Arxiv
4 Avqust 2021, 09:15 | QARABAĞ
Erməni goreşənliyinin dəhşətli izləri: Qəbirlərimizi niyə qazıblar?    

Düşmən işğalından azad olunan ərazilərimizdə erməni vandallığının izləri görənləri dəhşətə gətirir. Erməni barbarları 30 ilə yaxın müddətdə işğalda saxladıqları şəhər və rayonlarımızı dağıdıb, binaları söküb, bütün yaşayış evlərini yerlə-yeksan ediblər. Bu azmış kimi milli-mənəvi abidələr talan olunub, məzarlıqlar dağıdılaraq xarabalığa döndərilib.

 

İnsanlığa sığmayan erməni vəhşiliyinin ürəkdağlayan mənzərəsi məzarlıqlarda daha aşkar görünür. İlk baxışda məzarların niyə məhz baş hissədən qazılması suallar doğurur.

 

Məlum olur ki, ermənilər meyitlərdəki qızıl dişləri ələ keçirmək üçün məzarları baş tərəfindən söküblər.

 

 

İşğaldan azad edilmiş yerlərin hər birində belə mənzərənin şahidi olmaq mümkündür. Qəbirlərin içində qiymətli əşyalar axtaran düşmən faktiki olaraq əksər məzarları dağıdaraq yerlə bir edib. Məzarlıqları talamaqdan çəkinməyən mənfur ermənilər hətta qəbirlərdən insan sümüklərini də çıxararaq özləri ilə aparıblar.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Modern.az-a bildirib ki, müharibələrdə hər zaman qənimət məsələsi aktual olub, lakin ermənilərin etdikləri insanlıqdan kənardır.

 

Onun sözlərinə görə, ermənilərin Azərbaycana qarşı təcavüzündə qarşılaşdığımız əsas məqamlardan biri ondan ibarətdir ki, onlar digər ölkələrin müharibələrdə göstərdiyi qənimət məsələsi ilə müqayisədə nəinki üzdə olan maddi sərvətlərimizi talan edib, habelə yerin altında olan, dünyasını dəyişən insanlarımızı belə talan etməkdən  çəkinməyiblər.

 

“Bu, erməni faşizminin iç üzünü göstərən əsas sübutlardan biridir. İşğaldan azad olunan bölgələrə həm səfərlər təşkil edərkən, həm də bunu KİV-dən, sosial şəbəkələrdən gördük ki, ermənilər məzarlıqlarla bağlı çox böyük vandallığa yol veriblər. Ağdamda iki bacının məzarı arasında post qazdıqlarının şahidi olduq. Bütün işğaldan azad olunan ərazilərdə bu cür vandallığın şahidi olmuşuq. Onların qəbirləri qazmaqlarının məqsədi ölülərin üzərində qızıl və ya hansısa dəyərli bir əşya axtarmaqdır. Məqsəd orada olan bu cür maddi əşyaları ələ keçirməkdir. Bu eyni zamanda ermənilərin yırtıcılığının başqa bir təzahürüdür. Düşünürəm ki, məqsədləri tək qızıl axtarmaq deyil. Müharibə zamanı qəbul olunmuş qaydalar var. Bütün bunlar ermənilərin dünya mədəniyyətindən nə qədər uzaqlaşdıqlarını, onların sadəcə hərbi cəhətdən deyil, mədəni, sosial, dini və s. cəhətlərdən də sərhəd tanımadıqlarını ortaya qoyur”.

 

 Milli Məclisin Xocalından olan deputatı Elman Məmmədovun sözlərinə görə, ermənilər azərbaycanlıların meyitlərindən də qisas alıblar.

 

Deputat qeyd edib ki, ermənilər qəbirlərə qarşı düşmən mövqedən yanaşıb, dəhşətli vandalizm hərəkətləri törədiblər.

 

“İnsan belə hərəkət edə bilməz. Bunlarda bizə qarşı nə qədər kin-küdurət, düşmənçilik var ki, həlak olan insanlarımızın məzarlarına qarşı düşmənçilik ediblər. Onların qəbirləri qazdıqlarını görmək olar. Həmin qəbirlərdə qızıl diş və yaxud başqa qiymətli əşyalar axtarıblar. Bununla yanaşı heyflərini qəbirlərdən çıxmaq məsələsi də var. İşğal dövründə ermənilər bir çox qəbiristanlıqları tamamilə dağıdıblar. Həmçinin, qara mərmər daşları, bahalı qəbirüstü daşların hamısını Ermənistana daşıyıblar. Bunlardan qənimət kimi istifadə ediblər. Bizə qarşı hər cür düşmənçilik ediblər. İşağldan azad olunan ərazilərin hamısında qəbiristanlıqların, ziyarətgahların və müqəddəs yerlərin məhv edildiyini görmək olar”- deyə E.Məmmədov vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv