Arxiv
3 Avqust 2021, 11:38 | PARLAMENT
“Bunlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir”

“Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə müzakirələr əsassızdır. Həmçinin Milli Məclisin fəaliyyətinə kölgə salan çıxışlar da olur. Bütün bunlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir”.

 

Bu sözləri Modern.az-a deputat Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, altıncı çağırış Milli Məclis səmərəli fəaliyyətinin təşkili və parlamentin ictimai nüfuzunun artırılması istiqamətində vacib tədbirlər həyata keçirilib:

 

“Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatları aparılıb. Kadr islahatları çərçivəsində əsasən gənc və savadlı kadrlar, həmçinin Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkilib. Məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulması, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil olunmasıdır.

 

Ötən dövrdə Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanıb, seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirib, seçicilərlə sıx təmasda olmağa çalışıblar. Demək olar ki, bütün deputatlarımız karantin rejiminə əməl etməklə, seçicilərlə görüşlər keçirib, müasir texnologiyalardan faydalanaraq onlarla ünsiyyət qurublar. Deputat köməkçilərinin işi yenidən qurulub, seçici müraciətlərinin araşdırılması, seçicilərlə daimi təmasların həyata keçirilməsinə xüsusi diqqət yetirilib”.

 

Deputat onu da əlavə edib ki, Vətən Müharibəsi dövründə Milli Məclisin fəaliyyəti daha çox təqdirəlayiq hal alıb:

 

“Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları 2-ci Qarabağ müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub. Azərbaycan Respublikası Milli Məclisi şanlı ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb. Parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilib. Milli Məclisin əksər deputatları müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar edib, sosial şəbəkələrdə fəallıq göstəriblər.

 

Milli Məclisin beynəlxalq fəaliyyəti də diqqət mərkəzində olub. Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə 82 ölkənin parlamentləri ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və bir ikitərəfli komissiya fəaliyyət göstərir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv