Arxiv
12 Avqust 2021, 12:01 | ZƏNGƏZUR
Zəngəzurun Comardlı kəndi - Heydər Əliyevin ata yurdu

Comardlı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ata yurdudur. Bu kənd Zəngəzur dağlarının qoynunda yerləşir. Füsunkar təbiəti, başı qarlı dağları, buz bulaqları, sıx meşələri ilə insanı heyrətləndirən yurd yeridir. Bir neçə il əvvəl Comardlının tarixi keçmişi haqqında məqalə yazmaq istəyirdim. Səbəb isə Zəngəzur kitabı haqqında materiallar toplayarkən bir sıra mənbələrdə bu kənd haqqında tutarlı dəlillərə rast gəlməyim oldu.

 

Zəngəzur Azərbaycan türkünün qədim yurdudur. Müasir Türkiyə və Azərbaycan türklərinin tarixdə bir neçə ortaq dövləti olub, yəni vahid türk dövləti. Bu möhtəşəm dövlətlərdən biri də Böyük Səlcuq dövlətidir. XI əsrin ortalarında Sultan Toğrulun və Alp Arslanın hakimiyyəti dövrlərində bu dövlətin Cənubi Qafqazda nüfuzu güclənir. Bu türk dövlətinin şimal sərhədi Şimali Qafqazdan, cənubda İran körfəzinə qədər geniş coğrafiyanı əhatə edirdi. Alp Arslan Göyçə gölü və Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün şimal-qərb torpaqlarını Böyük Səlcuq dövlətinin tərkibində birləşdirir. Bu zaman Zəngəzurun Alban-Qıpçaq əsilli xristian hakimləri təbəəliyi qəbul edirlər. 1072-ci ildə hakimiyyətə gəldiyi ildə sultan I Məlikşah Zəngəzuru idarə etmək üçün buraya öz canişinini göndərir. 1192-ci ildə I Məlikşahın ölümündən sonra mərkəzi hakimiyyət uğrunda mübarizə güclənir. Bundan istifadə edən bir sıra yerli xristian hakimləri fəal siyasət yürütməyə cəh edirlər. Onları cəzalandırmaq üçün Oğuz sərkərdələri bir sıra tədbirlər görürlər. 1103-cü ildə Oğuz türkü olan sərkərdə Comard (Comərd) öz qoşunu ilə Qafan və Qarakilsə ərazilərində asayişi bərpa edir. Bu şəxsin adı XIII əsrdə yaşamış Zəngəzurun xristian keşişi Stefan Orbelinin “Zəngəzur əyalətinin tarixi” adlı əsərində çəkilir.

 

Qeyd edək ki, bu əsər XVIII əsrdə Venesiyada Sen-Lazar erməni mxitarist monastırında saxtalaşdırılaraq “Sünik tarixi” adı ilə çap olunmuşdur. S. Orbelinin əsərinin ermənicə saxta nəşrində Comard adı Çortman kimi verilmişdir. Hətta ermənilər tərəfindən saxtalaşdırılmış bu mənbədə Comardın 1104-cü ildə Orotn, 1105-ci ildə isə Bxen qalalarında möhkəmlənməsindən bəhs edilir. Burada “Orotn” Urud kəndinin, “Bxen (Baghk)” isə Bağ qalasının erməni saxtakarlığına məruz qalan adlarıdır. Bu mənbədə həmçinin Çalyurd oymağının adı “Çlorut”, Qacaran oymağının adı “Karcavan”, Muğ boyunun yurdu olan Meğrinin adı isə “Megri” kimi qeyd edilir. Beləliklə, məlum olur ki, ermənilər tarixi gerçəkləri nə qədər saxtalaşdırsalar da, Zəngəzurun yer-yurd adlarını və bu ərazinin əsl sahiblərinin Azərbaycan türkləri olduğunu ört-basdır edə bilməzlər.

1918-ci ilin iyul ayında Andranikin erməni quldur dəstəsi Comardlı kəndini viran qoyur, bu hadisə nəticəsində Comardlı kəndinin dinc əhalisi, eləcə də ümummilli lider Heydər Əliyevin yaxın qohumları qətlə yetirilir. Bu hadisə Comardlı soyqırımı adı ilə tariximizdə həkk olunub.


Ramin Əlizadə

AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv