Arxiv
9 Avqust 2021, 19:13 | DİASPOR
Azərbaycanın Zəfəri Pakistanda milli qələbə kimi qarşılanıb

Qahirədə keçirilən “Fətva Evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri və əməkdaşlıq mexanizmləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Pakistanın dini işlər və vəqflər naziri Pir Nur-ul Həqqlə Misirdəki Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun görüşü olub.

 

Diaspora Komitəsindən Modern.az-a verilən məlumata görə, pakistanlı nazir diaspor təşkilatının rəhbərinə bildirib ki, ölkəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi ədalətli mübarizə kimi qiymətləndirilir və əldə edilən Zəfər Pakistanda milli qələbə kimi qarşılanıb.

 

Pakistanın qardaş Azərbaycanla birlikdə işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin aparılmasını, ermənilərin dağıtdıqları dini, tarixi abidələrin, məscidlərin bərpasını həyata keçirməyə hazır olduğunu vurğulayan nazir xatırladıb ki, 15 il əvvəl Azərbaycana səfər edib. Ölkəmizdə pakistanlılara qarşı münasibətdə böyük hörmətin şahidi olduğuğunu qeyd edən nazir Misirdə geniş fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzində pakistanlı tələbələrə göstərilən diqqət və qayğını təqdirəlayiq hadisə adlandırıb.

 

Bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verməyə hazırdır: “Qardaş ölkənin müvafiq qurumları və ilahiyyatçı alimləri, din xadimləri ilə sıx əməkdaşlıq edəcəyik. Bu məqsədlə yaxın vaxtlarda Azərbaycana səfər etməyi də nəzərdə tuturam. Pakistan və Azərbaycan liderlərinin dostluq və qardaşlıq münasibətləri, xalqlarımızın bir-birinə yüksək ehtiramı ikitərəfli əlaqələrin daha da inkişafına zəmin yaradır”.

 

Qeyd edək ki, beynəlxalq konfrans Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin təşkilatçılığı ilə baş tutub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv