Modern.az

“ANAMA əməkdaşlarının maaşı artırılmalıdır” – Vahid Əhmədov

“ANAMA əməkdaşlarının maaşı artırılmalıdır” – Vahid Əhmədov

5 Avqust 2021, 12:25

“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarının işi olduqca riskli və həyati təhlükəlidir. Bizim azad olunmuş torpaqlara rahat ayaq basmağımız üçün onlar həmin əraziləri qarış-qarış təmizləyirlər. Bu risk nəzərə alınaraq, ANAMA əməkdaşlarının əmək haqlarına yenidən baxılmalıdır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ANAMA əməkdaşlarının əmək haqlarının artırılması və əlavə imtiyazların verilməsilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

Parlamentarinin sözlərinə görə, Agentlik əməkdaşları qısa vaxt ərzində kifayət qədər geniş ərazidə təmizləmə işləri aparıblar:

 

“Faktiki olaraq, gecə-gündüz işləyirlər. Azərbaycan hökuməti bunu nəzərə almalıdır. Daha riskli bölgələrdə çalışanları mükafatlandırmaq, əmək haqlarına əlavələr etmək olar. Bununla yanaşı, əmək haqlarının artırılmasına ehtiyac var. Hesab edirəm ki, bu məsələyə Azərbaycan hökuməti tərəfindən baxıla bilər”.

 

Qeyd edək ki, təkcə iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 6 767 619 m² (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

2020-ci il noyabrın 10-dan 2021-ci il iyulun 31-dək isə piyada əleyhinə 8951, tank əleyhinə 4022 mina və 10 026 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 39 418 246 m² (3942 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi