Modern.az

Elmira Rəhimova 80 yaşa çatdı - Modern.az məşhur müğənniyə zəng etdi

Elmira Rəhimova 80 yaşa çatdı - Modern.az məşhur müğənniyə zəng etdi

Mədəni̇yyət

13 Avqust 2021, 12:21

Bu gün Azərbaycanın Xalq artisti Elmira Rəhimovanın doğum günüdür. Onun 80 yaşı tamam olur.


Xalq artisti Elmira Rəhimova 1941-ci il 13 avqust tarixində Bakıda anadan olub. Paytaxtdakı 8 nömrəli orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından hind musiqisinə vurğun olub.

E.Rəhimova 1955-ci ildən M.Maqomayev adına Mahnı və Rəqs Ansamblının solisti kimi tanınıb. 1965-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfini, daha sonralar isə Azərbaycan Dövlət Dillər  İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.

Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. Ən maraqlı və həyatının unudulmaz anlarından biri 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə getməsi, üç il orada klassik hind rəqs sənətini mənimsəməsidir.


Xatirələrin birində istedadlı müğənni bildirir ki, ifasında Azərbaycan mahnılarını dinləməyi çox sevən Cəvahirləl Nehru bayram günlərində onu da rəsmi ziyafətlərə dəvət edərmiş. O, hətta bu azərbaycanlı qızı “Miradi” - deyə çağırarmış (“Mira” hindcə, “sənət ilahəsi” deməkdir).


Elmira Rəhimovanın istər yaradıcılığında, istərsə də həyatında Hindistanla mədəni əlaqələrin mühüm rolu olub. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış edib.


Hindistanda keçən günlər Elmira Rəhimovanın həyatında çox unudulmaz xatirəyə dönüb. O, burada Baş nazir Cəvahirləl Nehru, onun qızı İndira Qandi, eləcə də məşhur kino ulduzları Raç Kapur, Qopal, Nərgiz və digər tanınmış simalarla tanış olub.


Hindistan şahzadəsinin ona elçi düşməsi isə o dövrdə Azərbaycanda səs-küyə səbəb olmuşdu. Amma onda Elmira Rəhimova öz vətənində  -  Azərbaycanda ailə qurmağa üstünlük vermişdi. 


E.Rəhimova Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Onun ifa etdiyi “Ana laylası”, “Küsüb məndən”, “Sənin gülüşlərin”, “Mən anayam” kimi mahnıları müğənniyə əbədi şöhrət qazandırıb.


1967-ci ildə respublikanın Əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Elmira Rəhimova 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Sənətçi dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

Sənətçinin bir oğlu və iki nəvəsi var.

Modern.az saytının əməkdaşı bu gün 80 yaşını qeyd edən Xalq artistinin vəziyyətilə maraqlanıb, onun təəssüratlarının öyrənməyə çalışıb. Ancaq telefon zəngimizə Elmira xanımın özü deyil, oğlu cavab verib.


O bildirib ki, Elmira xanımın səhhəti yaxşıdır və özü bağda olduğu üçün danışa bilməyəcək:


“Anamın səhhəti yaxşıdır. Koronavirusa yoluxduğu zaman halı pisləşmişdi, amma indi hər şey qaydasındadır. Özü bağdadır. Ona görə sizinlə danışa bilməyəcək”.


Elmira Rəhimova 80 yaşını təmtəarqsız, ailə üzvlərinin əhatəsində qeyd edəcək.


Xatırladaq ki, Elmira Rəhimova bu ilin may aylarında koronavirus xəstəliyinə yoluxmuşdu.



Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı