Modern.az

Bayraq \"yanğısı\", yoxsa quyruq ağrısı, yaxud parlamenti nüfuzdan salmaq cəhdləri nəyə xidmət edir?

Bayraq \

11 Avqust 2021, 11:07

İran İslam Respublikasının yeni seçilmiş prezidenti İbrahim Rəisinin inaqurasiya mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın rəhbərliyi ilə qonşu ölkəyə səfər etmiş nümayəndə heyətimiz İranda bir çox faydalı görüşlər keçirmişdir.

 

Bu görüşlər, görüşlərdə müzakirə edilən ikitərəfli faydalı məsələlər, xüsusi ilə xanım Qafarovanın səsləndirdiyi Qarabağın işğaldan azad edilməsi, yenidənqurma işləri, Xocalı soyqırımının qonşu dövlətin parlamenti tərəfindən tanınması kimi cəsarətli fikirlər elə bil ki, qəsdən pərdə arxasına keçirildi. Şər, böhtan, paxıllıq, qısqanclıq isə sosial şəbəkəlırdə və bəzi KİV - lərdə ardıcıl və sistemli şəkildə körüklənməyə başladı. Diqqəti bilməyərəkdən, yoxsa qəsdən iki məsələnin üzərinə yönəltdilər: Xanım Qafarovanın Prezident Rəisi ilə görüşündə niyə təkcə İran bayrağı qoyulub? Və Azərbaycan Milli Məclisinin xanım sədri niyə islam qaydalarına uyğun geyinmişdir?

 

Bu cəfəng və xain suallara millət vəkili həmkarlarımız, xüsusi ilə Əli Hüseyinli, Fazil Mustafa, Tahir Mirkişili, Arzu Nağıyev, Etibar Əliyev və başqaları tutarlı cavab verdiyindən və məsələnin mahiyyətini xain və yaramazlara gərəyincə izah etdiklərindən diplomatik etiket və protokol qaydalarından təkrar bəhs etməyəcəm. Və təxminən qapanmış bu mövzuya qayıtmaqda məqsədim heç də parlamentar təəssübkeşliyimi sərgiləmək deyil.

 

Bu yazıda məni narahat edən bəzi suallara cavab axtarmaq istəyirəm.

 

Cənab İbrahim Rəisi öz dövlətləri adından onu təbrik etməyə gəlmiş bir çox ölkələrin, parlament sədrləri, o cümlədən  Rusiya Dumasının sədri Vyaçeslav Volodin, Qırğızstan Joqorku Keneşin sədri Talant Mamıtov, Belarus parlamentinin sədri Vladimir Andriçenko, Niger parlamentinin aşağı palatasının sədri Sini Amaro, Özbəkistan parlamentinin aşağı palatasının sədri Nurdincan İsmayılov, Tacikistan parlamentinin aşağı palatasının sədri Mahmadtair Zakirzadə,  və digər spikerlərlə görüşmüşdü.

 

Bu görüşlərdə də İran bayrağından başqa heç bir bayraq olmamışdır. Bu ən adi bir protokol qaydasıdır. Ölkənin 1- ci şəxslərinin görüşündə hər iki tərəfin dövlət bayrağı qoyular, digər hallarda isə qəbul edən ölkənin 1- ci şəxsinin arxasında həmin ölkənin dövlət  bayrağı olur. Bərabər ranqlı rəhbər şəxslərin görüşündə isə hər iki ölkənin dövlət bayrağı görüş salonunda yerləşdirilir. Necə ki, hörmətli xanım Qafarovanın İran Parlamentinin sədri ilə görüşündə həm Azərbaycan, hən də İran bayraqları qoyulmuşdu.

 

Bu ən adi diplomatik protokol qaydalarını bilməyən şəxslərin hay küy salmaqda məqsədləri nə idi? Niyə adekvat izahatlar veriləndən sonra da daha bir neçə gün bu qaragüruh kampaniyası davam etdi? Nadanları demirəm, niyə səhv yazdıqlarını anlaylb susan bir nəfər də olsun KİV nümayəndəsi və sosial şəbəkə iştirakçısı xanım Qafarovadan və içtimaiyyətdən yanlışlıqlarına görə üzür istəmədi?

 

Yuxarıda parlament sədrlərinin adlarını qeyd etdiyim ölkələrin bəzilərinin elektron KİV- lərində və sosial şəbəkələrdə məqsədli şəkildə sorğu versəm də, heç bir ölkədə İran bayrağı ilə yanaşı öz ölkələrinin bayrağının qoyulmaması barədə tənqidə və suala rast gəlmədim.

 

Nədir Milli Məclisə qarşı bu qərəz? Haradan qaynaqlanır? Milli Məclisi hakimiyyətin digər qolları ilə, xüsusi ilə icra hakimiyyəti orqanları ilə qarşı- qarşıya qoymaq istəyənlərin məqsədi nədir? Təbii ki, ölkədə hakimiyyəti zəiflətmək, ictimai- siyasi ab- havanı bulandırmaq və bulanıq suda balıq tutmaq istəyi.

 

Kimlərdi cənab Prezidentin tarixi Qarabağ zəfərini həzm edə bilməyənlər?

 

Xarici havadarlarından, hətta erməni lobbi qruplarından qrant, ianə, " demokratiyaya dəstək" və s.  adlar altında vəsaitlər alıb niyyətlərinə çatmayanda isə quyruğu qapı arasında qalmış oğru pişiklər kimi astananı cırmaqlayanlar?

 

Bir çoxları məlumdur: 5- ci kalonun nümayəndələri, Əli Kərimlinin və Arif Hacılının təlimatları ilə oturub- duran antimilli qüvvələr və sosial şəbəkələrin zombiləşdirdiyi nadan qaragüruh.

 

Niyyətləri də məlumdur: parlamenti bütövlükdə, onun ən  fəal üzvlərini isə ardıcıl və sistemli şəkildə nüfuzdan salmaq, şər, böhtan , təhqir və qarayaxma ilə onları siyasi meydandan və içtimai platformadan çəkindirmək, parlamentdəki sivil siyasi mübarizə və  müzakirələri meydanlara daşımaqla doxsanıncı illərin gorbagor olmuş xaosunu  diriltmək.

 

Əgər əvvəlki çağırış parlament haqqında təhqiramiz "lal deputatlar"  ifadəsi ilə Məclisi nüfuzdan salmağa çalışırdılarsa, indi daha çox çıxış edən, təklif verən, tənqid söyləyən deputatları qaragüruhün təhqir və böhtan nişangahında görürük. Lakin bu xainlər və nadanlar biryolluq anlamalıdırlar ki,  biz yolumuzla davam edəcəyik, böhtan və təhqirlər bizi dövlətçilik yolundan döndərə bilməz. Bir də ki, çaqqaldan qorxanın meşədə nə işi var axı?

Əsasən xaricdən mayalanan söyüş ritorikası və böhtan istehsalının əsil niyyətini və mahiyyətini cənab prezident İlham Əliyev  Milli Məclisdəki 10 mart 2020- ci il tarixli çıxışında xalqımıza bildirmişdir:

 

 

 

 

 

"Biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir".

 

Altıncı çağırış Milli Məclis bir çox parametrləri ilə əvvəlki parlamentlərdən xeyli fərqlidir. Pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq daha aktiv müzakirələr açılır, demək olar ki, hər plenar iclasda cari məsələlərin müzakirəsinə kifayət qədər vaxt ayrılır, seçicilərin problemləri qaldırılır, Komitələrdə qanun layihələrinin müzakirələri ilə yanaşı, ən aktual problemlərlə bağlı genişləndirilmiş dinləmələr keçirilir.

 

Milli Məclisin sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətimiz bizə dost və qonşu ölkələrə səfərlər etmiş, beynəlxalq nüfuzlu nümayəndə heyətlərini qəbul etmişdir. Bütün bu görüşlərin ana mövzusu Qarabağ münaqişəsi, Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız 44 günlük Zəfər savaşı olmuşdur. Yaxşı yadımdadır. Ötən il iyulun 15 - də Tovuz döyüşləri zamanı Bakıda spontan keçirilən dəstək aksiyası, sonda qaragüruhun  bu xoş məramlı tədbiri xaosa çevirmək cəhdi və Milli Məclisin binasına soxularaq talançılıq törədilməsi. Hadisədən xəbər tutan kimi Milli Məclisə gəlmişdim. Sahibə xanım və bütün rəhbərlik iş başında idi. İlk işimiz bütün beynəlxalq təşkilatlara və xarici ölkə parlamentlərinə Ermənistanın Azərbaycana yeni işğal cəhdi və bu işğalı pisləmək çağırışı haqqında məktublar hazırlamaq oldu. Cəmi bir gün ərzində 80 ölkə parlamentinə və 30- a yaxın beynəlxalq təşkilata məktublar yazıldı və göndərildi. Həmin günlərdə Sahibə xanım onlarla ölkənin parlament sədri ilə telefonda danışdı. Bütün televiziyalarda, mətbu orqanlarda, elektron KİV- lərdə millət vəkilləri fəal çıxışlar və çağırışlar etdilər. Pandemiya dövrünün karantin şərtlərinə baxmayaraq Milli Məclis sədirnin müavini Adil Əliyev, Tovuzdan olan deputatlarımız Qənirə Paşayeva, Arzu Nağıyev və dugər həmkarlarımız döyüş bölgələrində ruhlandırıcı təbliğat işləri apardılar.

 

 

44 günlük Zəfər savaşında da Milli Məclis olduqca fəal mövqe nümayiş etdirdi, istər diplomatik kanallarla, istər dostluq qrupları vasitəsi ilə Azərbaycanın haqq işini dünyaya çatdırdı, deputatlar seçicilərinin, şəhid ailələrinin, qazilərin yanında oldular.

 

Milli Məclis sədri Sahibə xanım Qafarovanın imzası ilə bütün ölkələrin parlament sədrlərinə və beynəlxalq təşkilatların rəhbərlərinə məlumatlandırıcı məktublar göndərildi, qarşılıqlı səfərlər həyata keçirildi.

 

Bu ilin iyulun 27- də Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri tərəfindən imzalanmış "Bakı Bəyannaməsi" isə öz tarixi əhəmiyyətinə görə "Şuşa bəyannaməsi"nin məntiqi davamı olmaqla regionda sülhə, əməkdaşlığa və təhlükəsizlik məsələlərinə ciddi tövhə kimi dəyərləndirilməlidir.

 

 

Cənab prezident İlham Əliyevin 2018- ci ildə başladığı çoxşaxəli dərin  islahatlar həm də idarəetmənin təkmilləşdirilməsini, strukturlar arası, həmçinin hakimiyyət qolları arasındakı işgüzar münasibətlərin daha da saflaşmasını və fəallaşmasını nəzərdə tutur.

 

Məhz bu məqsədlə, icra hakimiyyəti orqanları ilə qanunverici hakimiyyət və siyasi partiyalar arasında dialoq mühitinin gücləndirilməsi, faydalı və işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Prezident Adminstrasiyasında yeni bir şöbə-Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Qısa müddət ərzində şöbə müdiri professor Ədalət Vəliyevin səyləri nəticəsində  parlamentlə icra hakimiyyəti orqanları arasında sistemli, səmərəli əməkdaşlıq mühiti formalaşdı və bu münasibətlər artan xətlə davam etməkdədir. Eyni zamanda Milli Məclisdə ciddi  struktur dəyişikliyi aparıldı, biri- birini təkrarlayan şöbələr birləşdirildi, kadr təminatı saflaşdırıldı, bir neçə yeni şöbə, o cümlədən "İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi" yaradıldı.

 

Qanunverici hakimiyyətlə İcraedici hakimiyyət arasındakı əlaqələrin möhkəm təməl üzərində qurulması və fəaliyyətlərinin biri- biri ilə sıx uzlaşdırılması hüquqi dövlətin inkişafı, vətəndaş cəmiyyətinin qurulmasında çox mühüm təkanverici amildir.

 

Bu barədə cənab Prezident 6- cı çağırış Milli Məclisin ilk sessiyasının açılışındakı proqram xarakterli çıxışında millət vəkillərinə öz tövsiyyələrini  vermişdir:

 

"Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.

 

Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək."

 

Məhz cənab Prezidentin bu tövsiyyəsini rəhbər tutaraq deputatlar  yerlərdə seçicilərlə görüşür, problemləri öyrənir, müvafiq qurumlara rəsmi sorğular göndərməklə yanaşı, seçici problemlərini tez- tez Milli Məclisin tribunasından qaldırırlar. Təəssüf ki, həllini tapan məsələlərlə yanaşı, həllini gözləyən kifayət qədər problemlər də vardır, bəzən də deputatların qaldırdıqları məsələlərə qeyri- adekvat, hətta siyasi- etikadan kənar reaksiyalar da olur. Bunlar da bir reallıqdır, və işgüzar qaydada təhlil edilib, müzakirə olunub yoluna qoyula bilən məsələlərdir.

 

Bir məsələni də vurğulamaq yerinə düşər ki, parlamentdəki deputatlar Allahın yer üzünə endirdiyi mələklər deyil, bu xalqın, bu toplumun içindən çıxan insanlardır. Hər kəsin nöqsanı, səhvi, hətta cinayət törətməsi ola bilər. Heç bir halda bir şəxsin nöqsanını bütöv kollektivin adına bulaşdırmaq olmaz. Təəssüf ki, Eldəniz Səlimov hadisəsində bütövlükdə Milli Məclisə çamur atmaq cəhdlərinin də şahidi olduq. Halbuki, Eldəniz Səlimovun əməlinə ən birinci və ən adekvat qiyməti elə öz qərarı ilə Milli Məclis vermişdir.

 

Parlamenti nüfuzdan salma kampaniyası aparan qruplardan biri də sosial mediada özünü guya yeni qiyafədə müxalifət kimi təqdim edən hay- küyçü gülü burnunda - gülbəsər partiya sədrləri, funksionerləridir. Tez- tez - "bu parlament buraxılmalıdır, yeni parlament seçkiləri keçirilməlidir", yaxud "parlamentə seçkilər yalnız proporsional qaydada keçirilməlidir"- kimi  əsassız iddialarla çıxış edərək hamıya məlum problemləri radikal notlar üzərindən yenidən qabartmaqla milli qeyrət dağarcığı olduqları fikrini kütləyə sırımaqla məşğuldurlar.

Biz tənqidə qarşı deyilik, özümüz də tez- tez neqativləri tənqid edirik. Amma tənqid ədalətli, ən əsası da xoş niyyətli olmalıdır, birliyə xidmət etməlidir, dağıtmağa yox!

 

Cənab Prezident İlham Əliyev ötən il martın 10- da Milli Məclisdə çıxışı zamanı bu tip qruplara çox sərt şəkildə öz xəbərdarlığını bildirmişdir:

 

"Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək.

 

Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın".

 

Bir kiçik, dost iradım da Milli Məclisə akkreditasiya edilmiş, bizimlə daim əməkdaşlıq edən jurnalist dostlarımızadır. Özünüz Allah şahidisiniz ki, altıncı çağırış Milli Məclisin işində nə qədər yeniliklər, pozitiv dəyişikliklər vardır, sizin iş şəraitiniz də yaxşılaşdırılıb, mətbuat üçün ayrıca  müsahibə otağı ayrılıb, Milli Məclislə mətbuat arasında çox işgüzar və etibarlı münasibət formalaşıb. Belə olan halda bir neçə dostlarımız istisna olmaqla, əksər KİV- lərin feyk " bayraq krizi" məsələsində liberallıq göstərməsi dost münasibətin ifadəsi deyildir. Həqiqəti yazmaq, haqqı nahaqqa verməmək hər bir qələm adamının vəzifə və vicdan borcu olmalıdır.

 

Konstitusiyamıza görə Azərbaycanda dövlət hakimiyyətinin bölgüsü təmin edilmişdir. Obrazlı söyləsək, ölkəmidə dövlət hakimiyyəti Qaninverici hakimiyyət, İcraedici hakimiyyət və Məhkəmə hakimiyyətindən ibarət sacayağın üzərində təsbit olunmişdur. Bu ayaqların hamısı eyni ölçüdə və eyni gücdə olmalıdır ki, dövlət möhkəm olsun, inkişaf etsin, qanunçuluq, asayiş və ədalət pozulmasın. Bu hakimiyyət qollarının hər hansı birinin zəiflədiliməsi cəhdləri, bütövlükdə dövlət hakimiyyətinə qarşı qəsd kimi qiymətləndirilməlidir.

 

Bu gün Azərbaycanın Milli Məclisi əhalinin ən əlçatan hakimiyyət qoludur. Rayon icra hakimiyyəti başçısına, nazirə, prokurora, məhkəməyə, bələdiyyəyə aid şikayətlərlə də deputatın qəbuluna gəlirlər. Amma deputat səlahiyyəti daxilində olmayan bu şikayətləri aidiyyatı orqanlara ünvanlamaqdan başqa bir imkana malik deyildir və bu da bir reallıqdır.

 

Bütün dövlətlərdə və cəmiyyətlərdə vaxtaşırı  maraqların toqquşması hadisəsi baş verir. Bir çox hallarda şəxsi və korporativ maraqlar içtimai maraqlarla uzlaşmır, anlaşılmazlıq,  gərginlik yaranlr. Parlamentlərin qanun yaradıcılığı funksiyası ilə yanaşı bir vəzifəsi də odur ki,  fərdi və sahə maraqlarını içtimai mənafe ilə uzlaşdırsın, umumdövlət, ümumxalq marağına xidmət etməyə yönəltsin. Bu mənada parlament həm də toqquşan maraqlar arasında bir müdafiə yastığı, bufer rolunu oynayır. Və bu bufer nə qədər möhkəm, çevik və elastik olarsa, toqquşub əzilənimiz də az olar!

 

Musa Urud

Millət vəkili 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər