Arxiv
4 Avqust 2021, 12:14 | MÜSAHİBƏ
Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri  yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün qətiyyətlə mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir.

 

Belə xanımlardan biri Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyevadır.

 

Şəhid xanımı Modern.az-a cəsur hərbçimizlə yaşadığı həyat hekayəsindən bəhs edib.

 

 

“Bizim münasibətimiz indiki sevgililər kimi olmayıb”

 

 - Həyat yoldaşınızla addımladığınız bu yarımçıq həyat hekayəsinin təməli necə qurulub?

 

-Yoldaşım kursant idi, mən tələbə. Bir gün eyni yolu gedərkən məni görüb bəyənib. Sonra hisslərini mənə dedi və iyun ayının 4-də münasibətimiz başladı. Tələbə olduğum üçün universiteti bitirdikdən sonra ailə qurduq.  Bizim 4 illik münasibətimiz indiki sevgilər kimi olmayıb, əzəldən dəyişik başlamışdıq. Mən Bakıda, o da Naxçıvanda olub, telefonla yox, məktublarla əlaqə saxlamışıq.

 

- Bir qadın üçün ömür-gün yoldaşı əvəzsiz varlıqdır. Sizin üçün əvəzsiz olan həyat yoldaşınız haqqında nə danışmaq istərdiniz? Necə bir insan kimi yaddaşınızda qalıb?

 

- Qadın üçün öz yoldaşı idealdır. Lakin Ruslan həqiqətən başqa cür insan idi. Özünə həmişə deyərdim, sanki sən bu dünyanın insanı deyilsən,  haradansa ilahi bir yerdən gəlmisən. Haqdan gəlmişdi haqqa da qayıtdı. Bizim məktublarımız, günlüyümüz var. Bir gün söhbətimiz zamanı dedi: “pensiyaya çıxım, ikimizin kitabını nəşr etdirəcəm. Qoy görsünlər ki, sevgi romanlarda olmur, həqiqətən var”.

 

Sevgini ifadə etmək üçün özəl günlər lazm deyil

 

Hər dəfə  ezamiyyətdən gələndə “sanki yeniyetmə oğlanam və ilk görüşümüzə tələsirəm” deyərdi mənim cənabım...

 

 

- Qəhrəmanımızın sizi duyğulandırdığı elə an varmı ki, heç vaxt bunu unutmayacaqsınız?

 

- Türkiyədə doktorantura üzrə hazırlaşdığı zaman müəllimə tapşırıq verib ki, sizin üçün həyatınızda önəmli olan bir fraqment hazırlayın.  Yoldaşım 4 illik uzaqdan sevgi münasibətimizi elə gözəl təqdim etmişdi ki, qeyri-ixtiyari şəkildə ağlamışdım. O çıxışı zamanı mənə heç vaxt demədiyi, içində saxladığı o dərin duyğuları ifadə etdiyi üçün çox kövrəlmişdim. Sanki ikimizdən deyil, bir roman qəhrəmanlarından danışırmış kimi çıxış etmişdi.

 

-Bu roman kimi sevginin nöqtəsi hansı cümlə ilə qoyuldu? 

- Son dəfə noyabrın 3-də danışmışdıq, saat 9 olardı. Döyüşdəki hər kəs kimi o da ehtiyyat edirdi, qısa danışırdı. Onun bir kəlmə “salam, yaxşıyam” deməyi kifayət edirdi. Səsini eşidirdim, sağ-salamat olduğunu bilirdim. Son zəngində “Bu, Allahın bir möcüzəsidir ki, mən indi səninlə danışa bilirəm” dedi.

 

Döyüşə gedən vaxtı “xəbərimi sənə atam verəcək” demişdi. Elə demə, elə olsun ki, son dəfə səsini eşidim demişdim. Ruslan isə “yox, Günay o mümkün deyil. Vurulduğun an şokda olursan, heç kimlə əlaqə saxlaya bilmirsən” dedi.

 

Həmin vaxt qəribə hadisə oldu. Biz Bakıda, qaynatamgil rayonda yaşayır. Təsadüf nəticəsində qaynatamgil bizə, uşaqları görməyə gəlmişdi. Bir neçə saat sonra Ruslanın xəbəri gəldi. Allahım elə planlaşdırdı ki, qaynatamla bərabər aldıq o acı xəbəri, yoxsa qaynatam mənə telefonla heç nə deyə bilməzdi.

 

Biz şəhid xanımları həm ata, həm də anayıq...

 

 

-  Sizə 3 yadigar övladınız qalıb. Övladlarınızla bağlı arzularından danışa bilərsiniz?

 

-Yoldaşım gənc olsa da, yetəri qədər savadlı idi. Pekin şəhərində təhsil almışdı, magistraturanı bitirmişdi. Azərbaycan ordusunda ilk və yeganə zabit idi ki, doktoranturaya qəbul olmuşdu, xaricdə təhsil almağa gedəcəkdi. 

 

Özü savadlı olduğu üçün uşaqlarının da təhsilinə çox önəm verirdi. Qarşıma qoyduğum məqsəd atalarının istədiyi kimi övlad böyütməkdir. Biz şəhid xanımları həm ata, həm anayıq.

 

 

-Şəhidimizin Vətən sevdası haqqında nə demək istərdiniz?

 

- İyun ayının 12-si idi, tanışlıqdan sonra ilk görüşümüz oldu. Ruslan israrla məhz həmin gün üçün görüşə çıxmağımı istədi və görüşdük.

 

“Bu gün mənim ad günümdür. Bu günü səninlə Şəhidlər Xiyabanında keçirmək istəyirəm” dedi. İlk görüş yerimiz və son vida yerimiz Şəhidlər Xiyabanı oldu. Ayın 4-ü tanış olub, 4-ü itirdim sevdiyimi...

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv