Modern.az

Komitələrin payız hazırlığı: Azad olunmuş ərazilərlə bağlı yeni layihələr olacaq

Komitələrin payız hazırlığı: Azad olunmuş ərazilərlə bağlı yeni layihələr olacaq

Parlament

3 Avqust 2021, 08:52

Sentyabr ayında Milli Məclis ənənəvi olaraq payız sessiyasına start verəcək. Aktiv müzakirələrlə keçən yaz sessiyasında bir çox qanun layihələrinin hazırlanmasının və müzakirəsinin şahidi olduq. Bunlardan ən yaddaqalanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə bağlı qanun layihəsinin qəbul olunması idi.

 

Eyni zamanda deyə bilərik ki, Milli Məclisin yaz sessiyası dövründə fəaliyyəti kifayət qədər məhsuldar oldu. Ali qanunverici orqanın payız sessiyasında da bir sıra mühüm layihələri müzakirəyə çıxaracağı gözlənilir.

 

- Milli Məclisin komitələri növbəti sessiyaya necə hazırlaşır? Hansı qanunlar payız sessiyasına saxlanıldı? Payızda yeni qanunlar gözlənilirmi?

 

 

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a komitənin payız hazırlığı haqqında danışıb. Sədr bildirib ki, əvvəlki sessiyada komitə üzvlərinin masasının üzərində yarımçıq qanun layihəsi qalmayıb, bütün işlər planla həyata keçirilir:

 

“Biz bütün məsələləri növbədənkənar sessiya da daxil olmaqla müzakirə edib bitirdik. Yeganə qida təhlükəsizliyi haqqında yeni qanun layihəsi hazırlanacaqdı ki, bu tamamlanmadı. Qanun layihəsini müvafiq orqanlar, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb, komitəyə təqdim edəcəkdilər. Bir neçə dəfə maraqlandıq, amma tam hazır olmadığını qeyd etdilər. Bu çox geniş qanun layihəsi olacaq və beynəlxalq standartlara cavab verməlidir. Çalışacağıq ki, payız sessiyasında həmin layihəni müzakirəyə təqdim edək”.

 

Komitə sədri onu da bildirib ki, payız sessiyasında azad olunmuş ərazilərlə bağlı aqrar sahəni əhatə edən qanun layihələri gündəmə gətirilə bilər.

 

“Azad olunmuş ərazilər aqrar cəhətdən mühüm əhəmiyyət kəsb edir. Ona görə, sözsüz ki, yeni sessiyada azad olunmuş ərazilərdə aqrar sahənin yenidən inkişaf etdirilməsi ilə bağlı layihələr, dəyişikliklər və düzəlişlər müzakirə olunmalıdır. Bölgədə iqtisadi zonaların yaradılmasından sonra xüsusilə yeniliklərin olacağını istisna etməməliyik”.

 

Qeyd: Milli Məclisin digər komitələrinin də payız sessiyası ilə bağlı fəaliyyət planlarını təqdim edəcəyik.

 

Bundan əvvəl Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız hazırlığı ilə maraqlanmışdıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı