Modern.az

Oğlunu görmədən şəhid olan gizir: İki ay sonra arzusuna çatdı... - FOTO

Oğlunu görmədən şəhid olan gizir: İki ay sonra arzusuna çatdı... - FOTO

6 Avqust 2021, 10:10

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14  iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır. Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə dünyaya gələcək olan sonbeşiklərini görmədən bu dünyadan köçdülər.

 

Modern.az-ın məlumatına görə, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib. Bu körpələrin ayrı-ayrılıqda təqdimatına davam edirik.


Dünyaya gələcək övladına ad verib, üzünü görmədən həlak olan şəhidlərimizdən biri də Məmmədov Kənan Niftalı oğludur.

 

Arayış: Məmmədov Kənan 1993-cü il iyulun 17-də Ağdaş rayonununda anada olub. Kotavon kəndindəki V.Cəfərov adına məktəbi bitirib. Hərbi Xidmətini Naxçıvan Muxtar Respublikasında başa vurub. Xidmətdən sonra hərbidə qalaraq  kiçik çavuş kimi xidmət göstərib. 2014-cü ildə Bakıda N saylı hərbi hissədə gizir vəzifəsində xidmətini davam etdirib. 2015-ci ildə isə Beyləqan rayonunda tank komandiri olaraq xidmətə başlayıb.

 

Şəhidin həyat yoldaşı Zəhra Məmmədova qəhrəmanımız haqqında Modern.az-a danışıb.

 

 Zəhra xanım Kənanın şəhid xəbərini eşidəndə fəryad qoparıb, qızını belə unutduğunu deyir:

 

“Yoldaşım Beyləqan rayonunda tank komandiri idi. 2016-cı ilin Aprel döyüşlərinə qatılmışdı. Aprel döyüşləri zamanı bibisi oğlu şəhid olmuşdu.  Sentyabrın 27-i gecə saat 4-də Kənanı döyüşə yola saldıq. Evdən çıxarkən qızına baxdı, köks ötürdü. Döyüşə gedəndə qorxmursanmı dedim. “İslanmışın yağışdan nə qorxusu. Dağ boyda generalımız şəhid olub, inşallah, mənə də qismət olar o şərəf”-dedi. Sonuncu dəfə ayın 28-i səhər danışdıq, “ hər şey əladı, özündən və uşaqlardan muğayat ol, sənə güvənirəm” deyə bildirdi. Kənan Füzilinin  Qaraxanbəyli kəndində düşmən postunu alarkən başından vurularaq şəhid oldu. Mənə zəng gəldi, tanımadığım şəxs dedi ki, "Kənan yaralıdır, Kotavona gətirirlər, tez gəlin". Fəryad qopardım, qızımı belə unutmuşdum. Üzünü görə bilmədim, amma hiss etdim ki, al bayrağa bükülü tabutdakı mənim yarımdır”.

 

Şəhidin üzünü görə bilmədiyi övladı...

 

“2017-ci ildə ailə həyatı qurmuşduq. Bizdə bir ailəni ayaqda tutacaq hər şey vardı: sevgi, dostluq, sədaqət və hörmət... 2018-ci il sentyabrın 28-də qızımız dünyaya gəldi, adını İnci qoyduq. Kənanın şəhid olmasından iki ay sonra isə oğlumuz dünyaya gəldi. Oğlumuzun olacağını biləndə çox sevindi. Arzu vardı ki, oğluna şəhid olan bibisi oğlunun adını qoyacaq. Mən onun arzusunu yerinə yetirərək oğlumuza Ruslan adını qoydum. Övladlarımı atası kimi Vətənə, millətə xeyirli övlad olaraq böyüdəcəyəm”

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi