Modern.az

Şəhid qızları: “Həmişə deyirdi ki, Vətənimizi sevin” - FOTOLAR

Şəhid qızları: “Həmişə deyirdi ki, Vətənimizi sevin” - FOTOLAR

12 Avqust 2021, 14:45

Modern.az şəhid övladları ilə bağlı silsilə yazılarını davam etdirir.

 

Bu gün Vətən Müharibəsinin qəhrəmanlarından biri – mayor Sənan Zamanov haqqında söhbət açacağıq. Sənan Zamanov 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub. Milliyyətcə ləzgi idi.

 

O, 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

 

S.Zamanov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qusar rayonunun Çiləgir kəndində son mənzilə yola salınıb.

 

Şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin  sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

Onun 3 övladı Vətənə yadigar qalıb.

 

Şəhidimizin qızları – Fidan və Ləman Zamanovalarla Təhsil Nazirliyinin təşkilatı dəstəyi, "Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən "Zəfər" düşərgəsində tanış olduq. 74 şəhid övladını əhatə edən "Zəfər" düşərgəsində 12-16 yaş arası şagirdlərə fövqəladə hallarda davranış bacarıqları, özünümüdafiə metodları, texnoloji biliklər, steam bacarıqları aşılanır, əyləncəli oyunlar təşkil edilirdi.

 

Fidan Zamanova kompüter bilikləri ilə bağlı təlimlərin faydalı olduğunu, bir çox maraqlı məqamlarla rastlaşdığını bildirib.  Fidan öz növbəsində bir həftəlik yay düşərgəsinin təşkilatçılarına təşəkkür etməyi də unutmayıb:

 

““Zəfər” düşərgəsi şəhid övladlarını bir araya gətirən maraqlı layihə oldu. Mən burada çoxlu dostlar qazandım, maraqlı və vacib biliklər öyrəndim. Düşərgədə ilk dəfə mikrobitlə işləməyi öyrəndim. Bu mənim üçün çox maraqlı oldu. Mənim gələcək məqsədim hüquqşünas olmaqdır. Əvvəllər kompüter sahəsinə heç marağım yox idi, bu sahənin çətin olduğunu düşünürdüm. Amma “Zəfər” düşərgəsindən sonra kompüter elmlərinə marağım artdı və mən artıq hesab edirəm ki, hər bir hüquqşünas belə texnoloji biliklərə yiyələnməlidir”.

 

 

Mayor Sənan Zamanovun ailəsi Qusarda yaşayır. Amma onun övladları - Fidan, Ləman və Kənan liseyə qəbul olduqlarına görə, yeni tədris ilindən ailə Bakıya köçəcək.

 

Şəhidimizin digər qızı Ləman isə böyüyəndə həkim olmaq arzusundadır:

 

“Bizim hər üçümüzün təhsillə bağlı ayrı-ayrı arzuları var. Fidan hüquqşünas, mən həkim olmaq istəyirəm. Ailədə atamın yolunu davam etdirmək istəyən, onun kimi hərbçi olmaq istəyən isə qardaşım Kənandır.

 

Mənim atam çox şən və mehriban insan idi. Onu çox sevirdik. Bizə həmişə deyirdi ki, Vətənimizi sevin, qoruyun. Müharibə vaxtı da tez-tez zəng etməyə, hal-əhval tutmağa çalışırdı. Orada nələr olduğunu, hansı postları aldıqlarını şifrələrlə deyirdi.

 

Bizim yaxşı oxumağımıza, yaxşı təhsil almağımıza çox önəm verirdi. Heç birimizin ixtisas seçiminə qarışmırdı, amma çox yaxşı oxumağı tapşırırdı. Üçümüzə də “nə istəyirsən, nə arzu edirsən, onun arxasınca get” deyirdi”.

 

 

Qarabağ fatehi övladları və ailəsi ilə sonuncu dəfə müharibədən əvvəl, sentyabrın 19-da, qızı Ləmanın doğum günündə bir araya gəlib. Fidan və Ləman həmin günün yaddaqalan və maraqlı keçdiyini deyirlər:  

 

“Biz atamızla fəxr edirik. Onunla sonuncu dəfə ad günümdə görüşdük, şamları birlikdə üfürdük, deyib güldük.  Səhəri gün hazırlaşıb, xidmətə yollandı.

 

Mənim babam, atamın atası da hərbçi olub. Atam onun yolunu davam etdirirdi, qardaşım Kənan da atamın yolunu  davam etdirmək, onun kimi hərbçi olmaq istəyir.

 

Atam müharibə başlayan kimi döyüşlərə qatıldı. Talış və Suqovuşan istiqamətində döyüşlərdə iştirak etdiyini bilirdik. Həmişə bizə zəng edib, xoş xəbərlər eşidəcəyimizi deyirdi. Müharibə başlayanda bütün cəsarəti ilə döyüşlərə qatılmışdı. Ancaq Vətəni, Qarabağı azad etməyi düşünürdü. Atam sevinirdi ki, nəhayət, torpaqlarımızı işğaldan azad etmək üçün fürsəti yaranıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır