Modern.az

Ağdamda bir “Osman təpəsi” var - Bilinməyən Şəhidlər məzarlığı…

Ağdamda bir “Osman təpəsi” var - Bilinməyən Şəhidlər məzarlığı…

Ədəbi̇yyat

12 Avqust 2021, 11:45

Azərbaycanda oluqca çoxlu tayfa, xalq, nəsil, şəxs adlarını daşıyan mikrotoponimlər var. Məlum olduğu kimi, toponimlər tarixi baxımdan ən etibarlı məxəz olmaq  əhəmiyyətinə malikdir. Ona görə ki, zamanın amansız siyasi-ictimai hadisələri ən çox yazılı mənbələri məhv etdiyi halda, onlara nisbətən toponimlər uzunömürlü olur. Ancaq makrotoponimlərdən fərqli olaraq, yerlərdən yazılı şəkildə qeydə alınmayan mikrotoponimlər tez unudulub sıradan çıxır. Lakin unutmaq olmaz ki, mikrotoponimlərdə də xalqın tarixi, dili, mədəniyyəti və həyat tərzi yaşamaqdadır... Belə toponimlərdən biri də “Osman təpəsi”adı ilə məlum olan mikrotoponimdir.


Ağdam bölgəsinin  Əlimədədli icra nümayəndəliyi ərazisində “Osman təpəsi” deyilən tarixi bir məkan var – Şəhidlər qəbiristanlığıdır.  “Osman təpəsi”  mikrotoponimi Xaçın çayının sol sahilində Tayırrar qışlağı, Məşədi Qurban – Salman bəy dəyirmanı tuşunda yerləşir. Xaçın çayının sağ sahilindəki  XIV əsr Sarı Musa türbəsi, Cinli kəndi ilə üzbəüzdür. Cinli kəndinin üstündəki yüksək Fərrux adlanan dağ ətəyində isə erməniləşmiş alban tayfası yaşayan kənddən erməni vandalları həmişə aşağı ərazidə -  Kolanı tayfasına mənsub Cinli, Əlimədədli, Əliağalı, Xaçındərbənd, Mollalar, Kürdlər, Kəngərli azərbaycanlılar yaşayan kəndləri atəş altında saxlayıblar…


Tarixə qısa ekskurs etsək, əvvəlki əsrləri hələ demirik, xüsusən, keçən əsrin əvvəllərində Azərbycan, Bakı qəzası, o cümlədən Qarabağ erməni terroruna və işğalına məruz qalanda ilkin bizə yardıma qaçan Omanlı Türkiyəsi olub. 1918-ci ildə Bakının azad edilməsindən sonra Nuru Paşa başda olmaqla əsas özəyi Osmanlı döyüşçülərdən ibarət olan Qafqaz İslam Ordusu Qarabağ, Şuşa istiqamətində erməni barbarları ilə mübarizə aparıb. Mənbələrdə göstərildiyi kimi, 1918-ci il noyabrın 1-də Nuru Paşa Ağdama gələrək döyüş hazırlıqlarına başlayıb, noyabrın 4-də Əsgəran-Şuşa istiqamətində və Xaçın çayı boyunca yerləşən erməni işğalçılarının mövqelərinə hücüm əməliyyatı həyata keçirib.  Fərrux, Daşbaşı, Sırxavənd, İsmayılbəyli, Ballı qaya, Koladəy, Dovşanlı, Vəng istiqmətlərində də erməni daşnakları ilə Qafqaz İslam Ordusu arasında qızğın döyüşlər gedib.  Qafqaz İslam Ordusuna məxsus 9-cu və 106-cı türk alaylarının mühüm bir qismi və qərərgahı Xaçın kənarında əvvəllər bağlı-bağatlı yerdə mövqe tutmuşdu. Bu yer sonradan xalq arasında “Osman təpəsi” adlanıb. Buradan Yeddixırman, Fərrux dağı və Vəngə qədər Xaçınboyu kəndləri asanlıqla nəzarətdə saxlamaq və idarə etmək olurdu...


Qocaların dediyinə görə, “Osman təpəsi” adlanan yerdə salınan Şəhid qəbiristanlığı 1918-ci ildə Qarabağı talan edən erməni silahlı qüvvələrindən xilasa gələn Osmanlı qoşunlarının şəhidlərinə məxsus olub və xalq arasında “Osman təpəsi” adlandırılıb.  Onu da qeyd edək ki, Türk qoşunlarının sərkərdələrindən olan Nuru Paşanın, Mürsəl Paşanın, Cahid Cəmil bəyin, İsmayıl Hakkı bəyin adları Azərbaycanda, Qarabağda, Ağdamda olduqca məşhur idi və xalqın bu sərkərdələrə məhəbbəti və hörməti heç vədə sönmədi...


Xalq, sadə camaat Sovet dönəmində belə, bu məhəbbəti qorumaq üçün övladlarına Osman, Nuru, Mürsəl, Cahid, Cəmil,  Hakkı, Paşa, İsmət, Mustafa, Kamal, Rəfiq, Yılmaz, Adnan, Amir, Aqşin, Ayvaz, Çələbi, Bülənt, Cövdət, Əmirə (Emre), Ərtoğrul (Toğrul) və s. bu kimi türk adlarını  fərəh və şərəflə qoyur, bununla da, araya nifaq salmaq istəyən qüvvələrin açığına Türk qardaşlarına məhəbbətlərini qoruyub saxlayırdılar. Yadımdadır ki, təkcə bizim kəndlərdə onlarla Osman, Nuru, Paşa, Kamal (Kemal), Mustafa, Midhət, Nihad, Timur, Teyfur (Tayfur), Turan, Turqut, Türkeş, Temir, Yavuz  adlarını daşıyanlar var idi. Bəlkə də, Azərbaycanda yeganə Hakkı adını daşıyan tanınmış ziyalı, müəllim, məktəb direktoru olmuş Ağdamın Ətyeməzli kəndindən Hakkı müəllim idi...


Bu adların hamısı, xüsusən sovet dönəmində toplumda, cəmiyyətdə  özlüyündə tarixi-sosial və kulturoloji məna və mahiyyət, status daşıyır, örtülü,  gizli şəkildə olsa da, xalqın ümid və arzularının, ideallarının daşıyıcısı olur, türk xalqları dostluğunun, türkçülük yaddaşının qoryucusuna, himayəçisinə çevrilirdi... Çünki, ən qədim tarixdən, Dədəd Qorqud dönəmindən üzübəri ad qoymanın Türk mədəniyyətində olduqca böyük milli-mənəvi, əxlaqi önəmi olub...


“Osman təpəsi” yer adının qorunub saxlanması da, bu idealın, məhəbbətin təzahürlərindən biri idi... İnanırıq ki, indi – Qarabağın erməni işğalından azad olunması uğrunda qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra yüzlərlə azərbaycanlı körpəyə bizim qələbə müjdəmizdə əvəzsiz rol oynamış Ərdoğan, Hulusi, Akar, Mövlud, Çavuş, Selcuq, Bayraqdar, Akınçı adları qoyulacaqlar...


Cinli kəndinin  sayılan-seçilən ziyalılarından, birinci Qarabağ müharibəsində üç il sərasər bölük və batalyon komandiri olan, Qarabağ müharibəsi veteranı, hazırda Sumqayıtda yerləşən Ağdam köçgün məktəbinin direktoru Quliyev Adil Vəli oğlu söyləyir ki, “keçən əsrin 80-ci illərinin əvvəlləri idi. Məni, gənc komsomolçunu M.F.Axundov adına üzümçülük sovxozunda,  o vaxtalar dəbdə olan “Gənc komsomolçular briqadası”na başçı – briqadir  seçmişdilər, üzüm – tənək bağları salır, geniş bağ sahələrinə xidmət edir, bol da məhsul götürürdük.  “Osman təpəsi” adlanan yer də bizim xidmət sahəmizə düşürdü…  Bağ sahəsini genişləndirmək adı ilə rəhbərlikdə olan hansısa qaragüruhçunun ağlına düşmüşdü ki, bu təpəni şümladıb əkin sahəsinə çevirsin…  O vaxtlar biz şəhid qəbristanlığı adını bilmirdik, amma onu bilirdik ki, bu təpədə vaxtilə bizi erməni qırğınlarından xilasa gələn türk qoşunundan həlak olan döyüşçülər dəfn olunub və ağıldankəm kimsə əkin sahəsini genişləndirmək  adı altında bu müqəddəs təpəni məhv etmək fikrinə düşübdür…  Uzun sözün qısası, biz gənclər qəti etiraz etdik ki, bura qəbiristanlıqdır və oradan götürüləcək məhsul  da  haramdır. Bizi çək-çevirə saldılar, az qala ideoloji səbatsızlıqda günahlandırdılar, yolumuzdan çəkilmədik, kənd ağsaqqalları da bizi müdafiəyə qalxdılar, rayon rəhbərliyndən də anlaşıqlı yanaşmalar oldu…

Onu da deyim ki,  bizim mövqeyimizdə duran bütün traktorçülar da o yeri şumlamaqdan imtina etdilər. Haradansa bir erməni tapıb gecə ilə şum atmğa başlamışdılar, vaxtında xəbər tutduq, qarşısını aldıq. Gödək bir şum şırımından xeyli giliz, insan sümükləri çıxmışdı, təzədən onları həmin yerdə basdırdıq…  İndi həmin təpə - “Osaman təpəsi” durur”.

 
Bəli, şükürlər olsun ki, bu tarixi şəhidlik məzarlığı durur… Bu məkan, başqa belə müqəddəs yerlər Türk qardaşlığının, Türkiyə - Azərbaycan qardaşlığının pozulmaz  tarixi faktlarından biridir...  

 
2021-ci il iyunun 15-də Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Şüşadakı möhtəşəm görüşü və “Şuşa Bəyannaməsinin” imzalanması da bu tarixi ənənənin müqəddəsliyə və əbədiliyə söykənən davamıdır, həmçinin hər iki dövlətin humanist, ədalətli və vicdanlı social siyasətinin bəhrəsidir...

Dediyimiz, təklifimiz budur ki, Ağdamın Əlimədədli kəndində yerləşən “Osman təpəsi” adlanan bu tarixi şəhidlik məzarlığı Türkiyə-Azərbaycan arxeoloqları, mütəxəssisləri tərəfindən tədqiq olunsun, mümkün qədər şəhidlərin şəxsiyyətinin müəyyənləşdirilməsi  aparılsın. Və bu şəhidlər məzarıstanı tarixi abidə kimi təsbit edilərək qorunsun, ziyarətgaha çevrilsin…

Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin! Amin!!

 

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
08.08.2021.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...