Modern.az

“Yazıçı səngərdə yatmayıbsa, bunu necə təsvir edə bilər?”

“Yazıçı səngərdə yatmayıbsa, bunu necə təsvir edə bilər?”

Parlament

9 Avqust 2021, 18:53

Qələbəmizə həsr olunmuş bədii kitab çap olunubmu, olunubsa niyə rezonans doğurmur?

 

“Azərbaycan son 33 ildə öz tarixinin və taleyinin son dərəcə mürəkkəb bir dövrünü yaşayıb. Bir tərəfdən ermənilərin Azərbaycana torpaq iddiaları, Qarabağ münaqişəsi, milli oyanış, xalqın Azadlıq hərəkatı, 1-ci və 2-ci Qarabağ müharibələri, digər tərəfdən SSRİ-nin dağılması, qaçqın və məcburi köçkün taleləri. Bütün bunları biz 33 ildə yaşamışıq. Və nəhayət, 2020-ci il Vətən müharibəsi bütün bu proseslərə nöqtə qoydu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə möhtəşəm qələbəyə imza atdıq”.

 

 Bunu Modern.az-a deputat Əziz Ələkbərli deyib.

 

Onun sözlərinə görə, sözsüz ki, bu möhtəşəm Qələbə bütün təfərrüatı ilə incələnəcək, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə bağlı çoxlu xatirələr, detallar ortaya qoyulacaq və bütün bunlar bədii ədəbiyyatda da öz əksini tapacaq:

 

“Zəfər günündən bir ilə yaxın vaxt keçib, niyə hələ bir sanballı əsər ortaya qoyulmayıb deyə soruşurlar. Bu suala müxtəlif cür cavablar vermək olar. Amma mən iki məqam üzərində xüsusi dayanmaq istəyirəm.

 

 Birincisi, ondan ibarətdir ki, müharibələr haqqında möhtəşəm əsərlər daha çox o yazıçılar tərəfindən yazılır ki, onlar bu müharibənin və ya bu cür müharibələrin birbaşa iştirakçıları olurlar. Yəni yazıçı səngərdə yatmayıbsa, atılan mərminin vahiməli səsini yaşamayıbsa, barıtın qoxusunu ciyərlərinə çəkməyibsə, düşmənlə göz-gəzə gəlməyibsə və s. bütün bunları necə təsvir edə bilər? Bizim çox yazıçılar, mənə elə gəlir ki, bu tarixi fürsəti xeyli qaçırtdılar”.

  

Deputat xatırladıb ki, 1812-ci il Napaleon müharibəsindən bəhs edilən “Hərb və sülh” romanının müəllifi Lev Tolstoy gəncliyində Qafqaz cəbhəsində xidmət etmiş, 1854-cü il Krım müharibəsinə zabit olaraq müharibənin od-alovunun içindən keçmişdi.

 

Bundan başqa, Rusiyada vətəndaş müharibəsindən bəhs edən “Sakit Don” romanının müəllifi Mixail Şoloxov vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daхil olmuş, pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi.

 

“İkinci Dünya müharibəsi illərində isə məşhur yazıçı olsa da, M.Şoloхov "Pravda" qəzetinin hərbi müхbiri kimi ön cəbhədə olmuşdu. Sonra bu mövzuda "Onlar vətən uğrunda döyüşürdülər" adlı roman-trilogiyasını yazmağa başladı. "İnsanın taleyi" povestini yazıb ortaya qoydu.

 

Götürək elə öz ədəbiyyatımızı. “General” romanının müəllifi Hüseyn Abbaszadə  1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdi.

 

Diqqəti cəlb etmək istədiyim ikinci məqam ondan ibarətdir ki, millətin tarixində mühüm iz qoyan belə müharibələr haqqında sanballı əsərlər heç də dərhal yazılmır. Görünür, bunun üçün müəyyən zamana ehtiyac var.

 

Məsələn, L.Tolstoy 1812-ci il müharibəsi haqqındakı “Hərb və sülh” romanının  1863-1869 -cu illərdə yazmışdır.

 

M.Şoloxov “Sakit Don” epopeyası üzərində 1926-1940-cı illərdə işləmiş, əsəri sonuncu tarixdə tamamlamışdı. Müharibə dövrü Sovet hərbi əsirlərinin taleyindən bəhs edən "İnsanın taleyi" povestini isə 1956-cı ildə qələmə almışdı.

 

Hüseyn Abbaszadə isə “General” romanını İkinci Dünya müharibəsi bitndən düz 17 il sonra – 1962-ci ildə qələmə aldı.

 

Gördüyünüz kimi, ümidsiz olmağa dəyməz, 2020-ci il Vətən müharibəsi Azərbaycanın taleyində elə bir möhtəşəm Zəfərdir ki, bu barədə hələ çox sanballı əsərlər yazılacaq. Amma o əsərləri kim yazacaq – bunu zaman göstərəcək”, - Milli Məclis üzvü 44 günlük Vətən müharibəsindəki qələbəmiz barədə hələki sanballı bədii əsərlərin yazılmaması məsələsinə münasibət bildirərkən deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü