Modern.az

Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil”

Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil”

Təhsil

3 Avqust 2021, 10:19

Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Kredit Fondu yaradılıb. Belə bir Fondun yaradılması ölkəmizdə təhsilin inkişafına təkan verəcək vacib addım kimi qiymətləndirilir.

 

Bəs, təhsil mütəxəssisləri nə düşünürlər: İmkansız tələbələrin kreditlə təmin olunması təhsil sistemində dəyişikliyə gətirib çıxara biləcək? Yaxud, yeni Fond tələbələr üçün əlçatan olacaqmı?

 

 

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında tələbələrə ayrılacaq kredirlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib.

 

Ekspertin sözlərinə görə, kreditdən istifadə eləmək hüququna malik olan insanların kateqoriyası məhddudur:

 

“İlk növbədə onu qeyd edim ki, Təhsil Tələbə Kredit Fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən vətəndaşlara böyük dəstək olacaq. Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya baxdıqda mübahisəli məqamların olduğu nəzərə çarpır.

 

Tələbələr birinci tədris ilinin ilk semestrindən başlayaraq Təhsil Tələbə Kredit Fondunun vəsaitindən istifadə edə bilərlər. Təhsil Tələbə Kredit Fondunun kredit vermə meyarları iki istiqamətdə olacaq. 1-ci qrup, yəni sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək. 2-ci qrup - öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq. Amma bundan istifadə etmək hüququna malik olan insanların kateqoriyası çox dardır.

 

Çatışmazlıq ondan ibarətdir ki, ümumi orta müvəffəqiyyət göstəricisi qoyulub. Yəni ortalama balı 71-dən yüksək olan tələbə kreditdən istifadə edə bilər. Bu, doğru yanaşma deyil. Düzdür, bu qayda tələbələrin ümumi ortalamasının yüksəlməsi üçün şərait yaradacaq. Amma bütün hallarda məhdudiyyət qoymaq lazım deyil. Çünki o insanların bəlkə də özündən asılı olmayan səbəblərdən ortalama balı aşağıdır. Qaydalara əsasən, standart kredit almaqdan ötrü sizin orta müvəffəqiyyət göstəriciniz 71 baldan aşağı olmamalıdır. Mənə görə, 71 bal məhdudiyyətinin olmasına ehtiyac yoxdur”.

 

 

 

K.Əsədov qaydalarda müəyyən dəyişikliklər etməyə ehtiyac olduğunu vurğulayıb:

 

“Eyni zamanda, bütün təhsil haqlarına kreditlər verilmiyəcək. Kredit Fondu tərəfindən təhsil haqqı 2500-3000 manat olan tələbələrə kredit şamil ediləcək. Mənim fikrimcə, yüksək təhsil haqqı alanlar da bundan istifadə etməlidir.

 

Ən vacib məqam kreditin geri qaytarılma müddətidir. Bu müddət 10 il aralığında müəyyənləşib. Hesab edirəm ki, bu kifayət qədər yaxşı haldır.

 

Kreditlər üçün hər hansı güzəşt, zamin, öhdəlik tələb olunmayacaq. Ən əsas kredit sığortalanır və əgər kredit götürmüş şəxs ödəmə qabiliyyətini itirirsə, dövlət tərəfindən ödənilir.

 

Təhsil kreditləri yalnız əyani oxuyan tələbələrə verilir. Düşünürəm ki, qiyabi təhsil alan tələbələr də bundan yararlanmalıdır. Təklif edirəm ki, qaydalarda müəyyən dəyişikliyə və daha da sadələşdirməyə ehtiyac var”.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?