Arxiv
4 Avqust 2021, 10:22 | AKTUAL
Terrorizmi maliyyələşdirən qanunsuz biznesin qarşısı alınmalıdır

Məlumdur ki, XXI əsrin əvvəllərində beynəlxalq təhlükəsizlik üçün yeni təhdidlər yarandı. Yeni təhlükələrə beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, daxili hərbi münaqişələr, beynəlxalq hərbi müdaxilələr, ekoloji tarazlığın pozulması və s. problemlər daxildir.

 

Müasir dövrdə terrorizmin təhlükəli xarakteri artan xətlə irəlilədiyi üçün bu problem ayrı-ayrı dövlətlərin gücü ilə fərdi şəkildə deyil, beynəlxalq əməkdaşlıq və beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilə bilər. Azərbaycan Respublikası terrorizmlə mübarizədə hər zaman beynəlxalq birliyin səylərini müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bütün dünyanı vahiməyə salan terrorizm aktları Azərbaycandan da yan keçməyib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və Ermənistan dövlətilə erməni diasporasının maliyyə və təşkilatı yardımı vasitəsilə erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. 2020-ci ilin sonlarında isə Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda sülhü və əmin-amanlığı bərqərar etmək məqsədilə irimiqyaslı antiterror əməliyyatına başlayaraq Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Qələbəyə nail olub. Ölkəmiz sadəcə öz sərhədləri daxilində terrorizmlə mübarizə aparmaqla kifayətlənmir, eyni zamanda bu mübarizədə BMT ilə yanaşı, Qoşulmama Hərakatı, İnterpol, ATƏT, MDB, Ərəb Dövlətləri Liqası, digər beynəlxalq və regional təşkilatlarda iştirak edərək bu əhəmiyyətli işdə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz həmçinin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub.

 

1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində xidmət etməkdədirlər. Bu gün artıq koalisiya qüvvələrinin böyük hissəsi Əfqanıstanı tərk edib. Hazırda isə taliblər Əfqanıstan ərazisinin 70%-nə, o cümlədən bütün şimal həmsərhəd rayonlarına, əyalətlərin əksəriyyətinə nəzarət edirlər. Terroçu təşkilat eyni zamanda beynəlxalq arenada legitimlik də əldə etmək istəyir. Bu proseslərin Azərbaycan üçün nə dərəcədə təhlükəli ola biləcəyini dərk etmək üçün Mərkəzi Asiya ölkələrinin artıq üzləşməkdə olduğu problemlərə nəzər sala bilərik. Taliblər 40 ilə yaxın bir dövrdə müxtəlif rəqiblərə, o cümlədən dünyanın ən qüdrətli və hazırlıqlı Qərb ölkələrinin qoşunlarına qarşı amansız və fasiləsiz mübarizə aparan hərbi potensialı bir çox hallarda qənaətbəxş olmayan region dövlətlərinin milli ordu bölmələri üçün ciddi təhlükə mənbəyidir. Onların Mərkəzi Asiyada yaşayan xalqlarla eyni milli mənsubiyyətə sahib olduğunu nəzərə alsaq, vəziyyətin mürəkkəbliyini  bir daha aydın şəkildə müşahidə edə bilərik. Belə bir vəziyyətdə Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın Əfqanıstanı tərk etmə qərarı Rusiya Federasiyasını böyük çaşqınlıq qarşısında qoyur.

 

Lakin heç bir şübhə yoxdur ki, taliblər problemləri MDB sərhədlərinə gətirə bilər. Belə bir vəziyyətdə isə Şimali Qafqazda radikal islam şəbəkə qalıqlarının hadisələrin gedişatında fəallaşması ehtimalı olduqca yüksəkdir. Digər bir fərqli yanaşma İran və onun məsələdəki mövqeyi ilə bağlıdır. İran və Taliban bir birinə düşmən olsalar da, Əfqanıstan ərazisində fəallaşan islam dövləti hər iki tərəf üçün olduqca böyük təhlükə mənbəyidir. Bu baxımdan Talibanın müəyyən şəraitdə İrana qarşı hücumlar və terror fəaliyyətini artırması gözləniləndir, hansı ki qonşu ölkədə vəziyyətə nəzarətin mürəkkəbləşməsi ilə nəticələnə bilər. Qeyd edilən məsələlər çərçivəsində daha bir önəmli məqam – narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Əfqanıstanın istehsalçı, İranın isə tranzit ölkə olaraq bu prosesdə yer alması gəlirlərinin böyük hissəsinin məhz terrorizmin maliyyələşməsinə istifadə edən bu qanunsuz biznesin böyüməsinə şərait yaradır. Bütün dünya xalqları və dövlətləri üçün təhlükə mənbəyi olan bu problemlərin aradan qaldırılması istiqamətində artıq bir çox beynəlxalq platformalarda müvafiq addımlar atılmaqdadır. Bu baxımdan BMT və onun tərəfdaşları tərəfindən bütün dünyada, həmçinin Azərbaycanda da iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində görülən işlər təqdirəlayiqdir.

 

Xüsusilə qeyd etmək lazımdır ki, BMT 2030 gündəliyinin tərkib hissəsi olan, terrorizm, insan alveri, istismar, zorakılıq, korrupsiya və sair kimi bənzər qanun pozuntularını aradan qaldırmağı hədəfləyən 16-cı dayanıqlı inkişaf məqsədi regionda dayanıqlı sülhün bərqərar edilməsi və qorunması üçün bu məsələlərin həll edilməsinin zəruriliyini təsdiq edir. Bütün bu baş verən hadisələrin fonunda diqqət çəkilməli ən önəmli məsələ isə terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və sair kimi digər beynəlxalq təhlükəsizliyə təhdid olan problemlərin aradan qaldırılması üçün lazım olan mübarizə üsuludur. Məhz bu səbəbdəndir ki, uşaqların, gənclərin, böyüklərin qarşıdurma və zorakılığa qarşı mübarizə apara bilməsi üçün gərəkli bilik, bacarıq, münasibət, dəyərləri təbliğ edən və münaqişələri sülh yolu ilə həll etmək, həm şəxsiyyətlərarası, həm də qruplararası, milli və beynəlxalq səviyyədə sülh üçün əlverişli şərait yaratmaq məqsədilə sülh təhsilinin təmin edilməsi zəruridir. Əminəm ki, ölkəmizdə də müvafiq qurumlar bu məsələləri nəzarətdə saxlayır və həmişə olduğu kimi terrora və qanunsuzluğa qarşı qlobal mübarizədə müttəfiqlərimiz ilə birgə Azərbaycanın milli mənafelərini, eyni zamanda təhlükəsizliyimizi qorumağa hazırdırlar.   

 

Milli Məclisinin deputatı Məzahir Əfəndiyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv