Modern.az

Oğlunu bağrına basmadan şəhadətə ucalan qəhrəman - FOTOLAR

Oğlunu bağrına basmadan şəhadətə ucalan qəhrəman - FOTOLAR

16 Avqust 2021, 10:42

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

 

Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənləri də var idi. Körpəsini bağrına basmadan bu dünyadan köçən şəhidlərimizdən biri gizir Zülfüqarlı Zeynaldır.

 

Arayış: Zeynal Alim oğlu Zülfüqarlı 1995-cı il mayın 31-də Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. Sentyabrın 27-də Vətən müharibəsinə yollanıb. Cəbrayıl, Füzuli, Xocavənd və Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oktyabrın 20-də Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Şəhidin ömür-gün yoldaşı Firuzə Zülfüqarlı qəhrəmanımız haqqında Modern.az-a danışıb. Onun sözlərinə görə, Zeynal rütbəcə gizir olsa da, döyüşlərdə böyük şücaət göstərib:

 

"Sentyabrın 26- da yola düşdü. Mənə demişdi ki, təlimə gedirəm, ancaq ayın 27-də xəbər tutdum ki, döyüş başlayıb. Müharibə haqqında danışmağı xoşlamırdı. Döyüşməklə bərabər yaralı döyüş yoldaşlarına da yardım edib. Cəbrayıl, Füzuli, Kəlbəcər, Xocavənd istiqamətində döyüşlərdə mərdcə vuruşub. Oktyabrın 19-da Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb. Oktyabrın 20-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Vəfatından sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub".

 

Görəsən, oğlumu görmək mənə qismət olacaq?..

 

Firuzə xanım deyir ki, Zeynal hər axşam yuxularına gəlir: "Zeynalla uşaqlıqdan bir-birimizi sevirdik. Gözəl illərimiz olub, amma bir il belə evli ola bilmədik. Övladımızın olacağını bilirdi. Müharibə zamanı döyüş yoldaşına "görəsən, oğlumu görmək mənə qismət olacaq?" deyib. Hər dəfə oğluma baxanda onun sözü yadıma düşür. Yoldaşım Zeynal şəhid oldu, oğlum Zeynal dünyaya gəldi... Arzularımız çox idi, sonsuz idi. İndi həmin arzuları mən yerinə yetirəcəyəm ki, Zeynalım rahat uyusun. Hər axşam yuxularıma gülə-gülə gəlir, məni bağrına basır gedir... Yoldaşımla qürur duyuram, o mənim ən dəyərlimdir".

 

 

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi