiş qarşılıqlı səfərlər və həmin səfərlər zamanı imzalanmış müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafını nəzərdə tutan sənədlər bu günki Azərbaycan-Koreya yüksək səviyyəli əməkdaşlığının bazasını formalaşdırmışdır.

 

Ötən on beş illik dövr ərzində Azərbaycanda həyata keçirilmiş çoxsaylı layihələrdə Koreya şirkətlərinin iştirakı ilə yanaşı, Koreyanın inkişaf təcrübəsinin öyrənilməsi və Koreya ilə iqtisadi-ticarət, o cümlədən mədəni əlaqələrin inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Ötən dövr ərzində dövlət və hökumət rəsmilərinin çoxsaylı qarşılıqlı səfərləri həyata keçirilmiş, hər iki ölkənin mədəniyyəti, tarixi və reallıqlarının qarşılıqlı tanıdılması, habelə vətəndaşlar arasında təmasların sıxlaşdırılması sahəsində bir çox uğurlu layihələrə imza atmışdır.

  

Bu gün Azərbaycan və Koreya arasında hazırkı və perspektiv əməkdaşlıq imkanlarının daha da inkişafını şərtləndirə biləcək bir çox mexanizmlər, o cümlədən, hökümətlərarası iqtisadi aməkdaşlıq üzrə birgə Komissiya və Xarici İşlər nazirlikləri arasında siyasi dialoq platforması mövcuddur. Həmçinin mədəniyyət, təhsil, elm, səhiyyə, turizm və s. digər humanitar yönümlü sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradan birgə layihələr həyata keçirilmiş və perspektivdə bu cür layihələrin davam etdirilməsi üçün müvafiq əməkdaşlıq imkanları təsis edilmişdir.   

  

Lakin fikrimcə, ikitərəfli əməkdaşlığın mövcud potensialını nəzərə alaraq indiyə qədər əldə etdiyimiz nailiyyətlərlə qane olmamalıyıq. Birlikdə çalışaraq əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Əminəm ki, Azərbaycan və Koreya arasında möhkəm təməllər üzərində qurulmuş əlaqələr bundan sonra daha da inkişaf edərək, ölkələrimiz arasında uzun coğrafi məsafənin olmasına baxmayaraq xalqlarımızın malik olduğu tarixi, mədəni və dil oxşarlıqları ilə birlikdə bizləri bir-birimizə daha da yaxınlaşdıracaqdır.

 

  - Dünyanın bir çox ölkələrində erməni lobbisi Azərbaycana qarşı kampaniyalar aparır. Bəs Koreyada vəziyyət necədir?

 

- Hazırda Koreyada təxminən 70 nəfər erməni yaşayır və onların əksəriyyəti 2005-ci ildən sonrakı dövrdə Koreyaya gəlib. Buna baxmayaraq, onlar 2011-ci ildən təşkilatlanmağa başlamış və 2018-ci ildə Erməni xeyirxahların baş ittifaqı (ABŞ-da yerləşir) gənc erməni peşəkarlarının Seul filialını yaratmağa nail olmuşlar. Sözügedən təşkilat daha çox Koreyada təhsil almaq və çalışmaq istəyən ermənilərə müvafiq məsləhətlərin verilməsi, Koreyaya yeni gələn ermənilərə adaptasiya dövründə bələdçilik edilməsi, Koreyaya daha çox ermənini gətirmək üçün onların ailələrdə yaşayış yeri ilə təminatı və müvafiq peşə təlimlərinə cəlbi, habelə Seulda yeni açılan vakansiyalar və məşğulluq imkanları barədə həm Koreyadakı, həm də Ermənistandakı ermənilərin məlumatlandırılması kimi işləri görür.

 

 Təşkilatın fəaliyyətinə həmçinin, Ermənistan ilə Koreya “könül bağları” qurmaq, müvafiq sahələr üzrə Koreya KİV-də Ermənistan və erməni diasporunun maraqlarına uyğun məlumatların yayılması, bir sözlə, Koreyada ölkənin görüntüsünün artırılması daxildir.  

    

Lakin qeyd etmək lazımdır ki, Koreyada Ermənistan səfirliyinin və ya fəal erməni diasporunun olmamasına baxmayaraq, 44 günlük Vətən Müharibəsi dövründə bəzi Koreya KİV-lərində və sosial şəbəkələrdə Azərbaycan və Türkiyə əleyhinə kampaniyanın aparılması müşahidə edilib. Apardığımız araşdırmalarımız nəticəsində bu kampaniyanın arxasında, bir sıra Qərb ölkələrində də müşahidə edilmiş məlum mexanizm və dairələrin dayandığı məlum olmuşdur. Ümumiyyətlə, hesab edirəm ki, müasir dövrdə Azərbaycanı istəməyən və ya ölkəmizə düşmən olan qüvvələrin yalnız Ermənistan və ya erməni diasporu ilə məhdudlaşdığını düşünmək həqiqəti əks etdirmir. Hər halda cənab Prezident tərəfindən istər münaqişə, istərsə də post-münaqişə dövründə verilmiş məsajlarda həmin ünvanlar aydın formada göstərilmişdir.

 

 

   - Koreyada yaşayan azərbaycanlılar daha çox hansı sahələrdə çalışırlar?

  

- Koreyada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının bir çoxu Koreyanın Samsung, LG, Hyundai, Naver kimi aparıcı şirkətlərində fəaliyyət göstərirlər. Hazırda konsulluq qeydiyyatından keçmiş bir Azərbaycan vətəndaşı Azərbaycan məhsullarının Koreyaya ixracını həyata keçirir.

  

Bununla yanaşı qeyd etməliyəm ki, savadlı və yaxşı təhsil almış, Koreya dilini bilən gənclərimiz üçün Koreyada geniş iş imkanları mövcuddur. Bu istiqamətdə artıq Koreyada yaşayan və işləyən vətəndaşlarımız ilə birlikdə məlumatlandırma tədbirləri və vorkşoplar həyata keçirilib. Lakin arzu edirəm ki, gələcəkdə bu imkanlar barədə daha çox sayda perspektivli və vətənpərvər gənclərimizin məlumatlandırılması üçün işlək və effektli mexanizmlər, şəbəkələr qurulsun. Nəticə etibarı ilə, vətənpərvər və dövlətini sevən gənclərimizin xarici şirkətlərdə uğur əldə etmələri Azərbaycanın ümummilli maraqlarına cavab verən amildir.     

 

 -Azərbaycan koreyalı turistlər üçün yeni bir məkan ola bilər. Bunun üçün hansı addımlar atılmalıdır?

 

 -Pandemiyadan əvvəlik son bir neçə il ərzində Azərbaycana və ümumilikdə Cənubi Qafqaz ölkələrinə səfər edən koreyalı turistlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilmişdir. Azərbaycana münasibətdə sözügedən artım 2019-cu ildən  öncəki illə müqayisədə 30 faiz təşkil etmişdir.

 

 Ümumiyyətlə, Azərbaycana koreyalı turistlərin daha çox sayda cəlb edilməsi üçün imkanlar mövcuddur. Bu xüsusda, tərəfimizdən Koreyanın bir sıra turizm şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşlər və regionumuza səfər etmiş koreyalı turistlərin öz səyahət bloqlarında ölkəmiz haqqında yazılan şərhlər əsasında təhlillər aparılıb. Təhlillərimizə əsasən, ölkəmizə səfər edən koreyalı turistlərin sayının artmasının əsas səbəbləri bunlardır: ümumvətəndaş pasportuna malik Koreya vətəndaşlarına münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiqi, Koreya ictimaiyyəti arasında müxtəlif təbliğat vasitələri ilə ölkəmiz barədə məlumatlılığın artırılması, Koreyanın turizm şirkətlərinin əsasən 3 Cənubi Qafqaz ölkəsinə paket şəklində səyahət turları təşkil etməsi.

  

Bu çərçivədə qeyd etməliyəm ki, xüsusilə 2018-2019-cu illərdə Azərbaycan Turizm Agentliyi ilə birgə Azərbaycanın turizm imkanların Koreyada tanıdılması istiqamətində məqsədyönlü və fəal iş aparılmışdır. Buraya, Koreyada keçirilən səyahət sərgilərində fəal iştirak, Koreyada geniş izləyici kütləsinə malik verilişlərin Azərbaycanda çəkilməsi və nümayiş etdirilməsi, həmçinin həmin verilişlərə Koreyada yaşayan fəal Azərbaycan gənclərinin dəvət edilmələri kimi işlər daxildir. Qeyd etməliyəm ki, 2020-ci ildə Koreyadan Azərbaycana ciddi sayda Koreyalı turistlərin axın etməsi gözlənilirdi və hətta Seul-Bakı birbaşa çarter reyslərin həyata keçirilməsi istiqamətində də işlər görülmüşdü.

 

 Bununla belə düşünürəm ki, post-pandemiya dövründə Azərbaycana Koreyadan daha çox sayda turistin cəlb edilməsi üçün imkanlar genişdir. Belə ki, Azərbaycanda Koreyalı turistləri cəlb edəcək çox saylı imkanlar, xüsusi halda dağ yürüyüşü marşurutları, qədim Alban kilsələri və digər dini-mədəni abidələr, qış xizək mərkəzləri və qolf sahələri mövcuddur. Bütün bu imkanların paket halında məqsədyönlü şəkildə Koreyalıların nəzərinə çatdırılması bəhs edilən turist axının artmasına şərait yaradacaq. O cümlədən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də mövcud olan yuxarıda qeyd olunan imkanlar yaxın perspektivdə Koreyada Azərbaycanın turizm imkanlarının tanıdılmasına töhfə verəcəkdir.

  

Koreyaya səfir kimi getdiyinizdə sizi inkişaf cəhətdən ilk heyrətləndirən nələr olmuşdu?

 

- Koreyalıların disiplinli və əzmkar olmaları. Düşünürəm ki, Koreyanın sürətli və uğurlu iqtisadi inkişafının arxasında dayanan ən əsas drayver insan amili olmuşdur. Heç bir təbii resursa malik olmayan və 70-ci illərin sonlarına qədər dünyanın ən az inkişaf etmiş ölkələrindən biri olan Koreyanın qısa müddət ərzində donor ölkəyə çevrilməsi və hazırda inkişaf etmiş ölkə statusuna sahib olmasını yalnız insan amili ilə əlaqələndirmək mümkündür.

  

Düzdür, bir sıra ekspertlər, bu sürətli inkişafı tətikləyən amillərdən biri kimi soyuq müharibə dövründə kapitalist ABŞ ilə sosialist SSRİ və Çinin qarşıdurması, bunun nəticəsində ABŞ və Yaponiyanın dəstəyi ilə Cənubi Koreyanın kapitalizmə keçid  edən iqtisadiyyatın uğur hekayəsi kimi təqdim edilməsində görürlər. Lakin istənilən halda xarici dəstəyin həcmindən asılı olmayaraq, fikrimcə, istənilən ölkənin inkişafında insan faktoru aparıcı rol oynayır. Bu çərçivədə koreyalıların məktəb yaşlarından başlayaraq disiplinli və əzmkar formada çalışmaları mənim üçün daim maraqlı olmuşdur. Təbii ki, koreyalıların təhsilin əhəmiyyətini dərk etmələri və bir-birləri ilə ən yaxşı təhsili almaq və ən yaxşı ali məktəbə daxil olmaq istiqamətində yarışmalarını Koreyanın insan kapitalına arxalanan inkişaf hekayəsinin əsas meyarı adlandırmaq olar.   

  

Bu çərçivədə ümid edirəm ki, Azərbaycanda da yeni nəsil insanlarımız rəqabətin gündən-günə daha da artdığı, qlobal miqyasda çağırışların çoxaldığı, insan bilik və bacarıqlarının yeniliklərə nail olması üçün hədsiz imkanların mövcud olduğu 21-ci əsr reallıqlarını daha yaxşı anlayacaq, dövlətimizin daha da güclənməsi, qüdrətlənməsi və həmçinin fərd olaraq özlərinin inkişafında təhsilin, elmin, disiplinli və əzmkar olmağın əhəmiyyətini daha yaxşı dərk edəcəklər. İkinci Qarabağ müharibəsində Azərbaycanın əleyhinə olan bütün qüvvələrə baxmayaraq, Ali Baş Komandanımız və müzəffər ordumuzun əzmkarlığı, qətiyyəti və rəşadəti nəticəsində qalib gəlməyimiz, yaxın və uzaq perspektivdə dövlətimizin üzləşəcəyi yeni çağırışlar və maneələrə qarşı da eyni əzmkarlıqla mübarizə aparmağımızın labüdlüyünü göstərmişdir.

 

 Fikrimcə savadlı və yaxşı təhsil almış kadrların hazırlanması və xalqımızın əzmkarlığı nəticəsində cənab Prezident İlham Əliyevin Azərbaycanın yeni iqtisadi inkişaf konsepsiyasının uğurla həyata keçirilməsinə və bütün sahələrdə Azərbaycanın dayanıqlı inkişafına nail olmaq mümkündür.            

 

 - Hazırda nə qədər azərbaycanlı Koreyada yaşayır?

 

  

-Koreyada təxminən 200 nəfərə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyətini tələbələr və əvvəllər bu ölkədə təhsil almış, daha sonra ölkənin nüfuzlu şirkətlərində çalışan vətəndaşlarımız təşkil edir. Hazırda Koreyada yeganə diaspor təşkilatı kimi fəaliyyət göstərən BUTA Azərbaycan-Koreya Dostluq Assosiasiyası 21 mart 2009-cu ildə təsis edilmiş, 10 fevral 2015-ci il tarixində Koreyada qeyri-kommersiya məqsədli təşkilat kimi rəsmi qeydiyyatdan keçmişdir.

  

Təşkilat yarandığı gündən bu günədək Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların, eləcə də keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərinin Koreya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra işlər görmüşdür.

 

Səfirliyimiz BUTA Assosiasiyası ilə sıx əlaqədədir və təşkilatın bir sıra tədbirlərinin təşkil olunmasında bilavasitə iştirak edir.

  

 - Bildiyimiz kimi, Koreyada ilin ən yaxşı səfiri seçildiniz.  Maraqlıdır, Azərbaycan və Koreya arasında mədəniyyət sahəsi üzrə indiyə qədər hansı işlər görülüb? Planda nələr var?

 

 - Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan və Koreya arasında mədəniyyət sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin inkişafında xüsusi yer tutur. Bu çərçivədə ötən illər ərzində Azərbaycan mədəniyyətinin və reallıqlarının tanıdılması istiqamətində çoxsaylı uğurlu layihələr həyata keçirilmişdir. Buraya Koreyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, milli film festivalları, milli mətbəx günləri, muğam və klassik Azərbaycan musiqisi konsertləri, milli geyim və Azərbaycan xalçalarının nümayişi kimi sərgilərin təşkil olunması daxildir.

  

Bu cür mühüm mədəni tədbirlərin keçirilməsində ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, tarixi və reallıqlarının dünya miqyasında, o cümlədən Koreyada tanıdılması işinə verdiyi dəstək son dərəcə əhəmiyyətlidir. Xüsusi halda, Heydər Əliyev Fondunun dəstəyi ilə 2017-ci ildə Beynəlxalq Arxitekturlar İttifaqının Seulda keçirilmiş konfransı ərəfəsində keçirilmiş Azərbaycan tanıtımı gününü xüsusi ilə qeyd etmək istərdim. Sözügedən tədbir konfrans iştirakçıları ilə yanaşı koreyalı dostlarımızı və Seuldakı diplomatik korpus tərəfindən böyük məmnunluq ilə qarşılanmışdır.

  

Bundan əlavə, Koreyada son illər ərzində keçirilmiş mühüm mədəni tədbirlər sırasında, Koreyanın Qyonqcu şəhərində keçirilmiş “İpək Yolu Festivalına” 2015-ci ildə ilk dəfə Azərbaycanın dəvət olunmasını qeyd etmək istərdim. Qəbələ və Qyonqcu şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasından sonra regionlar arası əməkdaşlıq çərçivəsində baş tutmuş sözügedən tədbirdə Azərbaycan böyük nümayəndə heyəti ilə iştirak etmiş və Azərbaycan mədəniyyət xadimlərinin çıxışları festival iştirakçılarında, o cümlədən tədbirdə iştirak etmiş Koreyanın yüksək səviyyəli dövlət rəsmilərində böyük məmnunluq hissi yaratmışdı.

  

Qeyd edim ki, həmin festivalda Azərbaycanın yüksək səviyyədə təmsil olunması ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyəti Fondunun dəstəyi və SEBA- Azərbaycan-Koreya Mədəniyyət mübadiləsi assosiasiyasının təşkilatçılığı ilə mümkün olmuşdur.

 

Mədəniyyət sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafını stimullaşdıran əsas mexanizmlərdən biri kimi Səfirliyimiz və ölkəmizin aidiyyəti qurumları ilə Koreya Xarici İşlər nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Fondu arasında 2013-cü ildən etibarən qurulmuş əməkdaşlıq əlaqələrini qeyd etmək istərdim. Belə ki, məhz həmin əməkdaşlığın nəticəsində 2014-2015-ci illərdə Bakı və Seulda Koreya və Azərbaycanın film festivalları, 2015-ci ildə Seulda Azərbaycan klassik musiqi konserti, 2018-ci ildə isə  Seul şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xalçalar-Azərbaycanın inciləri” adlı Koreyada ilk Azərbaycan xalçaları sərgisi keçirilmişdir.

  

Bundan əlavə, sözügedən əməkdaşlıq çərçivəsində  Koreya Fondunun təşkilatçılığı ilə keçirilən “Qlobal film həftəsi” çərçivəsində Azərbaycan filmlərinin nümayişi, Azərbaycan nağılları və hekayə kitablarının Koreya dilinə tərcüməsi və nəşr edilməsi kimi mühüm layihələr həyata keçirilmişdir.

  

Mədəniyyət sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək digər mexanizmlər kimi, Səfirliyimizin son illər ərzində Asiya Mədəniyyət Mərkəzi və Koreya Mədəniyyət Assosiasiyası ilə qurduğu fəal əməkdaşlıq əlaqələrini qeyd edə bilərəm. Belə ki, sözügedən Koreya mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildə AXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş Azərbaycan milli geyimləri sərgisini, Koreyanın Qvanqcu şəhərində keçirilmiş Azərbaycan xalça toxuma sənətinin koreyalılara nümayiş etdirilməsi tədbirini və bu yaxınlarda koreyalı rəssamın illüstrasiyası əsasında Koreya, Azərbaycan və İngilis dillərində nəşr olunmuş uşaq nağılları yazıçısı Sevinc Nuruqızının "Süreyyanın izində" hekayəsi kitablarını qeyd edə bilərəm.

  

Son olaraq yalnız Azərbaycan və Koreya arasında deyil, Koreya ilə Türk dilli ölkələr arasında mədəni sahədə gələcək əməkdaşlığa mühüm töhfə verəcək “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” barədə məlumat vermək istərdim. Türk dilli dövlətlər ilə Koreyanın birləşdirən linqvistik və tarixi əlaqələrin əhəmiyyətindən çıxış edərək, 2015-ci ildə Səfirliyimiz tərəfindən Koreya Xarici İşlər nazirliyi ilə aparılmış danışıqlar nəticəsində Koreya XİN-in mədəniyyət mübadiləsi proqramı çərçivəsində növbəti illərdə Koreyada “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” adlı mədəni tədbirlərin keçirilməsi razılaşdırılmışdır. Məhz bir il sonra, 2016-cı ildə Koreyada ilk dəfə sözügedən Festival uğurla keçirilmiş və Azərbaycan həmin tədbirdə yüksək səviyyədə təmsil olunmuşdur.

 

Bir daha qeyd edim ki, “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” artıq Koreya XİN-nin mədəniyyət mübadiləsi proqramına daxil edilmişdir və növbəti illərdə də sözügedən festivallar keçiriləcəkdir.

 

Sonda, fürsətdən istifadə edərək, Koreyada Azərbaycana dair mədəniyyət tədbirlərinin yüksək səviyyədə keçirilməsində Səfirliyimizə dəstək olmuş, başda ölkəmizin Birinici-Vitse Prezidenti Mehriban xanım Əliyeva olmaqla, Heydər Əliyev Fonduna, AR Mədəniyyət nazirliyinə, SEBA- Azərbaycan-Koreya Mədəniyyət mübadiləsi assosiasiyasına, Bakı milli geyim evi, Azərxalça ASC-yə və digər qurumlara təşəkkür etmək istərdim.    

 

- Koreyaya gedəndə yerli sakinlərin altay türkləri ilə kök bağlılıqlarını hiss etdinizmi?

 

-Koreya ilə türk xalqları arasında bir çox oxşar cəhətlər var. Əgər linqvistik baxımdan yanaşsaq, Koreya və türk xalqlarının dilləri, o cümlədən Azərbaycan dili Ural-Altay dil ailəsinə aiddir. Məhz bu səbəbdən, Azərbaycan və Koreya dillərinin qrammatik quruluşu eynidir. Digər tərəfdən hər iki dildə istifadə olunan oxşar sözlərə də rast gəlmək mümkündür. Məsələn, Koreyanın qədim krallıqlarından biri olmuş Şilla dövründə hökmdar mənasını ifadə edən “han” kəlməsi istifadə olunub, hansı ki, məna baxımından Azərbaycanda da geniş istifadə olunan “xan” titulu ilə oxşarlıq təşkil edir. Bildiyiniz kimi, Koreya dövləti ərazisindən keçən ən böyük çayın da adı “Han” çayıdır. Bəzi tədqiqatçılar Koreya və Türk dillərinin eyni kökdən gəldiyini və səkkiz min il bundan əvvəl ayrıldıqlarını iddia edirlər. Koreyada olduğum müddətdə apardığım müşahidələr məndə bu tezisin reallığa yaxın olduğu fikrini formalaşdırmışdır.   

 

Digər tərəfdən Azərbaycan və Koreyanın mədəni dəyər və adətlərində də yaxınlıq müşahidə edilə bilər. Böyüklərə və yaşlılara olan hörmət və ehtiram, evə daxil olarkən ayaqqabıların çıxarılması, yerdə əyləşmək, bir süfrə arxasında ailə fərdlərinin birlikdə yerdə əyləşərək yemək yeməsi kimi oxşarlıqları tapmaq çətin deyil.

  

Eyni zamanda musiqi alətləri və musiqi tonları arasında oxşarlıqların olmasını da müşahidə etmişik. Belə ki, 2016-ci ildə Koreyada keçirilmiş İpək Yolu Festivalının açılış mərasimində Azərbaycan və Koreyalı rəqqasların və musiqiçilərin birlikdə ifası olduqca maraqlı alınmışdı. Həmin vaxt konsertin təşkilatçıları mənə demişdilər ki, Azərbaycan və Koreya musiqisi və ritmləri o qədər bir-birinə oxşayır ki, rəqqaslar və musiqiçilər cəmi iki-üç məşqdən sonra mükəmməl formada birlikdə ifa etmək bacarığını nümayiş etdirdilər.

 

Həmçinin arxeoloji qazıntılar və tarixi tədqiqatlar, koreyalılar ilə Asiya hunları və türk xalqları arasında əlaqələrin mövcud olmasını göstərməkdədir. Xüsusi halda Koreyanın qədim Şilla dövrünə aid bəzi qədim məzarlıqlardan tapılmış qalıntılar Altay bölgəsindəki tapıntılar ilə oxşarlıq təşkil edir. Digər tərəfdən Şilla krallığının paytaxtı olmuş Qyonqcu şəhərində, türk xalqlarının da dəfn etmə qaydalarında geniş istifadə olunmuş və həmçinin Azərbaycanda da mövcud olaq qədim kurqanlara rast gəlinir. Məhz bu cür oxşarlıqları nəzərə alaraq, 2016-cı ildə qədim Şillanın paytaxtı olmuş Qyonqcu şəhəri ilə qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərlərinin qardaşlaşması həyata keçirilmişdir.

   

Bununla belə qeyd olunmalıdır ki, yuxarıdakı yaxınlıq münasibətləri haqqında həm Azərbaycanda, həm də Koreyada nisbətən məlumatsızlıq var və bu sahədə elmi tədqiqatların aparılmasına ciddi ehtiyac var.

 

 

- Səfir olduğunuz müddətdə iki ölkə arasında fəaliyyətinizdə hansı sahələr prioritet təşkil edir?

 

- Bilindiyi kimi ötən illər ərzində Azərbaycan diplomatiyasının qarşısında dayanmış ən böyük tapşırıqlardan birincisi keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və haqlı mövqeyimizin dəstəklənməsi olmuşdur. Cənab Prezidentin də qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsində bəzi istisnalar olmaqla, ümumilikdə dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq prinsipləri rəhbər tutaraq öz ərazi bütövlüyünü hərbi yol ilə bərpa etmək hüququnun əleyhinə çıxmamışdır. Lakin Azərbaycanın əldə etdiyi möhtəşəm qələbənin Ermənistan, erməni diasporu və lobbisi, həmçinin onlara dəstək bəzi dairələr tərəfindən rahat həzm edilməyəcəyi və bu səpkidə Azərbaycana qarşı hücumların davam edəcəyi istisna edilmir. Bu baxımdan post-münaqişə dövründə Azərbaycan və region ilə bağlı həqiqətlərin beynəlxalq ictiamiyyət, o cümlədən Koreya cəmiyyətinin diqqətinə çatdırılması işini davam etdirəcəyik.

 

Digər mühüm prioritet sahə isə Azərbaycan və Koreya arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi olacaqdır. Son dövrlər cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatlar, münaqişənin başa çatması və Azərbaycanın yalnız regionumuzda deyil dünya miqyasında artan nüfuzu, regionda baş verən geosiyasi dəyişiklər zəminində Azərbaycanın strateji əhəmiyyətinin daha da güclənməsi ölkəmizə xarici sərmayələrin, o cümlədən Koreya investisiyalarının cəlb olunmasını stimullaşdırmışdır. Bununla yanaşı Azərbaycanda həyata keçirilən layihələrdə Koreya şirkətlərinin iştirak etmək istəklərinin artacağı, Azərbaycanda həyata keçirilən islahatlar və quruculuq işləri çərçivəsində inkişaf etmiş Koreya təcrübəsinin öyrənilməsinə də marağın artacağı ehtimal edilir. Digər tərəfdən Azərbaycanda istehsal olunan məhsulları alıcılıq gücü olduqca yuxarı olan Koreya bazarına çıxarılması istiqamətindəki səylərimizin də artacağını ehtimal edirəm.

 

Qeyd olunan hər iki sahə ilə yanaşı mədəniyyət, turizm, səhiyyə, təhsil kimi humanitar sahələrdə də yeni əməkdaşlıq imkanlarının ortaya çıxarılması, yeni təşəbbüslərin göstərilməsi, sözügedən sahələrdə artıq formalaşmış mexanizmlərdən daha fəal istifadə edilməsi də prioritet əhəmiyyət kəsb edəcəkdir.

  

Təbii ki, yuxarıda qeyd olunan sahələrdə əməkdaşlığın inkişafında Səfirliklərin fəaliyyəti ilə yanaşı dövlət qurumları arasında təmaslar və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

  

Ümid edirəm ki, post-pandemiya dövründə, xüsusilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyimiz 2022-ci ildə yuxarıda göstərilən istiqamətlər üzrə bir çox nailiyyətlərin şahidi ola biləcəyik.

 

Onu da qeyd edim ki, hazırda tərəfimizdən Azərbaycan-Koreya diplomatik münasibətlərinin qurulmasının 30 illik yubileyi münasibətilə görüləcək işlər və həyata keçirilməsi mümkün olan tədbirlərə dair təkliflər hazırlanır.       

  

-Yaxın zamanlarda iki ölkə arasında yeni sazişlərin imzalanması planlaşdırılır?

  

- Azərbaycan və Koreya arasında demək olar ki bütün əməkdaşlıq sahələrini əhatə edən müqavilə-hüquq bazası mövcuddur. İndiyədək tərəflər arasında 67 sənəd imzalanmışdır. Lakin bu davam edən prosesdir və qarşılıqlı maraqlılıq əsasında sözügedən bazanın daha da genişləndirilməsi və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcək sənədlərin imzalanmasına baxılır.

  

Həmçinin qeyd etmək istəyirəm ki, son dövrlərdə Koreya və Azərbaycanın dövlət və ya özəl qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi və ya hansısa sahədə birgə layihələrin icrası ilə əlaqədar Anlaşma Memorandumları və digər funksional sənədlər imzalanır. Buna misal kimi, bu yaxınlarda AR Kənd Təsərrüfatı nazirliyi nəzdində Tərəvəzçilik elmi tədqiqat institutu ilə Koreyanın Farmconnect şirkəti arasında yüksək texnologiyalara əsaslanan ağıllı fermerlik sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşmanı göstərə bilərəm. Bu səpkidən olan sənədlər il ərzində müxtəlif sahələrdə imzalanmaqdadır və fikrimcə, ikitərəfli əlaqələrin inkişafına töhfə verməsi və funksionallıq baxımından bu cur sənədlərin daha çox imzalanması arzu ediləndir. Yaxın perspektivdə səhiyyə, icbari tibbi sığorta, əczaçılıq kimi sahələrdə yeni əməkdaşlıq formatlarının yaranmasının və müvafiq sənədlərin imzalanmasının şahidi ola bilərik.  

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır