Modern.az

“Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxaracaq” - Sabiq dövlət müşaviri

“Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxaracaq” - Sabiq dövlət müşaviri

16 Avqust 2021, 09:11

Prezident İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı növbəti dəfə Zəngəzur dəhlizinin açılmasından söz açaraq, bunun Avrasiyanın yeni nəqliyyat layihəsinə çevrilə biləcəyini söylədi. 

 

“Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər. Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”, - deyə Prezident müsahibəsində yenidən Zəngəzur dəhlizi məsələsinə diqqət ayırdı.

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi dünyanın əhəmiyyətli logistik qovşaqlarından birinə çevrilə bilər. Onun fikrincə, Ermənistan Zəngəzur dəhlizi vasitəsilə İranla əlaqələrini genişləndirə biləcək.

 

"Bu dəhlizlə həm Avropa, həm də Asiya qitəsi ilə, eləcə də yaxın Şərqlə dəmir yolu xəttini qaydaya salmaq olar. Bu gün İranın Avropaya açılan qapısı ya dəniz yolu, ya da Zəngəzur dəhlizi ilə mümkündür. Dəmir yolu vasitəsilə də ola bilər, ancaq bu xeyli büdcə tələb edən çətin ideadır. Biz gizlətmirik ki, iqtisadi və geostrateji maraqlarımız var.

 

Bəziləri hesab edir ki, bu dəhlizi yalnız Türkiyə ilə əlaqələr üçün yaradırıq. Ancaq Bakı-Tiblisi-Qars dəmir yolu ilə həm Avropaya, həm də Asiyaya açılan qapımız var. Açılacaq ikinci dəmir yolu Şərq ölkələri arasındakı iqtisadi əlaqələri gücləndirmək üçün istifadə ediləcək. Ən əsası Ermənistan üçün əlverişli imkanlar yaranacaq. Blokadadan çıxacaq, Avropa, Rusiya və Asiyaya dəmir yolu qapısı açılacaq. Bu layihədə daha çox qazanan elə Ermənistan olacaq. Zəngəzur dəhlizi vasitəsilə qardaşı İranla da əlaqələrini genişləndirəcək. İqtisadi layihəyə müqavimət göstərən bəzi dairələr artıq mövqeyini dəyişib. Dəmir yolunun açılması bütün kommunikasiyaların açılmasına ilə əlaqədardır", - deyə politoloq vurğulayıb.

 

Humay İsgəndərova

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir