Modern.az

Füzulinin İraqdakı məqbərəsi bərpa oluna bilər

Füzulinin İraqdakı məqbərəsi bərpa oluna bilər

Mədəni̇yyət

6 Avqust 2021, 11:05

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda səfərdə olan İraqın rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibani ilə görüşüb.

 

Mədəniyyət Nazirliyindən Modern.az verilən məlumata görə, A.Kərimov iki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

 

Hazırkı səfərin iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan və İraq arasında münasibətlərin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib. 2011-ci ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraqın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan söz açan nazir iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

 

İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən Anar Kərimov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə qarşı tərəfi məlumatlandırıb. Nazir İraqın Azərbaycandakı səfirinin işğaldan azad olunan ərazilərə səfərindən bəhs edərkən həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanların erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə geniş yenidənqurma və bərpa işlərini həyata keçirir. Həmin ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq bütün inanc yerlərinin qorunduğunu, islam irsi ilə yanaşı xristian abidələrinin, qədim kilsələrin bərpasına başlandığını qeyd edib.

 

Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə başladığı “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından danışan nazir əsas məqsədin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyətə qarşı törədilmiş soyqırımın, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması olduğunu bildirib.

 

Qəbula görə təşəkkürünü bildirən İraqın rabitə naziri Arkan Şihab Azərbaycan və İraq arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın keçiriləcək iclasından söz açan nazir əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikirlərini səsləndirib.

 

Nazir A.Şihab qədim sivilizasiyaların məkanı olan İraqda tarix boyu çoxsaylı müharibələrin olduğunu, bu ərazidə yerləşən tarixi abidə və tikililərin dağıntıya məruz qaldığını, mədəni irsə dair sənədlərin oğurlandığını vurğulayaraq bu baxımdan Azərbaycanın qarşılaşdığı vəziyyəti aydın şəkildə anladığını bildirib.

 

Nazir Anar Kərimov görüş zamanı İraq Respublikasının mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası məsələlərinə də toxunub.

 

Görüş ölkələr arasında mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti, habelə əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi