Modern.az

Qızılsız DÖNÜŞ: Antirekorddan nəticə çıxarmaq vaxtıdır

Qızılsız DÖNÜŞ: Antirekorddan nəticə çıxarmaq vaxtıdır

9 Avqust 2021, 19:52

Bu il Yaponiyada təşkil edilən Tokio-2020 Yay Olimpiya Oyunları Azərbaycan üçün uğursuz oldu. Olimpiadaçılarımız cəmi 7 medal qazana bildilər. Antirekorda imza atan komandamız ilk dəfədir ki, 1996-cı ildən sonra keçirilən olimpiadada qızıl medal sevinci yaşaya bilmədi. İdmançılarımızın uğursuz çıxışları Azərbaycan ictimaiyyətini məyus etdi və belə nəticənin ölkəmiz üçün qəbuledilməz olduğu bildirildi.

 

Bəs bu uğursuzluğun səbəbi nədir? İdman sahəsindəki geriləmə, nöqsanlar necə aradan qaldırılmalıdır?

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Gənclər və İdman komitəsinin üzvləri idman federasiyalarına və aidiyyəti qurumlara təklflər irəli sürüblər. 

 

 

 

Deputat Vüqar İsgəndərov xatırladıb ki, Yaponiyada təşkil olunan 32-ci Yay Olimpiya Oyunlarında Azərbaycanın olimpiya komandası 13 idman növündə 44 idmançı ilə təmsil olundu. İdmançıların sayı və potensialını müqayisə etdikdə nəticələri qənaətbəxş hesab etmək olar:

 

“Azərbaycan 3 gümüş və 4 bürünc medal qazandı. 20 ildən artıq müddətdir Olimpiya oyunlarında  iştirak edən ölkəmiz ilk dəfə qızıl medalsız, 67-ci sırada yarışları bitirdi. Olimpiada tarixində bəlkə də ən zəif və sönük yarışlar idi. Dünyanı bürümüş pandemiya səbəbilə bir il təxirə salınan olimpiada idmançıların məşq prosesinin ləngiməsi, tamaşaçısız keçirilməsi ilə nəticələndi. Sanki oyunların “candərdi” keçirildiyi, “yola vermək” prinsipi ilə yanaşıldığı hiss edilirdi.

 

İdmançılar əllərindən gələni etməyə çalışırdılar. Hər bir iştirakçı nailiyyət qazanıb, ölkəsini layiqincə təmsil etmək istəyirdi. O cümlədən Azərbaycan idmançıları da yaxşı nəticə göstərməyə çalışdılar. Qızıl medala namizəd hesab etdiyimiz idmançılarımız da çox idi. Bu olimpiya hakimlərin qərəzi ilə yadda qalacaq. Faktları nəzərə aldıqda, hakimliyin keçən olimpiya oyunlarından daha aşağı səviyyədə olduğu görünürdü”.

 

 

 

 V. İsgəndərov hesab edir ki, bütün bunlara baxmayaraq, irəliyə istiqamətlənmək, uğurlara çalışmaq lazımdır:

 

“Azərbaycanda Olimpiya hərakatına Prezident İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi çox böyük dəstəyi, qayğısı var. Azərbaycan olimpiyaçılarının heç biri ölkəmizdə idmana münasibətdə ögeylik olduğunu iddia edə bilməz.  Münbit şərait yaradılıb ki, idmanımız inkişaf etsin. Sadəcə, mən düşünürəm ki, Olimpiya Yığma Komandasının bütün üzvləri oyunlara hazırlıq prosesində ən ağır məşqlərini davam etdirməli idilər. Məncə, biz burada bəzi səhvlər etdik. İdmançılar tez yorulurdu, psixoloji cəhətdən tam hazırlıq hiss edilmirdi.

 

Bütün bunlara rəğmən davam etmək vacibdir. Qarşıda Avropa və dünya çempionatları var. Gələcək Olimpiya Oyunlarında iştirak üçün lisenziya yarışlarına start veriləcək. Federasiyalar hər biri bütün Olimpiya idman növlərindəki nəticələri və onların səbəblərini analiz etməli, hər biri öz iclaslarını keçirməli, bütün nəticələri müzakirə etməli, zəifliyin səbəblərini araşdırmalı, yeni proqramlar tutmalıdırlar. Azərbaycanda bütün beynəlxalq turnirlərin, böyük yarışların təşkili üçün hər şərait var. Buraxılan səhvlərin aradan qaldırılması üçün bütün addımları atmaq lazımdır. Uğursuzluqla yadda qalan baş məşqçiləri dəyişmək, yenilərini dəvət etmək, uğursuzluğa düçar olan idmançıların hazırlıq səviyyəsini yüksəltmək, ruh yüksəkliyi ilə gələcək yarışlara hazırlamaq mütləqdir”.

 

 

 

 Deputat Müşfiq Cəfərov fikrincə, Azərbaycanın idman federasiyalarının yaxşı nəticələr üçün səfərbər olublar.

 

“İdman kifayət qədər böyük vəsait tələb edir. Ona görə, sponsorlar bu prosesə cəlb olunublar. Bu çox önəmli məsələdir. İdmançını lazımı şəraitlə, təlimçi ilə təmin etmək vacibdir. İstənilən idmançı beynəlxalq yarışlarda formalaşır, uğur qazanmaq üçün imkanları artır. Bu baxımdan federasiyaların işini, maddi texniki bazasını mütləq gücləndirmək lazımdır.

 

O cümlədən, Gənclər və İdman Nazirliyi də federasiyalarla işləyən qurum olub. Hazırda mərhum Azad Rəhimovun vəfatı ilə nazir postu boş qalıb. Həmişə bu məsələləri koordinasiya edən adam kimi Azad Rəhimovun yoxluğu hiss edildi. Yaxşı olar ki, koordinasiya məsələsində nazirliyin rolu gücləndirilsin”.

 

 M.Cəfərov bütün sahələrə təsir edən pandemiyanın idmanı gerilətməsini də istisna etməyib:

 

“Pandemiya dövründə yarışlar təxirə düşdü, beynəlxalq yarışlar tamamilə dayandırıldı, bu nəticəyə təsir etmiş oldu. Ümid edək ki, pandemiyanın bundan sonra idmana hansısa təsirləri olmayacaq. Öz axarı ilə davam edəcək. Burada önəmli olan idmançıların hazırlığının yüksəldilməsidir. Hesab edirəm ki, inkişafına diqqət ayrılan idman növlərinin siyahısı da genişləndirilməlidir. Üzgüçülük, atıcılıq, gimnastika inkişaf etdirilsə, Azərbaycana böyük nəticələr verə bilər. İnanırıq ki, gələcəkdəki Olimpiya Oyunlarında, ümumiyyətlə bütün beynəxalq yarışlarda bir daha belə uğursuz nəticə əldə etməyəcəyik”. 

 

 

Komitənin digər üzvü Cavid Osmanov da 32-ci Yay Olimpiya oyunlarındakı nəticəmizdən narazıdır.

 

Deputat xatırladıb ki, bundan öncəki Olimpiya oyunlarında qazandığımız uğurları həmişə yüksələn dinamika ilə müşahidə etmişik:

  

“Azərbaycanlı idmançıların beynəlxalq yarışlarda xüsusilə erməni idmançılar üzərində qazandığı qələbələrə çox sevinirdik.

  

Dünyada koronavirus pandemiyası tüğyan edir, qapanmalar oldu. İdmançılarımız xeyli müddət beynəlxalq turnirlərdən kənarda qaldılar. Daxildə də müəyyən mənada sərt karantin dövründə məşqlər edə bilmədilər. Ən vacib məqam 2020-ci ilin Azərbaycan üçün çox taleyüklü il olması idi. Həm pandemiya, həm müharibə və post-müharibə dövrü bizim bura fokuslanmağımızı zəruri etdi. Görünür, idmançılarımız bu ərəfədə də hər bir Azərbaycan vətəndaşı kimi torpaqlarımızın işğaldan azad olunmasına köklənib, bu dövrün təsirinə düşüblər”.

 

C.Osmanov düşünür ki, bundan sonrakı mərhələdə buraxılmış səhvlərdən ciddi nəticələr çıxarmaq lazımdır:

 

“Qarşıda Avropa və dünya çempionatları, müxtəlif yarışlar, növbəti olimpiya oyunları olacaq. Ayrı-ayrı idman federasiyalarımız və ümumilikdə bu sahə ilə məşğul olan dövlət qurumları buraxılmış nöqsanları təhlil və analiz etməli, bundan sonrakı mərhələdə məşqləri gücləndirib, beynəlxalq turnirlərə qatılmalıdırlar.

 

Xüsusilə, uşaq idmançıların yaxşı yetişdirilməsi, ölkə çempionatlarının artırılması, ən yaxşı idmançıların seçilməsi, fedarasiyaların bu işdə səmərəli fəaliyyətə daha çox diqqət ayırması vacibdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir