Modern.az

Komitələrin payız hazırlığı: “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarıla bilər

Komitələrin payız hazırlığı: “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarıla bilər

10 Avqust 2021, 09:27

Modern.az Milli Məclis komitələrinin qarşıdan gələn payız sessiyasına hazırlığı ilə bağlı rubrikanı davam etdirir.

 

Rubrikada komitələrin qarşıdan gələn payız sessiyasına necə hazırlaşması, müzakirəsi planlaşdırılan yeni qanun layihələri haqqında məlumatlar dərc edilir.

 

Bu dəfə parlamentin Elm və təhsil komitəsinin fəaliyyət planını öyrənməyə çalışdıq. 

 

Komitənin sədr müavini, deputat Musa Qasımlı Modern.az-a bildirib ki, Elm və təhsil komitəsi parlamentin yaz sessiyasında fəal olub:

 

“Komitə üzvləri qanunla onlara verilən səlahiyyətlər çərçivəsində deputatlıq fəaliyyətini yerinə yetirdilər. Eyni zamanda elm və təhsil sahəsinə aid olan bəzi qanunlara əlavə və düzəlişlər parlamentdə qəbul edildi.

 

“Ali təhsil haqqında” qanun layihəsini işləyib hazırlamaqdan ötrü işçi qrupu təşkil edildi. Qanun layihəsinin ilkin variantı işçi qrup səviyyəsində müzakirə edildi. Hazır olduqdan sonra komitə iclasında müzakirə ediləcək və ictimaiyyətin, xüsusən mütəxəssislərin müzakirəsinə təqdim ediləcək. Yalnız geniş müzakirələrdən və hazır olduqdan sonra parlamentin plenar iclasına tövsiyə oluna bilər”.

 

 

Musa Qasımlı yeni sessiyada parlamentdə qaldırmağı düşündüyü məsələlər haqqında da danışıb:

 

“Bilirsiniz ki, ölkəmizdə həm dövlət büdcəsi hesabına, həm də Heydər Əliyev Fondunun xətti ilə ən ucqar dağ kəndlərində də müasir məktəb binaları tikilib istifadəyə verilib, avadanlıqlarla təchiz edilib. Amma bəzi məktəblərdə dərslərin keyfiyyəti aşağıdır. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanların sayı ürəkaçan deyil. Bəzi məktəblərdə direktorlar iş yerlərində tapılmır. Bəzən kənd məktəblərində müəllimlərin yalnız adı gedir, şagirdlər onların üzünü görmür. Bundan əlavə, müəllim çatışmazlığı var.

 

Məsələn, bir kənddə coğrafiya, riyaziyyat müəllimləri pensiyaya çıxıb, amma yaxşı müəllim olublar, nəyə görəsə, onlarla  müqavilə bağlayıb istifadə etmirlər, həmin fənni tamamilə başqa ixtisas müəllimi “tədris edir”. Belə olan halda verilən dərsin keyfiyyətindən danışmaq olarmı?  Bu halların təhsili geri apardığı hamıya aydındır və düzəldilməsinin zərurliyi kimsədə şübhə doğura bilməz”.

 

Bundan əlavə, deputat xarici ölkələrin vətəndaşları olan azərbaycanlıların təhsil alması haqqında maraqlı bir məqama toxunub:

 

“Bu yaxınlarda “Soydaşlara pulsuz təhsil” layihəsinin təşəbbüsçüsü olan bir qrup gənclə görüşdüm. Geniş söhbət etdik. Onlar xarici ölkə vətəndaşları olmalarına baxmayaraq,  kökləri Azərbaycanla bağlı olan gənclərin ölkəmizdə ödənişsiz təhsil almaları haqqında maraqlı təkliflər irəli sürdülər və parlament kürsüsündən səsləndirməyimi xahiş etdilər.

 

Son dönəmdə müəllimlərin işə qəbulu ilə bağlı da çoxlu müraciətlər olub. Bu məsələni araşdırıb, qeyd edilməsi vacib məqamları diqqətə çatdırmağı düşünürəm”.

 

Qeyd edək ki, bundan əvvəl Parlamentin Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin payız hazırlığı ilə maraqlanmışdıq.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu