Modern.az

\"Yeni qardaşlıq dastanı yazılır\" - Fatma Yıldırım

\

9 Avqust 2021, 17:26

“Dünya növbəti dəfə bir millətin iki dövləti olan Türkiyə və Azərbaycanın sarsılmaz dostluğunun, nümunəvi qardaşlığının təntənəsinə şahidlik edir. Türkiyədə baş verən faciəvi hadisənin – güclü meşə yanğınlarının qarşısının alınmasında iki qardaş ölkə öz gücünü səfərbər edərək qətiyyətli mübarizə aparır, həm sevincli, həm də kədərli günlərdə birlikdə olduqlarını nümayiş etdirirlər".

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin müvafiq göstərişlərinə və tapşırıqlarına uyğun olaraq qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilir, həmin qüvvələr cəsarətlə, rəşadətlə və şərəflə vəzifələrini yerinə yetirirlər.

 

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycana güclü mənəvi və siyasi dəstək göstərən Türkiyənin dar günündə ölkəmizin öz qardaş əlini uzatması bir millət olaraq milli gücümüzün bariz nümunəsidir:

 

“Biz müasir tariximizdə Azərbaycan ilə Türkiyənin timsalında yeni qardaşlıq dastanının yazılmasına şahidlik edirik. Meşə yanğınlarına qarşı iki qardaş ölkənin birgə mübarizəsini əks etdirən kadrlar milyonlarla humanist, vətənpərvər insan tərəfindən təqdirlə qarşılanır. Sosial şəbəkələrdə yayılan görüntülər bizi həm qürurlandırır, həm də daha güclü edir”.

 

“Ümumiyyətlə, liderlərimiz – Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeləri və sarsılmaz iradələri əsasında uğurla inkişaf edən, ən yüksək zirvədə olan Türkiyə-Azərbaycan münasibətləri unikal səciyyəlidir. Çünki bu münasibətlər həm dostluğa və qardaşlığa əsaslanır, həm də strateji tərəfdaşlıq xarakteri daşıyır. Məmnunluqla qeyd edə bilərəm ki, bu gün Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri – ortaq fəaliyyəti nəticəsində regionda yeni reallıqlar yaranır, bölgə sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir. Bütövlükdə, bir millətin iki dövlətinin birgə fəaliyyəti müstəqilliyimizin rəmzi və and yerimiz olan üçrəngli və ay-ulduzlu bayraqlarımızın ən yüksək zirvələrdə dalğalanması hədəfinə xidmət edir”,-deyə F.Yıldırım vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir