Modern.az

Xalq kimin kim olduğunu yaxşı bilir

Xalq kimin kim olduğunu yaxşı bilir

4 Avqust 2021, 16:42

Nüşabə Hüseynli

 

Millət vəkili özünün yiyəsiz olduğunu düşünür. Bilmirsən güləsən, yoxsa ağlayasan. Ümumiyyətlə, adam haqqında, illah da, bu adam millət vəkilidirsə, “yiyə” sözünü işlətmək nə dərəcədə sağlam məntiqə uyğundur? Hətta onun öz məntiqindən çıxış etsək, lap tutaq ki, “yiyə-yiyə davası”dır, özü bir yiyə ikən özünə yiyə axtarmaq qarşı tərəfi ələ salmağa bənzəmirmi?


Məlum məsələyə qarşı məlum etiraza kəlməbəkəlmə şərh vermək fikrində deyiləm. Bu halda hərəsi bir yazının mövzusudur. Sadəcə, səsli düşüncənin bəsitliyinə qulaq qapaya bilmirsən.


“Polisin yiyəsi var, millət vəkilinin yiyəsi yoxdur” – bu situasiyada cəbhələşmə yaratmaq qaş düzəltdiyin yerdə vurub göz çıxartmaq deyilmi? Nə vaxtdan dövlət qurumları, idarəedici orqanlar müxtəlif cəbhələrdə oldular? Məgər hamının məqsədi lap əvvəldən elə qanunların işləkliyinə nail olmaq deyildimi?


Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv edildi və məhkəmənin qərarıyla onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçildi.


Zatən, hadisə ictimailəşdikdən sonra bununla bağlı baş verən prosesin belə nəticələnəcəyi, yəni, mütləq nəyinsə baş verəcəyi gözlənilən idi.
Sadəcə, gedişat göstərir ki, dünəndən bəri tərəflərin hər biri öz nüfuzuna görə qayğılanıb. Millət vəkilləri bir tərəfdə, polis bir tərəfdə. Mütləq kimsə çıxıb deməlidir ki, başa düşmədim, ikiniz də bu xalqa, dövlətə, qanunlara xidmət etmirisiniz ki? Lap bəsit müqayisə: uşağın qonşu uşağı ilə dalaşmayıb ki... Bir evin içindəsiniz də. Üstəlik, söhbət xalqın gözündən düşməkdən gedirsə, bu, ümumi xarakter daşımır hələ ki. Nə yaxşı mənada, nə də pis mənada. Xalqın gözü tərəzidir. O kimin kim olduğunu gözəl bilir.


Məncə, bu məsələdə  polis də cəzalındırılmalıdır. Rəhbərliyinə ilk insident zamanı, vaxtında məlumat vermədiyinə görə. Üstəlik, gedib üzr istədiyinə görə. Ədəb-ərkan, böyük-kiçik, sən ölüm-mən ölüm – bunların qanundan, qanunun da bunlardan zəhləsi gedir. Qanunla həll olunası məsələləri “öz aramızda” həll etmək əksər vaxtlar daha ağır nəticələrə gətirib çıxarır. Əri tərəfindən davamlı şəkildə vəhşicəsinə döyülən Sevinc Məhərrəmova nümunəsi kimi. Döyüldü, barışdırdılar. Dünən isə əri öldürdü. Bu da sənə barışıq nümunəsi.

 

Yeni dəyərləri formalaşan insanları köhnə üsullarla idarə edə bilməzsən. Onların dəyərlərindən (varsa) daha üstün üsul yalnız qanundur.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir