Modern.az

“Qarabağ Azərbaycandır” - Xüsusi xidmət polkovnikinin kitabında nələrdən yazılıb...

“Qarabağ Azərbaycandır” - Xüsusi xidmət polkovnikinin kitabında nələrdən yazılıb...

Ədəbi̇yyat

10 Avqust 2021, 16:00

Dövlətinə və Vətəninə tükənməz məhəbbət nümunəsi


Yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyim, yazıçı-publisist və şair kimi tanınan, ehtiyatda olan xüsusi xidmət polkovniki Hamlet ismayılov bu günlərdə “Карабах – это Азербайджан” (“Qarabağ Azərbaycandır”) adlı yeni kitabını mənə bağışladı. Bundan əvvəl də Hamlet müəllimin rus dilində çap olunmuş “Гаранты Государственный Безопаности” (“Dövlət Təhlükəsizliyi Qarantları”) kitabı ilə tanış idim və müəllifin vətənini ürəkdən sevən və qəlbən yurduna bağlı bir insan kimi dövlətçiliyə, vətənə tükənməz məhəbbətindən və sədaqətindən xəbərdar idim.


Hamlet İsmayılov rusca təhsil alsa da, bütün düşüncə və əməlləri ilə əsl millilik daşıyıcısı kimi çoxəsrlik adət və ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə sayğı ilə yanaşan, şərəfli keçmişimizi dərindən öyrənən, bu günümüzə hörmət və gələcəyimizə böyük ümidlər bəsləyən soydaşlarımızdandır. İndiyədək araya-ərsəyə gətirdiyi yeddi kitabda oxucuya təqdim etdiyi orijinal fikirlərlə dolu, ədəbi-bədii cəhətdən yetkinlik nümunəsi sayılacaq yazılarında vətənə bağlılığını, vicdanlılıq və sədaqətlilik prinsiplərini həmişə önə çəkib. Yeni kitabında da bu hisslər, duyğular daha qabarıq konturlarla üz çıxır.


“Карабах – это Азербайджан” kitabında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, dünya miqyaslı diplomatik fəaliyyəti, xalqa, dövlətə, Heydər Əliyev siyasi kursuna və ənənələrinə sədaqət nümunəsi xronoloji ardıcıllıqla şərh olunur, təhlil edilir, müəyyən nəticələr çıxarılır. 30 il müddətində erməni əsarətində qalan torpaqlarımızın cəmi 44 gün ərzində dünyada bəlkə də analoqu olmayan hərbi-siyasi və diplomatik yolla azad edilməsi təbii ki, məhz Heydər Əliyev məktəbinin layiqli və yorulmaz davamçısı, dünya siyasi arenasında sözü və əməli ilə nümunə göstərilən böyük dövlət xadiminin, müzəffər Ali Baş Komandanın qismətinə yazılmışdı və cənab İlham Əliyev öhdəsinə düşən müqəddəs vəzifəni uğurla həyata keçirə bildi. Beləliklə, cənab İlham Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin arzularını reallaşdıra bildi, Ata qarşısında verdiyi sözə əməl etdi, Azərbaycan üzərində heç vaxt sönməyən azadlıq və suverenlik məşəlini alovlandırmağı bacardı. 44 gün ərzində dünyanın bir çox ölkələrindən müxtəlif niyyətlərlə Azərbaycana gələn jurnalistlərə verdiyi müsahibələr, diplomatlara və dövlət xadimlərinə açıqlamaları, cəbhədəki vəziyyətə tam nəzarəti şəxsən öz üzərinə götürməsi, hər bir kənd, yüksəklik uğrunda gedən döyüşləri və uğurları diqqətlə izləyib Azərbaycan xalqına bütün dəqiqliyi və təfərrüatı ilə çatdırması ölkə rəhbərinin müdrikliyinfən və uzaqgörənliyindən, gələcəyə nikbin baxışlarından xəbər verirdi və Hamlet İsmayılov bütün bunları həssas publisist süzgəcindən keçirməklə rusdilli oxuculara çatdıra bilmişdir.



Hamlet İsmayılov bu kitabda Azərbaycanın dostları İqor Korotçenkonun, Maksim Şevçenkonun, Moskvada yaşayan həmyerlimiz Səadət Qədirovanın, habelə, Xalq yazıçısı Çingiz Abdullayevin, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikir və mülahizələrinə geniş yer ayırıb. Müəllif öz keçmiş silahdaşlarının, Azərbaycan Xüsusi Xidmət Orqanlarının yenilməzlik nümunəsindən, cəbhədə göstərdikləri igidliklərdən də ətraflı bəhs edir. Onu da deyim ki, Hamlet müəllim publisistik qeydlərini həm də poetik şəkildə işləyib və kitabda təqdim olunan şeirlər uğurlu nümunələr kimi qəbul edilir.


Hamlet İsmayılov 1973-2003-cü illərdə Xüsusi Xidmət Orqanlarında qüsursuz fəaliyyət nümunəsi göstərib. Yaxşı yadımdadır, 1980-ci ildə Ulu Öndərin Naxçıvan səfəri zamanı Heydər Əliyevin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin Naxçıvan idarəsində çalışan Hamlet İsmayılov da vardı. Biz jurnalistlər Naxçıvandan qayıdandan xeyli sonra Hamlet müəllimin həmin səfər zamanı öz həmkarları, silahdaşları ilə bərabər hansı cəsurluq və peşəkarlıq nümunəsi göstərdiyini öyrənə bilmişdik. O, həmişə bir fikri təkrarlamağı sevir:

“Heydər Əlirza oğlu Əliyevin təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər arasında olmaq qismətinə görə yaradanıma minnətdaram”.

Hamlet İsmayılovun gərgin çekistlik fəaliyyəti bir sıra təltif və mükafatlara layiq görülüb. O, bütün bunları həyatının ən yaddaqalan və sevindirici anları hesab edir. Bununla yanaşı, ona da sevinir ki, Allah ona yazıb-yaratmaq, olub keçənləri əbədiləşdirmək, yaddaşlara köçürmək bacarığı və istedadı da verib. Elə yenicə çapdan çıxmış kitabında da biz bunun şahidi olduq.


Əqidə və qələm dostuma yeni yaradıcılıq uğurları, bir də möhkəm cansağlığı arzulayıram. Yeni kitabın mübarək, Hamlet müəllim!



Akif Cabbarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...