Modern.az

Cəbrayılda şəhid olan 29 yaşlı gizirin Nişanəsi... - FOTOLAR

Cəbrayılda şəhid olan 29 yaşlı gizirin Nişanəsi... - FOTOLAR

12 Avqust 2021, 09:10

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14  iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır. Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənlər var idi.

 

Doğulacaq sonbeşiyini görmədən bu dünyadan köçən qəhrəmanlarımızdan biri də Qəzənfər Mütəllimovdur.

 

Arayış: Gizir Qəzənfər Mütəllimov 1992-ci ilin yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. H.Z.Tağıyev qəsəbəsi 6 nömrəli məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

 

Aprel döyüşlərində şəhid xəbəri yayılmışdı, 3 gün sonra sağ qayıtdı...

 

Şəhidin həyat yoldaşı Zöhrə Mütəllimova qəhrəmanımız haqqında Modern.az-a danışıb:

 

“Hərbi xidmətini Tərtər və Goranboyda səngərdə keçirib.  Qəzənfər çevikliyinə görə manqa komandiri vəzifəsində xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində NATO tərkibli sülhməramlıların hərbi hissəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində Talış kəndi istiqamətində ağır əməliyyatda iştirak edib. Döyüş bitdikdən sonra Qəzənfərin şəhid olma xəbəri yayılmışdı. Amma döyüşdən 3 gün sonra Qəzənfər geri döndü. Vətən müharibəsi vaxtı sentyabrın 25-də cəbhəyə yola düşdü. Mənə dedi ki, təlimə gedirəm. Gedərkən nigaran baxışları var idi, qaynanam onu Quranın altından keçirdi, yola saldıq getdi. Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid oldu. Vəfatından sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasın görə” və “İgidliyə görə” medalları ilə təltif olunub”.

 

“Atasının şəklini öpürdü, sanki şəhid olduğunu bilirdi”

 

Zöhrə xanımın sözlərinə görə, həyat yoldaşı ailəcanlı olub, boş vaxtlarını qızı ilə keçirirmiş:

 

“Qəzənfərlə bir məktəbdə təhsil almışıq. Məktəbdə onu görəndə əsəbləşirdim, dəcəl, nadinc uşaq idi. 2017- ci ildə ciddi tanışlığımız oldu. Yaxından tanıyanda inanmırdım ki, bu mənim uşaqlıqda tanıdığım Qəzənfərdir. Biz nişanlandıqdan sonra təyinatını Cəlilabaddan xüsusi təyinatlıların N saylı hərbi hissəsinə aldı. 2018-ci ildə ailə qurduq. Qızım Mələk dünyaya gəldi. Qəzənfər döyüşə gedəndə övladımızın olacağını bilirdi, ancaq cinsiyyətini bilmirdi. Çox ailəcanlı idi, 5 dəqiqə vaxt tapan kimi qızımızla oynayırdı. Atasının vəfatı günü Mələk qəribə hərəkətlər edirdi. Pəncərədən baxıb ağlıyırdı, atasının şəklini öpürdü, sanki uşağ atasının şəhid olduğunu bilirdi.

 

Dünyaya gələn ikinci qızıma Nişanə adını verdik. Atasından bizə nişanə qaldı. Tək arzum qızlarımı atasına, millətinə layiqli övlad kimi yetişdirməkdir. Necə ki, ataları onları ucaltdı, onlar da hər yerdə atalarını uca etsinlər. Allah məni o dünyada Qəzənfərə qovuşdursun, ruhum onunla bərabər olsun”.

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir