Arxiv
3 Avqust 2021, 11:16 | PARLAMENT
Kamran Əliyev deputatın polisi döyməsindən danışdı - VİDEO

Bəzi məsələlərdə hamımız çox diqqətli olmalıyıq. Bütün bəşəriyyət koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda bu, daha çox diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə koronavirusla mübarizə istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu istiqamətdə mühüm işlər görür. Nazirlər Kabineti nəzdində yaradılan Operativ Qərargah da bu istiqamətdə koordinasiyalı şəkildə fəaliyyət göstərir. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

 

Baş prokuror bildirib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlərdə Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür.

 

Kamran Əliyev qeyd edib ki, Milli Məclisin deputatı Eldəniz Səlimov iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyevə xidməti vəzifələrinin icrası zamanı zor tətbiq edib və Daxili İşlər Nazirliyi məsələnin araşdırılması üçün materialları Baş Prokurorluğa təqdim edib.

 

Toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

“Məsələnin mənəvi, etik və hüquqi tərəfi var. Deputatın bu hərəkəti yolverilməzdir. Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir. Təqdimatın təmin olunmasını xahiş edirəm”, - Baş Prokuror bildirib.

 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv