Modern.az

“Hər kəsi bu dəhşətli bəlaya ciddi yanaşmağa çağırıram” - Vilayət Quliyev

“Hər kəsi bu dəhşətli bəlaya ciddi yanaşmağa çağırıram” - Vilayət Quliyev

Ədəbi̇yyat

14 Avqust 2021, 14:04

Koronavirus pandemiyası gah yavaşıyaraq, gah da sürətini artıraraq davam edir və öz mənhus işini görür. Hər kəsi bu dəhşətli bəlaya, onun doğurduğu və doğuracağı fiziki, psixi, mental və digər fəsadlara tam ciddiyyəti ilə yanaşmağa çağırıram.


Amma hərdən fikirləşirəm ki, Covid-19 mənə təsir edə bilməz, etməməlidir. (Düzdür, hər ehtimala qarşı iki dəfə Pfizer-lə vaksinasiya olunmuşam).


Bəs koronavirusla mübarizədə belə əminlik nədən qaynaqlanır? Bu, sadəcə özündən müştəbehlik deyil. İngilislər demişkən, bəlli background-um belə düşünməyə əsas verir.


Sovet dövründə uşaqlıq illəri pambıqçılıq rayonlarında keçən yaşıdlarım nə demək istədiyimi daha yaxşı başa düşərlər.


Dördüncü sinifdən pambıq yığımına aparırdılar. Sentyabrın 2-dən noyabrın əvvəllərinə, bəzən hətta ortalarına qədər məktəb binasına yalnız yük maşınlarına, yaxud lafetlərə minib sahəyə yollanmaq üçün gəlirdik. Bu da bir növ "məsafədən təhsil" idi.


Sentyabrın əvvəllərində camaatın “kukuruznik” dediyi təyyarələr pambıq kollarının yarpağını töküb maşınla yığıma hazırlıq üçün sahələrə dərman səpirdi.


O dərman yadımda tünd qoxulu, şirintəhər maye kimi qalıb.


Heç kim məktəb uşaqlarına onun insan orqanizminə ziyanı haqda heç nə demirdi. Biz də ağzımızı ayırıb göyə baxa-baxa “Samolyot! Samolyot!”- qışqırır, bəzən də təyyarə uçan istiqamətdə qaçırdıq. Zəhərli maye yağış kimi üzümüzə çilənirdi. Təyyarələr çox alçaqdan uçurdu və bəzi dostlarımız dərmanın təsirindən acışan gözlərini ovuşduraraq “Samolyot sürəni gördüm! Samolyot sürən mənə əl elədi!” – deyə lovğalanırdı.


Pambıq kolları arasında ara-sıra təsadüfən olunan, həmin zəhərli dərmandan islanmış cır pomidoru yumadan, sadəcə üstümüzə silib yemək də adi hal idi.


Suyu pambıq sahələrinin kənarındakı arxlardan içirdik. Təyyarələrin səpdiyi dərman yağ təbəqəsi kimi suyun üzünü örtürdü. Sadəcə onu əlimizlə kənara itələyir, boz-bulanıq su ilə yanğımızı söndürürdük. “Sağlamlığını qoruyan” bəzi yuxarı sinif şagirdləri suyu çirkli maykalarını üstündən içir, guya onu filtrdən keçirirdilər. Bu da belə!


Deyəsən, özümüz bilmədən o vaxtlar narkotikin də dadına baxmışdıq. Pambıq sahələrində çoxlu xaş-xaş bitirdi. Xaş-xaş qozalarını ovcumuzda əzib təmizləyir, qara rəngli kiçik dənələrini ağzımıza atırdıq. Sahədə, kollar arasında uzanıb yatmağın xaş-xaşın təsiri ilə baş verdiyini sonralar, bitkinin tərkibində narkotik maddə olduğunu öyrənəndə başa düşdüm.


Bu mərhələlərdən keçəndən sonra virus adama qorxulu görünmür...


Amma təbii ki, tək özümüzü deyil, yaxınlarımızı, doğmalarımızı, dostlarımızı düşünərək mütləq və mütləq bütün ciddiyyəti ilə qorunmaq, irəli sürülən tələblərə əməl etmək lazımdır!


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı sabiq səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır