Modern.az

GUAM-ın Baş katibi: “Zəngəzur dəhlizinin açılması çox vacibdir” - MÜSAHİBƏ

GUAM-ın Baş katibi: “Zəngəzur dəhlizinin açılması çox vacibdir” - MÜSAHİBƏ

9 Avqust 2021, 10:34

“Ermənistan yeni reallığı qəbul etməlidir”

 

GUAM-ın baş katibi Altay Əfəndiyevin Modern.az-a müsahibəsini təqdim edirik:

 

- GUAM pandemiya dövründə öz işini necə davam etdirir? Hazırki şərait fəaliyyətinizə təsir edirmi?

 

- Təbii ki, GUAM da diğər beynəlxalq təşkilatlar kimi, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün 2020-ci il mart ayından bəri öz fəaliyyətini virtual formada, onlayn rejimdə davam etdirir.

 

Sözsüz, virtual rejimin məhdudiyyətləri, tədbirlərin çoxluğuna baxmayaraq, fəaliyyətimizin dinamikasına və nəticələrinə təsir edib.  Bir misal çəkim. 2016-ci ildən etibarən (GUAM-da fəaliyyətimə başladığı il-red) 2019-cu ilədək  hər il GUAM-ın əsas orqanının – Dövlət və Hökumət Başçıları Şurasının iclası keçirilirdi. Digər qəraredici orqan isə - XİN Şurası il ərzində 2-3 dəfə görüşürdü. Təkcə Sammitlərin keçirilməsi ilə təşkilatın fəaliyyətinə və işininin səmərəsinə ciddi təsiri saxlanılırdı. Virtual rejimdə bu davamlılığı təmin etmək mümkün olmadı.

 

Buna baxmayaraq, biz pandemiya şəraitində öz fəaliyyətimizi məqsədli və mümkün qədər effektiv qurmağa çalışırıq. Cari fəaliyyətimizdə daha çox diqqəti GUAM-ın iki prioritet istiqamətə – GUAM Nəqliyyət Dəhlizinin inkişafına və GUAM Azad Ticarət Ərazisinin yaradılmasına yönəltmişik. Bu sahələrdə hüquqi və konseptual çərçivələr mövcuddur və məqsədlərimiz bəllidir. Burada həm üzv ölkələrin strateji maraqları, həm də iştirak edən müvafiq milli qurumların vəzifələri  üst-üstə düşür. Bizim işimiz isə müxtəlif aspektlərdə mövqeləri bir araya gətirməkdən ibarətdir. Onlayn rejim buna imkan verir.

 

Məsələn, bu müddət ərzində biz bir neçə vacib sənədləri tam razılaşdırıb imzalanması üçün hazırlamışıq. Bu sənədlərin sırasında – Əmtəənin mənşə ölkəsinin müəyyənləşməsinin qaydalarına dair Protokol,  yenilənmiş GUAM Konsulluq Konvensiyası, GUAM ölkələri ərazilərindən tranzit daşımaları asanlaşdırmaq üçün rəqəmsal texnologiyaların tətbiqini tənzimləyən sənədləri və s. göstərmək olar.

 

Pandemiya dövründə tranzit humanitar yüklərin ərazilərimizdən operativ sürətdə keçməsi üçün bu sənədlərin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinə, xüsusilə Dövlət Gömrük Komitəsinə fəal və konstruktiv iştiraklarına təşəkkürümü bildirmək istəyirəm.

 

Qeyd olunanlarla yanaşı, beynəlxalq müstəvidə də fəaliyyətimizi davam etdiririk. Bu müddət ərzində GUAM-İsrail əməkdaşlığına dair Memorandumu razılaşdırıb, imzalaması üçün XİN Şurasına təqdim etmişik. Həmçinin müxtəlif beynəlxalq təşkilatlarla təmasları davam etdirmişik. Bu il Dəmir Yollarının Əməkdaşlıq Təşkilatı (OSJD) ilə Memorandum imzalamışıq və artıq qarşılıqlı tədbirlərdə iştirak edirik.

 

Nəhayət, BMT-nın Narkotik və Cinayət Bürosu (UNODC) ilə əməkdaşlığa dair Memorandum razılaşdırılıb və imzalanmağa hazırdır. Təbii ki, bir neçə ölkə və  beynəlxalq taşkilatlarla dialoqumuzu davam etdiririk. Həmçinin bu müddət ərzində təşkilatın səmərəliliyini artırmaq üçün bəzi hüquq-normativ və təşkilati məsələlər də öz həllini tapıb.

 

Yekun olaraq, pandemiya şəraitində, nailiyyətlərimizi müsbət qiymətləndirmək olar. Eyni zamanda etiraf etməliyik ki, normal rejimdə nailiyyətlərimiz daha çox ola bilərdi.

 

- GUAM çərçivəsində bir çox sahələr üzrə əməkdaşlıq mövcuddur. Sadaladığınız kimi, burada ticarət, gömrük, nəqliyyat və digər sahələr üzrə əməkdaşlığı qeyd etmək olar. Bizə maraqlıdır, növbəti əməkdaşlığın işğaldan azad edilmiş Dağlıq Qarabağda qurulması ətrafında görüşlərin keçirilməsi gözlənilirmi?

 

- Sözsüz ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının sosial-iqtisadi dövriyyəyə və inkişafına daxil olması həm ölkənin inkişaf potensialını artıracaq, həm də regional əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

 

Burada, fürsətdən istifadə edərək, informasiya agentliyiniz vasitəsilə, bir daha Azərbaycan xalqına, tarixi qələbəsi və işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı səmimi təbriklərimizi çatdırmaq istəyirəm. Bu Zəfər ədalətin bərqərar olunması, pozulmuş beynəlxalq hüquq norma və prinsiplərinin bərpası və tətbiqi baxımından müstəsna əhəmiyyətə malikdir. Şübhəsiz ki, bu qələbə regionumuzda ciddi proseslərin bir triqeri olacaq. Düşünürəm, regionumuzda yeni eraya qədəm qoyulur.

 

Sualınıza cavab olaraq qeyd edim ki, hazırda hər hansı müzakirələr aparılmır.

 

Onu da vurğulamaq istərdim ki, GUAM üzv ölkələrin arasında iğal olunmuş ərazilərinin reabilitasiyası və inteqrasiyası kimi məsələlər artıq müvafiq qurumların gündəliyindədir. Əminəm ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərinin keçirilməsi böyük maraqla izləniləcək. Təbii olaraq, GUAM strateji partnyorların və dost ölkələrin təşkilatı olaraq, bu proseslərə dəstək və öz töhfəsini verməyə hazırdır.

 

- GUAM-a üzv olan ölkələr illərdir ki, separatizmə qarşı mübarizə aparır. Həmçinin üzv ölkələr dəfələrlə hərbi münaqişələrə qarşı olduqlarını bəyan ediblər. A 2020-ci ildə GUAM üzvü olan Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra Azərbaycan qalib dövlət kimi GUAM daxilində hansı işləri görməyi planlaşdırır?

 

- Tamamilə doğrudur. İllərdir GUAM üzv ölkələri həm aqressiv separatizm, həm də qonşu ölkələrin işğalcı siyasətilə üzləşirlər. Nəticədə, ərazi bütövlüyü kobudcasına pozulub. Bu ciddi çağırışlarla barışmaz mübarizəni beynəlxalq hüquq norma və prinsiplər çərçivəsində aparmaq GUAM-a üzv ölkələrin siyasi müstəvidə əməkdaşlığının əsas istiqamətlərindəndir. BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda təmsil olunan GUAM ölkələri bir-birilərini dəstəkləyərək bu istiqamətdə öz fəaliyyətlərini ardıcıllıqla aparırlar.

 

Qeyd edim ki, bu münaqişələr nəinki ölkələrin dayanıqlı inkişafı və regional əməkdaşlığı üçün əsas maneələrdir, onlar həmçinin beynəlxalq sülh, stabillik və təhlükəsizlik üçün ciddi bir təhdiddir.

 

Təəssüflə qeyd etməliyik ki, GUAM üzv ölkələrinin ərazi bütövlüyü kobud şəkildə pozularaq, on illərlə hərbi münaqişələrin mövcudluğu beynəlxalq sistemin dərin böhranı içərisində olmasının təzahürüdür.  Məhz buna görə, Azərbaycanın təcrübəsi - öz gücü ilə işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası diqqətlə və böyük maraqla öyrənilir.

 

Azərbaycanın GUAM çərçivəsində hər hansı yeni planları barədə bizdə məlumat yoxdur. Bu barədə ölkənin müvafiq qurumlarından öyrənmək daha düzgün olardı.

 

İnanırıq ki, GUAM təşkilatı Azərbaycanın strateji maraqlarının (eyni dərəcədə digər üzv ölkələrə də aiddir) regionda və daha geniş coğrafiyada tətbiq edilməsi üçün bir vasitə ola bilər.

 

- GUAM üzvlərinin beynəlxalq təşkilat olaraq Qarabağa səfəri gözlənilirmi?

 

- Hazırda planımızda belə bir səfər nəzərdə tutulmur. Lakin əminəm ki, Azərbaycan tərəfindən belə təşəbbüs göstərilsə, üzv olkələr tərəfindən böyük maraqla və məmnuniyyətlə qarşılanacaq.

 

- Zəngəzur dəhlizi ilə bağlı təşkilatın mövqeyini bilmək istərdik. Göründüyü kimi, Ermənistan dəhlizin açılmasına mane olmağa çalışır. Bununla bağlı GUAM hansı addımları ata bilər?

 

- Şübhəsiz ki, regiona sülh, etimad, əməkdaşlıq və inkişaf gətirmək üçün Zəngəzur dəhlizinin açılması çox vacib bir məsələdir. Düşünürəm, Ermənistanın baş naziri 10 noyabr 2020-ci ildə üç tərəfli sənədi imzalayanda bunu dərk edirdi. Sonra razılaşmalardan yayınması Ermənistanın daxili vəziyyətinin gərgin və həssas olduğunu əks etdirir. Avqustun 2-də Nikol Paşınyan Baş nazir vəzifəsinə təsdiqlənəndən sonra bəlkə daha qərarlı və məsuliyyətli davranacaq.

 

Ermənistanın rəhbərliyinin illərdir apardığı siyasət nəticəsində ölkə təcrid vəziyyətinə düşüb. Nəticəni hamı görür. Milləti macəraçı siyasətin girov qismində saxlamaq, nəinki məsuliyyətsizlikdir, hətta cinayətkarlıqdır. Düşünürəm, əməkdaşlıq üçün bütün dəvət və təklifləri qəbul etməlidirlər. Ölkəni təcrid vəziyyətdən çıxarmaq üçün alternativ yol yoxdur.

 

Zənnimcə, indiki mərhələdə bu məsələ ancaq üç tərəfli formatda, yəni Azərbaycan, Ermənistan və Rusiya arasında, tərəflərin götürdüyü öhdəliklərin əsasında öz həllini tapmalıdır. Regionumuzda sülhün və əməkdaşlığın bərqərar olunmasına maraqlı olan ölkələr, beynəlxalq təşkilatlar və ictimaiyyət Ermənistana təsirlərini artırmalıdır.

 

GUAM tərəfindən isə bu məsələdə hər hansı  addımın atılması üçün əsas yoxdur. GUAM öz fəaliyyətilə regionumuzdakı proseslərə dolayı təsirini göstərə bilər. GUAM çərçivəsində ölkələr arasında qarşılıqlı mənfəətli əməkdaşlıq və həyata keçirilən layihələr və təşəbbüslər istər-istəməz həm ölkələrin, həm də regionun inkişafına, ölkələr arasında güc balansına təsir göstərə bilər. Ermənistan yeni reallıqla nə qədər gec razılaşacaq, bu ölkənin inkişafı geridə qalacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...