Arxiv
4 Avqust 2021, 10:30 | REPORTAJ
“Hadrut fatehi”nin qızı: “Sonuncu dəfə atamla loto oynamışdıq...”  - FOTOLAR

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin təşkilatı dəstəyi, "Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı ilə şəhid övladlarını birləşdirən "Zəfər" düşərgəsi yekunlaşıb. 74 şəhid övladını əhatə edən "Zəfər" düşərgəsində 12-16 yaş arası şagirdlərə fövqəladə hallarda davranış bacarıqları, dağçılıq, özünümüdafiə metodları, texnoloji biliklər, steam bacarıqları aşılanıb, habelə əyləncəli oyunlar təşkil edilib.

 

“Ən zövq aldığım kanatla hündürlükdən eniş təlimləri oldu”

 

“Zəfər” düşərgəsində “Hadrut fatehi”, XTQ-nin şəhid baş giziri Camal İsmayılovun qızı Əsmət İsmayılzadə də iştirak edirdi.

 

 

Əsmət Modern.az-ın əməkdaşı ilə söhbətində düşərgədə keçirdikləri səmərəli vaxt, burada öyrəndikləri haqqında danışıb:

 

“İyul ayının 25-dən düşərgəyə qatılmışıq. Təlimlərimiz Quba şəhərində başladı. Gələndə ilk olaraq, bizə dağçılıq təlimləri keçdilər, çadır qurulması, çətin vəziyyətlərdə davranış qaydaları, insan və partlayıcı maddələr axtaran təlim itlərini gördük, onlarla təlimlərimiz oldu. Ən zövq aldığım isə kanatla hündürlükdən eniş təlimləri idi. İp nə qədər möhkəm olsa da, adam ilk dəfə kanatdan asılanda qorxur. Amma hündürlükdən aşağı düşmək əyləncəli idi.

 

Daha sonra elektronika ilə, kompüterlə maraqlı əməliyyatların aparılmasını öyrəndik. Məsələn, mən mikrobitin nə olduğunu bilmirdim, “Zəfər” düşərgəsində öyrəndim. Mikrobitdən aparatlar düzəldirdik, cürbəcür, maraqlı, əyləncəli işıqlar yandırdıq. İlk dəfə bu düşərgədə “3D dizayn” öyrənmişik. Kompüterdə maraqlı şəkillər çəkdik, onu printerlə çap etdik. “Zəfər” düşərgəsində öyrəndiyim bilik və bacarıqlardan çox razı qaldım”.

 

“Anam atamın adını qardaşıma soyad olaraq götürdü”

 

 

Şəhidimizin yadigarı atası Camal İsmayılov haqqında xatirələrini də bölüşüb:

 

“Xüsusi Təyinatlı Qüvvələrin Vətən Müharibəsi Qəhrəmanı, gizir, “Hadrut fatehi” Camal İsmayılovun qızıyam. Atamı çox istəyirdim. Onunla xoş günlərimiz çox olub. Bizimlə oyun oynamağı çox sevirdi. Tez-tez maraqlı oyunlar oynayır, tapşırıqlarımızı birlikdə edir, əyləncəli vaxt keçirirdik. Məndən kiçik bir bacım və bir qardaşım var. Bacım üçüncü sinifdə oxuyur, Sumqayıtda Texniki Təbiət Elmləri liseyində təhsil alır. Qardaşımın adı Alparslandır, atamın şəhadətindən 4 ay sonra dünyaya gəldi. Qardaşımın adını atam özü qoymuşdu. Anam isə qardaşım doğulandan sonra soyadını Camal olaraq qeyd etdirdi. Anam istəyir ki, atamın adı qardaşımla həmişə yaşasın”.

 

“Sonuncu dəfə atamla loto oynamışıq...”

 

“Atamın müharibəyə getdiyini bilmirdik. Elə bilirdik ki, o yenə hərbi təlimə gedəcək. Sonuncu dəfə atam, bacım və mən loto oynamışdıq. Hətta atam anamdan bizim əvəzimizə xahiş etmişdi ki, bir az gec yataq. Müharibəyə getdiyini bilirdi və sonuncu dəfə bizimlə daha çox vaxt keçirmək istəyirdi. Əhvalı bir az qəribə idi, amma bizə hiss etdirməməyə çalışırdı. Atam müharibəyə gedəndən 2 gün sonra xəbərimiz oldu ki, döyüşdədir.

 

Laçın, Cəbrayıl, Zəngilan, Füzuli və əsasən Hadrutda döyüşlərdə iştirak edib. Döyüşdə olanda anam atamla telefonla danışırdı. Bizimlə danışanda isə sadəcə əhvalımızı soruşurdu. Hiss etdirməməyə çalışırdı”.

 

 

“Atamın arzusu idi ki, mən diş həkimi olum”

 

Əsmət İsmayılzadə gələcəkdə yiyələnəcəyi peşəni də artıq seçdiyini söyləyib. O böyüyəndə həkim olmaq arzusundadır:

 

““Zəfər” düşərgəsində kompüterə marağım artdı. Hesab edirəm ki, burada öyrəndiklərimiz gələcək həyatımızda bizə lazım olacaq. Düzdür, mənim həkimliyə marağım var, gələcəkdə diş həkimi olmaq istəyirəm. Hazırda “Dəyanət” liseyində təhsil alıram. Əvvəl Sumqayıtda Texniki Təbiət Elmləri liseyində oxuyurdum. Bu il liseyə imtahan verdim və qəbul oldum. Hazırda Sumqayıtda yaşayırıq.

 

Atam bizə hərbi haqqında heç vaxt danışmazdı. Gələcəyimizi planlaşdırmaq və yiyələnəcəyimiz peşəni seçməyimizə də qarışmırdı. Amma mən həkim olmaq istədiyimi deyəndə atam diş həkimi olmağımı arzuladığını söyləmişdi. Bacım isə psixoloq olmaq istəyir. Bu sahəni özü seçib”.

 

 

Xatırladaq ki, Camal Vidadi oğlu İsmayılov 7 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi uğrunda savaşıb. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulub və erməni hərbçilərini başqa istiqamətə yönləntməyə nail olub.

 

Bundan sonra “Hadrut fatehi” ləqəbi ilə çağırılan Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olublar. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olub.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə prezident İlham Əliyevin sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

 

Bundan əlavə “Hadrut fatehi” "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına da layiq görülüb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv