Modern.az

İşgəncələrə məruz qalan qadın qətlə yetirildi

İşgəncələrə məruz qalan qadın qətlə yetirildi

3 Avqust 2021, 17:28

Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xəzər rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını öyrənib:

 

“Füzuli Qarayev oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb. Daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”.

 

Rəsmi məlumata görə, Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edək ki,  mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi.

 

Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər. Onlar qadına köməklik göstərilməsi və ərinin təzyiqlərinin dayandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etsələr də, nəticə olmadığını bildirirdilər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir