Modern.az

Zəngəzur haqqında nələri bilirik - 101 illik TARİXƏ BAXIŞ

Zəngəzur haqqında nələri bilirik - 101 illik TARİXƏ BAXIŞ

Qərbi Azərbaycan

11 Avqust 2021, 08:58

Azərbaycan ötən ilin payızında tarixi qələbə qazanaraq Qarabağın 30 illik işğalına son qoydu. Cəmi 44 günə Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən Vətən Müharibəsi Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət yaratdı.

 

Azərbaycan xalqının cəm olduğu “Dəmir yumruq” sayəsində bölgənin geosiyasi mənzərəsi dəyişdi, işğalçılar ağ bayraq qaldıraraq qarşımızda diz çökdü və Ermənisan kapitulyasiyaya imza atdı. İkinci Qarabağ savaşının ən mühüm nəticələrindən biri də Azərbaycan, Ermənistan və Rusiya arasında Zəngəzur dəhlizinin açılması barədə üçtərəfli razılığa gəlinməsi oldu.

 

Bu, bizim üçün olduqca önəmli, həm də tarixi nailiyyətdir.

 

 Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, dövlətimizin və xalqımızın qarşısında yeni hədəflər, yeni istiqamətlər durur. Hədəfimiz bəllidir – Zəngəzur. Qarabağda addımladığımız Zəfər yolunun sonunda 101 il əvvəl Azərbaycandan qoparılmış tarixi torpaqlarımızın işığı görünür.

  

Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə çıxışında Zəngəzur məsələsinə toxunaraq, dədə-babalarımızın torpağına qayıdışın anonsunu verib. Ölkə başçısı bildirib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi mütləq bərpa olunacaq. Bu dəhliz yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malikdir.

 

 Prezidentin çıxışından sitat:

 

 “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.


Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

 

Prezident İlham Əliyevin təqdim etdiyimiz çıxışı tarixi faktlara söykənir.  101 illik tarixin bütün mənbələri Zəngəzurun Azərbaycan torpağı olduğunu təsdiqləyir.  Hətta 1920-ci ilə qədər bütün beynəlxalq sənədlərdə, xəritələrdə və yazışmalarda bura Azərbaycan əraziləri kimi qeyd edilib.

 

 Zəngəzurla bağlı nələri bilirik?

 

 Gəlin, tariximizə yenidən nəzər yetirək: 

 

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəllidir ki, İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi halda Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salınıblar.

 

Azərbaycanın tarixi mahalı olan Zəngəzur da digər ərazilərimiz kimi ermənilərin işğalçılıq siyasətinə məruz qalıb.

 

Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.

 

Məlumat üçün bildirək ki, toponimin sonundakı "zur" türk dilində "dərə", "yarğan" mənasında işlənən car sözünün fonetik variantıdır. Ad etnotoponimdir, quruluşca mürəkkəb toponimdir.

 

Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905–1907 və 1914–1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali həlak olub. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilib.

 

 

Zəngəzur torpaqlarının ermənilərə verilməsi

 

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni silahlı dəstələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.

 

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu.

 

1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu bəyan edildi.

 

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla mümkün oldu. Həmin qərarda Zəngəzur bölgəsini iki yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

 

 

Zəngəzurun ermənilərə verilməsi istiqamətində ilk addımlardan biri 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında Nəriman Nərimanov bəyanatla çıxış etdi.


Həmin çıxışda deyilirdi:


“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir (Seçdirmə bizimdir-İ.M.); Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar. Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır".

 

Bakı Sovetinin iclasında yekdilliklə qəbul olunan qətnamədə “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun “...Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı” qeyd edilirdi.


Arxiv sənədlərinin təsdiqlədiyi kimi, torpaqlarımızın parçalanmasında əsas rol oynayanlardan biri olan İosif Stalin bu hadisəni belə izah etmişdi:



“Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın (Bəyanatın məzmunu Yuxarı Qarabağla bağlı burada da təhrif edilmişdir-İ.M.) Sovet Ermənistanına verilməsini elan edir”.


Qeyd etdiyimiz kimi, tariximizin qara səhifəsi olan Zəngəzurun itirilməsinə 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KPMK Siyasi və Təşkilat bürolarının birgə iclasında qərar verildi.  Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkibinə keçir.

 

Beləliklə, 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi. Yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı, Naxçıvan Azərbaycanı digər torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsind əvvəlcə Kürdüstan qəzası, sonra Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə Zəngəzurun bu əraziləri də ermənilər tərəfindən işğal edildi. Şərqi Zəngəzur adlandırılan torpaqlarımız 27 illik işğaldan sonra ötən il azad olunaraq, öz əzəli sahiblərinə qovuşdu.

 

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Sözügedən bəyanatlar Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə siyasi-hüquqi cəhətdən legitimliliyi üçün əsasdır.

 

Yazıda “Vikipedia” və digər internet resurslarındakı məlumatlardan istifadə olunub.

 

Qeyd: Modern.az Zəngəzurlə bağlı önəmli siyasi, iqtisadi, sosial və hərbi xəbərləri özündə cəmləşdirən yeni bölmə yaradıb.    

 

Saytımızda "ZƏNGƏZUR" bölməsinə daxil olan oxucularımız yalnız Şərqi Zəngəzurla bağlı deyil, həmçinin, Qərbi Zəngəzur (Gorus, Mehri, Qafan, Sisian) barədə də dolğun məlumatlar əldə edə biləcəklər.     

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür