Modern.az

Şəhid xanımı: “Allah onu arzuladığı zirvəyə qaldırdı” - MÜSAHİBƏ

Şəhid xanımı: “Allah onu arzuladığı zirvəyə qaldırdı” - MÜSAHİBƏ

11 Avqust 2021, 10:26

“Həyata bir yerdə başlamışdıq, amma birlikdə bitirə bilmədik”.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri  yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün qətiyyətlə mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir.

 

Belə xanımlardan biri Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Rüfət Əsgərovun xanımı Arzu Əsgərovadır.

 

Modern.az-ın “Şəhid xanımı” rubrikasının növbəti buraxılışında Arzu Əsgərovanın həyat hekayəsindən həbs olunur:

 

-Arzu xanım həyat yoldaşınızla ilk tanışlığınız necə olub? O gün ürəyinizə, ağlınıza necə qazınıb?

 

- Rüfətlə eyni bağçaya, məktəbə getmişik. Bir məhlənin uşaqları olmuşuq, paralel siniflərdə təhsil almışıq. O 9-cu sinifdə məktəbdən ayrıldı, Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almağa getdi. Uşaqlıqdan bir-birimizi çox görürdük, ancaq ilk yaxından tanışlığımız 2005-ci ilin iyun ayında oldu. Rüfət həmin vaxt Beyləqanda N saylı hərbi hissədə qulluq edirdi. Bakıya gəlmişdi, mənimlə danışdı, fikirlərini dedi. 6 aydan sonra ailə qurduq. Yenidən dünyaya gəlsəm, düşünmədən Rüfəti seçərəm. Qürur duyulacaq həyat yoldaşı, çox gözəl ata idi.

 

- Şəhidimizlə birgə ömür sürdüyünüz həyat hekayənizdən danışa bilərsizmi?

 

- Biz tanış olarkən Rüfət aşağı rütbədə - leytenant idi. Mayor rütbəsinə qədər bütün uğurlarını birlikdə yaşamışıq. Hərbçi həyatı nə qədər şərəflidirsə, o qədər də çətindir.  Beyləqanda, Ağdamda, Gəncədə və son olaraq Tovuzda hərbi xidmətdə olub. Həyatımızın çətinliyi çox olub. Biz bütün çətinlikləri aşdıq, müharibə çətinliyini aşa bilmədik.

 

İlk tanış olanda “ Arzu, mən kəşfiyyatçıyam, hərbçi bölgələri gəzir, çətinliklər olacaq, hazırsanmı bunlara” dedi. İndi düşünürəm ki, Rüfət çətinlik deyəndə bu çətinliyi nəzərdə tuturmuş. Torpaqlarımzın işğalda olmasını qəbullana bilmirdi, hər məclisdə torpaqlardan söz açırdı, “azad olunacaq” deyirdi. Heç vaxt diqqətini mənim, uşaqların üzərindən ayırmayıb.

 

- Hərbçi xanımı olmaq o qədər də asan deyil. Yoldaşınızla ayrı qaldığınız günləriniz də olub. Bəs birgə olduğunuz hansı günü hələ də unuda bilmirsiniz?

 

- Dediyiniz kimi, həyat yoldaşım hərbçi idi, bir yerdə çox ola bilmirdik. Onunla birgə keçirdiyim günlər sayılı qədər olduğundan hər gün mənim üçün özəl idi. Rüfətlə yaşadığım günlər mükkəməldir, unudulmazdır.

 

-  Bir ömür boyu unutmaycağınız son telefon danışığınızı, son görüşünüzü necə xatırlayırsınız?

 

- Vətən müharibəsi başladığı gündən cəbhəyə yollandı. Bu dəfə qəribə idim, içimə bir hiss dolmuşdu, o hissi ifadə edə bilmərəm. Məndən halallıq aldı, “belə danışma sağ-salamat qayıdacağsan” dedim. Getdikdən sonra 12 gün mənlə əlaqə saxladı. Son dəfə danışanda “yaxşılıqdır, salamatçılıqdır” narahat olma” dedi.

 

Sonra telefonda baxdım ki, 27 saniyəlik danışıq olub. O danışığımızdan sonra döyüşə girib, ayın 13-dən 14-ə keçən gecə şəhid olub. Mən Rüfəti ölməz bilirdim, eşidəndə ki, o şəhid olub inanmadım. Hər zaman deyərdi ki, hərbçinin bir şərəfli ölümü olar, o da şəhid olmaqdır. Şəhid olmağı elə arzuladı ki, o zirvəyə qalxmağı Allah nəsib etdi.

 

- Sizin üçün elə bir şey varmı, hər dəfə onu görəndə, toxunanda gözləriniz dolub, yoldaşınızı yada salırsınız?

 

-  Son dəfə sentyabrın 5-də doğum günümdə ətir almışdı. O ətri, aldığı bütün hədiyyələri görəndə Rüfəti xatırlayıram. 15 il ailəli olmuşuq, ancaq saysaq onun cəmi 5 ilini bir arada keçirmişik. Doğum günümdə, 8 Martda həmişə hədiyyələr alardı, gülləri sevdiyimi bildiyi üçün daha çox gül hədiyyə edərdi. Həyata bir yerdə başlamışdıq, amma birlikdə bitirə bilmədik.

 

- Vətənə əmanət olan övladlarınızla bağlı arzularınız nədən ibarətdir?

 

 - Uşaqların təhsilinə ciddi yanaşmışıq. Nə qədər yorğun olsa da onların gündəliyini yoxlayırdı, dərslərini soruşurdu. Çalışacağam ki, onun istədiyi kimi övladlar böyüdüm. Uşaqlara Vətən sevgisini elə aşılamışdı ki, onun şəhid xəbərini soyuqqanlılıqla qarşıladılar. Xocalı faciəsindən, 20 Yanvar hadisələrindən televizorda verilən bəzi kadrlara uşaqların baxmağını istəmirdim. Amma Rüfət “qoy baxsınlar, bilsinlər ki, düşmən kimdir” deyirdi. Onun söhbətlərinin yarıdan çoxu Vətən haqqında olurdu.

 

Qeyd edək ki, Rüfət Əsgərov 1981-ci ilin avqustun 29-da Qubadlı rayonunda anadan olub. 1988-1996-cı illərdə Bakı şəhəri, Xətai rayonu Ə. Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib.

 

Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub. Ölümündən sonra “ Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Şəhid mayor 2-ci Fəxri Xiyabanda dəfn edili

 

Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...