Modern.az

“Heç vaxt özümə rahat yer axtarmamışam” - Bahar Muradova ilə MÜSAHİBƏ

“Heç vaxt özümə rahat yer axtarmamışam” - Bahar Muradova ilə MÜSAHİBƏ

Müsahibə

9 Avqust 2021, 14:11

“Qadınlarımız hər cür zorakılığa dözürlər...”

  

“14-15 yaşlı qızın qurduğu ailə nə olacaq?”

 

Zorakılıqla bağlı cəzalar sərtləşdirilir...

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son vaxtlar Azərbaycanda qadın və uşaqlara qarşı zorakılıq hallarının artması və problemin həlli ilə bağlı hansı işlərin görülməsi barədə Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Bahar xanım, ta qədimdən Qərblə, Avropa və digər dövlətlərin xalqları ilə müqayisədə ailə Azərbaycan üçün ali dəyər olub. Amma son proseslər göstərir ki, getdikcə bu dəyərlər dəyərsizləşir, aşılanmalara məruz qalır. Sizcə, bunun kökündə nələr dayanır? Həm də maraqlıdır, bugünkü Azərbaycan ailəsi Komitənin “pəncərə”sindən necə görünür?

 

- Birmənalı şəkildə söyləmək lazımdır ki, bizim üçün ailə əsas dəyər kimi əhəmiyyətini heç zaman itirməyəcək. Əlbəttə, zaman, inkişafın özü həyatımıza müsbət, həm də mənfi yöndən təsirlərini göstərir. Əgər biz 50-100 il əvvələ nəzər salsaq, nə qədər böyük dəyişikliklər olduğunu vurğulaya bilərik. Diqqətə almalıyıq ki, sürətlə dəyişən və gözənilməzliklərlə dolu indiki dövr həm də bizim xarakterimizə, mentalitetimizə, ətrafa, insanlara münasibətimizi formalaşdıran ailə institutumuza da təsirsiz ötmür. Həm Komitənin, həm də qəlbimizin  “pəncərə”sindən bütün bu təsirlərin izləri görünür.

 

- Bir çox hallarda baş verənləri internet əsri, sosial şəbəkələrlə uzlaşdırırlar. Hətta o dərəcədə ki, bəzi ailələrdə ata, ər, qardaş öz xanımına, qızına, bacısına sosial şəbəkələrə girişi qadağan edir. Amma o, hansısa şəkildə bu vasitələrdən istifadə edir. Necə düşünürsüz,sosial şəbəkələr həqiqətən də əxlaqi dəyərlərə ciddi təsir edirmi?

 

- Yəqin ki, sosial şəbəkələri izləyirsiniz. Bizim haqqında danışdığımız  dəyərlərlə bir araya sığmayan məqamlar sizin də rastınıza çıxır. Nəzərə alsaq ki, müasir, real həyatımızın bir üzü də virtual  məkandır, özü də heç bir qayda və çərçivə tanımayan üzü, onda belə təsirlərin olduğunu istisna etmək olmaz. Həm də bu təsirlərin yalnız qadınlar üçün deyil, həm də kişilər üçün zərərlərini qətiyyən gözardı etmək olmaz.

 

 

- Amma əksər hadisələrdəki bütün proseslərdən daha çox zərər görən qadınlardır.Elə son vaxtlar Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayına baxmaq kifayətdir. Qəribədir ki, bu hallar daha çox boşanmaq istəyən qadınlarla bağlı baş verir. Qadın boşanmaq istəyir, əri tərəfindən çalışdığı gözəllik salonun qarşısında bıçaqlanır, qadın boşanmaq istəyir, başı kəsilir, qadın boşanmaq istəyir, ər əlində bıçaqla onu öldürmək istədiyi anda hüquq mühafizə orqanları müdaxilə edir. Yaxud qız doğulduğu üçün dünyaya gələn gün zibil qutusuna atılır. Bu kimi misallar çoxdur. Hələ sərt karantin, qapanmalar yeni başlananda bunun ailədaxili münaqişələrin, məişət zəminində cinayətlərin sayına təsir edəcəyi vurğulanırdı. Təəssüf ki, proqnozlar özünü doğruldur...

 

- Biz xüsusilə vurğulamalıyıq ki, pandemiya adlanan bəla bütün dünyanın nizam və qaydalarını  alt-üst etməklə yanaşı, insanlar, ailələr və cəmiyyətlər üçün yeni çağırış və təhdidlərin artmasına səbəb oldu.

 

Hətta bir çox ölkələrin küçə və meydanlarında pandemiya səbəbindən tətbiq edilən qadağalara qarşı etirazlar, bu etirazların yatırılması üçün seçilən sərt üsulların özü  də əsəblərin tarıma çəkildiyini göstərir. Əlbəttə, belə şəraitdə bu və digər şiddətə yol verilir, zorakı hadisələr törədilir.

 

Bir qayda olaraq, hər kəsin özünü ən təhlükəsiz  hiss etməli olduğu ailələr cox təəssüf ki, indi bəziləri üçün daha təhlükəli məkanlardan birinə çevirilir.

 

İnsanlar öz yaxınları, doğmaları tərəfindən şiddətə məruz qalır, ən amansız üsullarla həyatdan məhrum olunur. Ona görə də istisnasız olaraq, bütün dünya ölkələrində baş verən bu hallar ilk növbədə insanın psixoloji durumu, fərdi keyfiyyətləri, formalaşdığı mühit, sosial-iqtisadi vəziyyəti, həm də hamını məhdudiyyətlərlə təhdid edən pandemiya ilə bağlıdır.

 

Unutmayaq ki, biz həm də uzun illər müharibə şəraitində yaşayan ölkə olmuşuq. Milyonlarla insan ev-eşiyindən didərgin düşüb, köçkünlük həyatı yaşayıb. Bunun özünün yaratdığı məhrumiyyətlərin insanların psixologiyasına ağır təsirləri hələ keçməyib. Qısa müddətdə keçməsi də hələ mümkün deyil. 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfərə rəğmən, onun bir çox ailələrə təsirləri, insanların yaxın və doğmalarını itirməsi, minlərlə soydaşımızın sağlamlığına dəyən ziyanlar, mənəvi və psixoloji sarsıntılarımız hamımızın həyatında öz dərin izlərini buraxmaqdadır.

 

Ən əsası müharibədəki qalibiyyət insanların vətənpərvərlik hissini coşdurdu, biz yüzillərlə davam edən insan və torpaq itkisinə son qoyduq. Müzəffər Ali Baş Komandanımız yenilməz Ordumuz, Qalib əsgərimiz bunun üçün hər şeyi etdilər.

 

Azərbaycanın  oğul və qızları bu yolda canlarından keçdilər. Dövlətimizin  tarixdə heç vaxt indiki qədər güclü olmadığını nəzərə alsaq, necə böyük bir uğura imza atdığımızı dərk edə bilərik. Amma bununla belə, həm müharibə vaxtı döyüş şəraitində, həm də doğmalarını itirmiş insanların ailələrində üzləşdiyi psioxoloji gərginliklərin həyatımıza mənfi təsirləri bu ailələrlə aparılan işlər zamanı meydana çıxan arzuolunmaz məqamlarda bir daha özünü göstərir. Müzəffər ordunun qalib əsgəri dinc  həyatda özünü yenə müharibə içərisində hiss edərək, həyatına qəsd etməyə qədər psixoloji gərginlik keçirir. Haradasa bir qadın şiddətə məruz qalır, bir arzuolunmayan körpədən imtina edilir, bir ahıl, qoca küçəyə atılır və s. Amma bu o demək deyil ki, biz səbəbləri yalnız bunlarda görərək, günahın bizdə olmadığını düşünməliyik. İstənilən halda, əgər bizim həyatımızda bir uşaq, bir qadın, bir yaşlı, bir həssas qrupun nümayəndəsi özünə qəsd edirsə, bu çox böyük bir rəqəmdir. Hətta bir qadın şiddət nəticəsində həlak olursa, bu hamımız üçün qəbulolunmaz olmalıdır. Hər hansı bir səbəb öz yaxını tərəfindən insan ölümünə haqq qazandıra bilməz. Bu, hamımızı narahat edir.

 

 

- Bahar xanım, narahat edir deyirsiniz, amma xüsusilə son olaylarda hamı təmsil etdiyiniz qurumun mövqeyini, araşdırmasını, təhlilini axtardı. Cəmiyyət, ictimaiyyət Komitənin hadisələrə susqunluğuna cavab istəyir. Çünki siz susduqca küçəyə atılan uşaqlar, öldürülən qadınların sayı artır. Bəlkə sizin prizmanızdan yanaşanda, başqa səbəblər ortaya çıxır. Buna görə, açıqlamanızı rica edirik. Yoxsa deyək, bu da bir cinayətdir, oldu, keçdi?

 

- Cinayət oldu, amma keçmədi.  İndiyə qədər olanlar da keçməyib. Bu ilk növbədə onu törədənlərin, daha sonra ona haqq qazandıranların, eyni zamanda bu cinayətləri adi bir hal kimi qəbul edənlərin vicdanında ağır yük kimi yığılmaqdadır. Çünki bu, cəmiyyətin ümumi ovqatına ağır təsir göstərir. Təbii ki, Dövlət Komitəsi və digər cavabdeh qurumlar bununla bağlı fəaliyyətlərini müvafiq qanunvericiliyə uyğun quraraq, ilk növbədə öz əsasnamələrində, eləcə də cənab Prezidentin imzaladığı dövlət proqramları və fəaliyyət planlarında müəyyən olunmuş vəzifələrini öz səlahiyyətləri çərçivəsində yerinə yetirir. Deməliyəm ki, bu sahədə əlaqələndirilmiş şəkildə işləyən qurumların fəaliyyətinin  nəticələri dövlət Komitəsi tərəfindən ümumiləşdirilirilərək müvafiq instansiyalara təqdim edilir.

 

Eyni zamanda, tərəfimizdən görülən işlərin və aparılan təhlillərin nəticəsində meydana çıxan problemlərin aradan qaldırılması üçün qanunvericiliyə edilməsi vacib olan dəyişiklik və əlavələrin işlənməsi, effektiv icra mexanizmlərinin yaradılması və onların fəaliyyətinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edilir.

 

Bütün bu məqamları özündə əks etdirən hesabatlar müəyyən olunmuş qaydada ölkə Prezidentinə, Nazilər Kabinetinə və Milli Məclisə təqdim olunur, həmçinin ictimaiyyət bu barədə məlumatlandırılır.

 

Eyni zamanda, görülən işlərə dair Komitənin rəsmi saytında, sosial şəbəkə hesablarında gündəlik məlumatlar verilir. O ki, qaldı konkret hallara, deməliyəm ki, bir qayda olaraq, hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində yalnız fəaliyyətinin ilkin mərhələsinin yekununda müvafiq məlumatı aidiyyəti üzrə təqdim etməlidir.

 

Çünki elə hadisələr baş verir ki, burada zəruri istintaq hərərkətləri aparılmadan bu və ya digər qiymətləndirmə olmadan hansısa məlumatı vermək məqsədəuyğun sayılmır. Çünki bu  spesifik xarakterə malik fəaliyyət  sahəsidir. Burada baş verən hadisələrin  səbəbləri, yeri, iştirakçıları və onlara məxsus fərdi məlumatların bir çoxu konfidensial xarakter daşıyır. Bəzən bizim verdiyimiz məlumatlar cəmiyyəti qane etmir ona görə ki, biz rəsmi dövlət orqanı kimi bu şərtlərə əməl etməyə borcluyuq.  Konkret cinayəti əks etdirən şəkillərin, videoların yayılması, onu sübut edən sənədlərin açıqlanması bu işin xüsusiyyəti baxımından azruolunmazdır.

 

O başqa bir məsələ ki, kimsə sosial şəbəkədən, yaxud, haradansa əldə etdiyi məlumatları paylaşır və bunu operativlik hesab edir, düşünürəm ki, biz bütün bunların qiymətini düzgün verməliyik. Çünki zərərəkmişlərin hüquqlarının pozulması ilə müşayiət olunan belə hallar psixo-sosial işin tələbləri ilə bir araya sığmır və ümumiyyətlə yolverilməzdir.

 

- Bəlkə də bu ondan irəli gəlir ki, cəmiyyət sonuncu hadisə zamanı mərhum Sevincin aylar əvvəl kömək istəyərkən, dövlət qurumlarının ona yardım etməkdə maraqlı olmadığı qənaətindədir. Bəlkə də belə olmasaydı, o qadın manyak ər tərəfindən qətlə yetirilməz və aramızda yaşayırdı. Sizcə, səbəblər bundan doğur, yoxsa konfidensial hesab etdiyiniz və bizim bilmədiyimiz başqa məqamlar var?

 

- Bilirsiniz, bir tərəfdən kimsə bunu söyləyirsə, özünü haqlı hesab edə bilər. Amma məsələnin mahiyyəti başqa cürdür. Bəzən zorakılığa məruz qalan və onların hüquqlarını müdafiə edən şəxslər bu və digər səbəblərdən müvafiq dövlət orqanları ilə əməkdaşlıqda maraqlı olmurlar. Bir tərəfdən ailə sirrini kənara çıxarmaq istəməməsi, ikinci tərəfdən bu və digər dövlət orqanına müraciət edərkən, onu yaxınları tərəfindən gözləyən təhdidlər səbəbindən, konkret sonuncu halda isə uşaqlarından ayrı düşmək qorxusundan. Siz də bilirsiniz ki, bizim qadınlar çox fədakardırlar. Onlar hər cür təzyiqə, hər cür zorakılığa dözürlər ki, ailəsinin içində, uşaqlarının yanında olsunlar. Hətta  bir çox hallarda öz doğmalarından da gerçəyi gizlədirlər. Bəzi ailələr var ki, övladlarının üzləşdiyi çətin məqamlarda onların yanında olmaq istəmirlər, yaxud ola bilmirlər. Bu məlumatları daha çox gizlətməyə, öz bildikləri şəkildə ört-basdır etməyə çalışırlar. Hesab edirəm ki, bu, yanlış olaraq bizim mental dəyərimiz kimi qiymətləndirilən, amma aradan qaldırılmalı olan hallardır ki, çox tez bir zamanda bundan xilas olmalıyıq.

 

Təbii ki, Sevinclə bağlı baş verənlər ağılın, məntiqin və insanlığın çərçivələrindən kənar hadisədir, ağır cinayətdir.Və həm də bir atanın öz övladlarına və onların gələcəyinə qarşı sui-qəsdidir. Təcrübə göstərir ki, bəzi hallarda müəyyən dairələrə kəskin sonluqla nəticələnən belə hadisələr çox lazım olur. Xüsusilə açıqlanmasını indiki halda məqsədəuyğun hesab etmədiyim fərqli qrupların, belə insan faciələrinə yönələn hərəkətlərinin müntəzəm körükləməsi səbəbindən bəzi hallarda problemlərin aradan qaldırılmasına yönəlik cəhdlər havadan asılı qalır...

 

 

- Hər kəs üzərinə düşəni etdiyini deyir, amma nəticələr ürəkaçan deyil. Son olaylarla bağlı təhlillər varmı? Varsa, bu təhlillər nəyi deyir?

 

- Aparılan təhlillər onu deməyə əsas verir ki, gender əsaslı zorakı hadisələr bir çox hallarda kirayə evlərdə baş verir. Onlar bir qayda olaraq tanış olmayan qonşuluqda yaşayırlar. Sonuncu hadisə də bu baxımdan diqqət çəkir. Detallara varmaq istəməzdim, amma bu kimi konkret hallar bizi biganəliyə son qoymağa, qonşularımıza, doğmalarımıza və ətrafımızda baş verən hadisələrə qarşı daha diqqətli olmağa vadar edir.

 

Bəzən hadisələr göz önündə baş verir, amma heç də hər kəs müdaxilə etmək istəmir. 14-15 yaşında qız nişanlanır, qohum-qonşu onun toyuna hazırlıq görür, şənlikdə iştirak edib xeyir-dua verir, xoşbəxtlik arzulayır. Amma bunun qanuna zidd, erkən evliliyin gənclərə qarşı şiddət olduğunun fərqinə varmır,  bunu müvafiq dövlət orqanlarının nəzərinə çatdırmır.

 

Yeri gəlmişkən, bu imkandan istifadə edərək, ictimaiyyətə müraciət etmək istərdim ki, belə hallarda mütləq şəkildə müvafiq qurumları məlumatlandırsınlar. Kənd icra nümayəndəsindən başlayaraq, ən yuxarı orqanlaradək məlumat versinlər.

 

Qeyd etməliyəm ki, Komitə yanında 2020-ci ilin dekabrından fəaliyyət göstərən “860” saylı,  o cümlədən  “116111” saylı Uşaq Qaynar xətlərinə müraciət etsinlər.

 

Əks halda cinayət baş verdikdən sonra biz yalnız onun ağır nəticələrilə məşğul olmaq məcburiyyətində qalırıq. Bu məsələdə yalnız vətəndaş fəallığı ilə dövlət orqanlarının səyləri, birgə çalışması müsbət nəticə üçün möhkəm əsas kimi çıxış edə bilər. Bu məqamda qeyd etməyi lazım bilirəm ki, sayıq vətəndaşlarımız, xüsusilə gənc və ailə könüllülərimizin fədakarlığı sayəsində Dövlət Komitəsi yüzlərlə belə hadisənin qarşısının alınmasına nail olur. Xüsusilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə görülmüş tədbirlər sayəsində erkən evlilik , gender əsaslı zorakılıq, uşaq hüquqlarının valideynlər və digər şəxslər tərəfindən pozulması və digər ağır nəticələr verə bilən halların qarşısı qətiyyətlə alınır, müxtəlif istiqamətli maarifləndirmə və preventiv tədbirlər hətata keçirilir.

 

- Erkən nikahdan söz düşmüşkən, bu, illərin problemidir. Hətta bəziləri buna müsbət don geyindirmək üçün deyirlər ki, nənələrimiz 12-13 yaşında ərə gediblər. Bir müddət rəqəmlər kifayət qədər azalmışdı. Amma hazırda tendensiya yenidən vüsət almağa başlayıb. Bu yaxınlarda Astarada 16 yaşlı Sumayyə ilə 30 yaşlı İsmayıl adlı şəxs arasında baş tutması planlaşdırılan nişan mərasimi ictimailəşdiyi üçün keçirilmədi. Ötən ay isə Lənkəranda 14 yaşlı qızla 36 yaşlı kişinin nişan mərasimi olmuşdu. Ardınca Şəkinin Dəhnə kəndində 16 yaşlı qızın 30 yaşlı kişiyə ərə verilməsi faktı üzə çıxdı. Məsələ burasındadır ki, bunu hüquq müdafiəçisi Kəmalə Ağazadə və digər sosial şəbəkə istifadəçiləri ictimailəşdirdikdən sonra rəsmi qurumlar hərəkətə keçir. Təəssüf ki, bütün bu hallar Azərbaycanda erkən nikah problemini yenidən aktuallaşdırır. Demək ki, bir şeylər yolunda getmir...

 

- Mən ictimai fəalların, müxtəlif QHT və media nümayəndələrinin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən qadın və uşaq sığınacaqlarının bu sahədəki işini yüksək qiymətləndirirəm. Deməliyəm ki, biz onlarla sıx əlaqəyə və birgə fəaliyyətə üstünlük veririk. Özü-özlüyündə bu sahədə bütün tərəflər yalnız əlaqələndirilmiş fəaliyyət sayəsində nəyəsə nail ola bilərlər. O ki, qaldı sizin sadaladığınız konkret misallara, bu birgə səylərimiz nəticəsində qarşısı alınan yüzlərlə erkən evlilik hallarından ictimaiyyətə açıqlanan yalnız bir neçəsidir.

 

Erkən evliliklərin müxtəlif səbəblərindən biri ilk növbədə insanların düşüncəsi və dünyagörüşü ilə bağlıdır. Bu halların baş verməsinə ictimaiyyətin kəskin reaksiyasını alqışlamaq lazımdır. Bu yerdə statistikaya diqqət etmək istərdim.

 

18 yaşadak analar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 idisə, 2020-ci ildə bu rəqəm azalaraq 1917 olub. 2019-cu il ərzində nikahları rəsmi qeydə alınmış 18 yaşadək bəylərin sayı 1, gəlinlərin sayı 366 olub. 2020-ci ildə isə 18 yaşadək nikaha girmək istyən oğlan olmayıb, qızların sayı isə azalaraq 165 nəfər təşkil edib.

 

Nəzərinizə çatdırım ki, 2011-ci illə müqayisəyə səbəb həmin ildə azyaşlı nikahlarının pik həddə olması ilə bağlıdır. Ümumilikdə rəqəmlərdə azalma var, amma pandemeya səbəbindən artıma doğru meyllər də sezilir. Bəzi hallarda insanlar sanki gəncləri onların  xoşbəxt gələcəyi naminə deyil, öz iqtisadi yüklərini azaltmaq, kiminsə həyatını rahatlaşdırmaq, bu və digər problemlərini həll etmək üçün evləndirirlər. Çox təəssüf ki, bu “dəyərləri” hələ də daşıyanlar var. Ona görə də düşünürəm ki, cəmiyyət olaraq, birgə mübarizə aparmalı, ətrafımızda baş verənlərə biganə qalmamalıyıq. Mən təşəkkür edirəm o adamlara ki, problemləri ictimaləşdirirlər. Amma ictimailəşdirməzdən əvvəl müvafiq orqanlara məlumat verilsə, onda əlbəttə ki, biz vaxtında görülmüş tədbirlərin pozitiv nəticələrini daha çox bölüşə bilərdik.

 

- Amma bəzi nəticələr var ki, yenə də narazılıq doğurur. Necə ki, Dövlət Komitəsi Şəkidə ərə verilən 15 yaşlı qızın ailəsinə qaytarıldığını açıqladı və qızın ailəsi ilə profilaktik söhbətlər aparıldığını bildirdi. Bəzi insanlar dedi ki, Komitə yeni qurulan ailəni dağıtdı, bir qızı bədbəxt etdi. İndi o qızı kim alacaq...

 

- Yəni bunu ailə hesab etmək olarmı?! Gərək bunun üzərində düşünək. 14-15 yaşında qızın qurduğu ailə nə olacaq?! Hər şeyi bir kənara qoysaq, bu evlilik təkcə onun sağlamlığı üçün böyük zərbədir. Bu gələcəkdə dünyaya qeyri-sağlam uşaq gətiriləcəyinə işarədir. Hansı ki, qeydiyyatdan keçməyən uşaq evliliklərindən dünyaya gələn körpələrin əksəriyyəti çoxsaylı fiziki və əqli qüsurlu doğulurlar. Beləcə, onların gələcək həyatı bizə yaxşı heç nə vəd etmir. Ona görə də bunu ailə kimi qəbul etməyin özü dəyərlərimizə hörmətsizlikdir.

 

Bir də harada ki, uşaqlar üçün həm fiziki, həm də psixoloji  təhlükələr var, orada uşaqların izolyasiya edilməsı, yaxud sığınacaqlara yerləşdirilməsi mütləqdir.

 

Nə qədər qəribə olsa da, bunun özü də müəyyən müzakirələrə səbəb olur. Məlumdur ki, insanlar istədikləri kimi düşünə və öz fikirlərini sərbəst ifadə edə bilərlər. Amma düşünmək lazımdır ki, bu dəyərləndirmələr nə dərəcədə doğrudur və bizim mənafeyimizə uyğun gəlirmi? Aydındır ki, indi cəmiyyət yekcins deyil. Biri üçün yaxşı görünən, digəri üçün qəbuledilməzdir. Ona görə də fərqli fikirlər ola bilər. Əlbəttə ki, çoxluğun mövqeyini əsas götürməliyik. Çoxluğun mövqeyi isə onu deyir ki, sağlam nəsil yetişdirmək üçün hər şeydən əvvəl cəmiyyətimizin əsas sütunu olan ailə dəyərlərimiz qorunmalıdır. Amma bu o demək deyil ki, müasirliyə qapalı olmalıyıq. Müasir həyatımız bizdən dəyərlərimizə yeni-yeni çizgilər əlavə etməyi tələb edir. Biz o dəişiklikləri elə etməliyik ki, bu keçid yumşaq olsun, ailə dəyərlərinə ciddi mənfi təsirlər göstərməsin, varisliklə müasirlik bir-birini tamamlasın.

 

- Bəlkə bütün yeniliklərə açıq olduğumuzdandır ki, bu problemləri yaşayırıq. Məsələn, yadıma gəlir ki, illər əvvəl uşaqlar qonşu evində böyüyərdi. Kiminsə işi olanda övladını könül rahatlığı ilə qonşuya əmanət edərdi. Amma indi nəinki qonşuya, heç ən yaxın qohuma da uşaq etibar etmirlər. Bu da səbəbsiz deyil. Son vaxtlar azyaşlıların yaxın qohumları tərəfindən zorakılığa məruz qalması müşahidə olunur. Hətta bu yaxında ata və oğlunun illər boyu evin doğma qızına təcavüz etdiyi ortaya çıxdı. Bu, artıq insanlıq deyil, onları necə adlandırmaq olar, bunu da bilmirəm...

 

- Təəssüf ki, dediyiniz hallar müstəsna olsa da, biz belə adamlarla bir cəmiyyətdə yaşayırıq. Bu mövzu ətrafında danışmaq mənə çox çətindir. Bunu dəyərləndirmək belə mümkün deyil. Bunun yalnız bir qiyməti var, o da cəza. Amma cəza nə dərəcədə adekvatdır, ona yenidən baxmaq lazımdır. Biz məişət zorakılığı hallarına qarşı cəzaları sərtləşdirmək üçün qanunvericiliyə dəyişiklik və əlavələrin edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırda sənəd razılaşdırma mərhələsindədir. Əlaqədar dövlət orqanlarının da tam razılığı olacağı təqdirdə onu təqdim edəcəyik.

 

Bəzən təlimlər, maarifləndirmə, izahetmə, məsləhətlər, əyani vasitələr, pozitiv nümunələr təsir göstərmədikdə, mütləq şəkildə cəzalar sərtləşdirilməlidir. Haqlı olaraq, insanlar da sərtləşdirmələri tələb edirlər. Amma bəzən sərt tədbirlər sonra daha sərt cavablar ortaya qoyur.

 

Bilirsiniz, burada vahid resept vermək də mümkün deyil. Ölüm cəzası, eləcə də ömürlük həbsdən sərt cəza yoxdur. Lakin buna səbəb olan cinayətlər hələ də baş verir. Mən düşünmürəm ki, ağlasığmaz hərəkətləri törədənlər bunun ağır bir cinayət olduğundan xəbərsizdirlər. Buna baxmayaraq, cinayətlər baş verirsə, deməli məqsədli və şüurlu şəkildə edirlər. Bunlar onların öz fərdi düşüncələrinə, özünün daxili komplekslərinə, yaşam boyu aldığı travmalara bağlı olan məsələlərdir, normal insanın edəcəyi hərəkətlər deyil. Mənə bu barədə danışmaq çox çətindir. Düşünürəm ki, biz daha çox işlər görməliyik, nəninki o barədə danışmalıyıq. Hərə öz səviyyəsində təsirli işlər görməlidir ki, neqativlər azalsın. Düşünmürəm ki, pislikləri tamamailə həyatımızdan çıxara biləcəyik. Çünki mənim müşahidələrim bunu deməyə əsas vermir. Nə qədər cəmiyyət var, bu problemlər tarixən olub, indi də var, gələcəkdə də olacaq. Həmin dediyiniz sosial şəbəkələrdə insanların üzləşdiyi yaxşı olmayan nümunələr də həmçinin.

 

- Bir vaxtlar neqativlərin azaldılması üçün sosial şəbəkələrin müəyyən qədər məhdudlaşdırılması kimi məsələ də vardı. Bu, problemə çözüm kimi qiymətləndirilə bilərmi, ümumiyyətlə mümkündürmü?

 

- Şəbəkənin bütövlükdə məhdudlaşdırılmasından söhbət gedə bilməz. Artıq bu, mümkün deyil. Amma müəyyən süzgəclərin istifadəsi mümkündür. Bu barədə Komitənin işlək layihələri var. Bu da məsələdən çıxış yolu deyil. Çünki bu, bir yerdə məhdudlaşdırılanda, başqa yerdə etməyə çalışılacaq. Ona görə “nə etmək lazımdır” sualını cavablandırmaq mənə çətindir. Hər halda bu sahənin mütəxəssisləri daha çevik çözüm tapmağa yardım etməlidirlər.

 

Məlumat üçün deməliyəm ki, çözümlərin tapılması üçün Cənab Prezidentin son illərdə qəbul etdiyi sənədlərə yenilərinin əlavə olunması üzərində işləyirik.

 

Bilirsiniz ki, ötən il 2020-2030-cu illəri əhatə edən Uşaq Strategiyası və onun əsasında iki fəaliyyət planını əhatə edən çox vacib bir sənəd imzalanıb. Birinci fəaliyyət planı artıq işləyir, ilkin nəticələr də var. Bu illər ərzində biz əlaqədar qurumlarla birlikdə bu sahədə çox sayda müsbət nəticələr verə bilən işlər görəcəyik. Ötən ilin sonunda Dövlət Komitəsinin hazırladığı Məişət zorakılığının aradan qaldırılmasına dair Fəaliyyət Planı da ölkə Prezidenti tərəfindən imzalandı və hazırda bu istiqamətdə nəzərdə tutulan tədbirlər həyata keçirilməkdədir.

 

Həmçinin, hazırda Ailə Startegiyası adlı sənədin üzərində iş davam edir. Artıq bu layihənin ictimai müzakirəsi də təşkil olunub. Dövlət Komitəsinin sifarişi əsasında Strateji Tədqiqatlar Mərkəzi tərəfindən Müasir Azərbaycan ailəsinin təhlili layihəsi artıq yekunlaşmaq üzrədir. Bu təhlilin nəticələri bizə Ailə startegiyası sənədinin mükəmməl işlənməsi və gələcək fəaliyyətimiz üçün geniş imkanlar verəcək. Çünki vəziyyət tam şəkildə öyrənilməlidir ki, onunla bağlı görüləcək işlər də istənilən nəticələri versin.

 

Bununla yanaşı, özəl sektor hesabına Qadınların Məşğulluğunun təmin olunmasına dair Milli Fəaliyyət Proqramı müvafiq dövlət orqanlarına razılaşdırmaq üçün göndərilməyə hazırdır. Tərəfimizdən kiçik detallarla bağlı işlər gedir. Əlaqədar qurumların tövsiyə və təkliflərini nəzərə alaraq, imzalanmaq üçün təqdim edəcəyik. Düşünürəm ki, bu sənədlərin qəbulu bir sıra problemləri həll etmək baxımından yeni imkanlar açacaq.

 

- Bir az da qadınların məşğulluq səviyyəsilə bağlı danışaq. Hazırda xanımlarımızın məşğulluğu arzuolunan səviyyədə deyil. Bir çox hallarda cəmiyyətdə belə fikirlər də səsləndirilir ki, Azərbaycanda yüksək postlarda qadınlar önə çəkilməlidir. Çünki yüksək vəzifələrdə olan qadınların sayı azdır.

 

- Bizdə yüksək vəzifələrdə xanımlarımız var. Azdırlar, amma güclüdürlər. Birinci Vitse-Prezidentimiz, parlamentimizin sədri də xanımdır. Mehriban xanımın fəaliyyəti bütün Azərbaycan qadınlarının adını şərəflə ucaldır. Hesab edirəm ki, onun fəaliyyətini dəstəkləyən, öz səviyyəsində görülən işlərə töhfə verməyə qadir olan xanımların sayı kifayət qədərdir. Bu gün xeyriyyəçiliklə, ailə, qadın, uşaq problemlərilə məşğul olan, həssas qrupa daxil olan soydaşlarımızın problemlərinin həllinə öz həyatını həsr edən qadınlarımız da az deyil. Bunun özü cəmiyyətə mesajdır. Hər kəs özünü bu standartlara çatdırmağa çalışsa, töhfələrimiz də böyük olar. Əlbəttə, bu bir arzudur ki, qadınlar  rəqabətə davamlı olsunlar, iştirakçılıq və təmsilçilik səviyyələri yüksək olsun.

 

Doğrudur, bu sahədə bir sıra çatışmazlıqlar var və biz  hazırda o məsələlərlə məşğuluq. Buraya ilk  növbədə qadınların özgüvənini, peşəkar bacarıqlarını artırmaq kimi vəzifələr daxildir. Cəmiyyətdə baş vermiş problemləri həll etmək üçün onların məsuliyyət və cavabdehlik hissini yüksəltməyə xidmət edən layihələr reallaşdırılır və nəticələr var. Hazırda özəl sahədə qadın sahibkarların sayı kifayət qədər artıb. Dövlət Komitəsinin və əlaqədar qurumların səyləri ilə artıq yüzlərlə qadın sahibkarın birləşdiyi bir neçə sahibkar birlikləri təsis edilib. Onlar həm ölkəmizdə, həm də xarici ölkələrdə və beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar.

 

- Bahar xanım, siz də öz kariyeranızda kifayət qədər uğur qazanmış Azərbaycan xanımısınız. Son sualımı uzun illər parlamentdə, hazırda böyük məsuliyyət tələb edən bir qurumun rəhbəri kimi şəxsinizlə bağlamaq istərdim. Parlament, yoxsa Komitə sədrliyi, hansı iş yeri Bahar Muradova üçün rahatdır?

 

- Sualınıza cavab olaraq qeyd etmək istərdim ki, nəyə görəsə zahirən rahat görünən parlament fəaliyyəti kifayət qədər səriştə, bacarıq və gündəlik səylər tələb edən, eyni zamanda xalqın və dövlətin həyatı üçün çox əhəmiyyətli qanunların işləndiyi bir məkan, təcrübələrin, müxtəlif siyasi qrup və maraqların gərgin mübarizəsi şəraitində vacib qərarların qəbul edilməsinə meydan verən müstəqil hakimiyyət qanadıdır. Bura özünü rahat hiss edənlərin yeri deyil. Zaman da bunu sübut edir.

 

Fəxr edirəm ki, milli liderimiz Heydər Əliyevin öndərliyi, daha sonra müzəffər və qalib Prezidentimiz İlham Əliyevin liderliyilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının qərarı ilə dörd çağırış Azərbaycan Parlamentinin üzvü kimi mənə göstərilən etimadı doğrultmağa çalışmışam. Bu illər həm ölkəmizin , həm də mənim həyatımın ən şərəfli və yaddaqalan illəri olub. Deməliyəm ki, nə parlament fəaliyyətim zamanı, nə də indi özümə rahat yer axtarmamışam. Ətrafımda baş verənlərə, özümün məşğul olduğum sahənin çətinliklərinə, problemlərinə, yaxud perspektivlərinə laqeyid deyiləm. Ona görə rahat şərait olsa belə, narahatlıq həmişə var. Amma indiki halda narahatlıq bir də ondan qaynaqlanır ki,  burada sənin istəklərindən, mövqeyindən və iradəndən asılı olmayan çoxsaylı problemlər var. Bu sahə özlüyündə problemli sahədir. Odur ki, gündəlik olaraq üzləşdiyimiz ailə və insan talelərinə diqqətlə yanaşmaqla bahəm, dövlətimizin bu sahədəki siyasətinin yetinə yetirilməsinə, sağlam ailə və cəmiyyət təməllərinin möhkəm olması işinə töhfə verməyə calışırıq.

 

Nə qədər ki, sağlamlıq imkan verir, dostlar və dəstək verən insanlar var, problemlərin üzərinə getmək üçün “mən də varam” deyənlər olacaq, bizə rahatlıq yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi