Modern.az

Ermənilərin nifrət çıxışları ilə bağlı ÇAĞIRIŞ

Ermənilərin nifrət çıxışları ilə bağlı ÇAĞIRIŞ

4 Avqust 2021, 07:39

“Ermənistanda və onun xaricində erməni əsilli ekstremist qüvvələr tərəfindən uzun illər Azərbaycanlılara qarşı aparılan nifrət siyasəti regionda sülhə ciddi zərbə vurur. Bunun nəticəsidir ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, 2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatla bu işğala və iki ölkə arasında münaqişəyə son qoyan 44 günlük müharibə bitib:

 

“Ancaq təəssüflər olsun ki, Ermənistan siyasi liderləri tərəfindən bu gün də təbliğ edilən Azərbaycanfobiya siyasəti dayanıqlı sülh üçün həyata keçirilən səylərə çox ciddi maneə təşkil etməkdədir.

 

Ələlxüsus sosial media vasitələri ilə etnik mənsubiyyəti azərbaycanlı olan şəxslərin ünvanına nifrət və kin dolu ifadələrin işlənməsi, siyasətçilər tərəfindən nifrət çıxışlarının edilməsi Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüz bir mühitin formalaşmasına səbəb olur.

 

Bu vəziyyət İnsan Hüquqları üzrə Müvəkkil olaraq məni ciddi narahat edir.

 

Hesab edirəm ki, Ermənistan hökuməti götürmüş olduğu beynəlxalq öhdəliklərinə riayət etməli, etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verməməli və azərbaycanlılara qarşı nifrət siyasətindən tez bir zamanda əl çəkməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir