Modern.az

Kabus yaşanan ölkə və 27 ilin “tələbələri” - ARAŞDIRMA

Kabus yaşanan ölkə və 27 ilin “tələbələri” - ARAŞDIRMA

Ölkə

16 Avqust 2021, 11:53

Əfqanıstan Çin, İran və Pakistan kimi güclü dövlətləri olan coğrafiyanın ortasında, köç və ticarət yollarının mərkəzində yerləşir. Bu ölkə bir çox tayfaların, etnik qrupların, müxtəlif dil və mədəniyyətlərin olduğu fərqli quruluşa malikdir.

 

Belə coğrafiyada bir-birinə rəqib, hətta düşmən olan tayfalar və ya etnik qruplar öz bölgələrində qala kimi qorunan möhkəm binalar, evlər və kəndlər inşa edirdilər. Bu quruluşa malik ölkəyə girmək və mərkəzi hökumət qurmaq elə də asan deyildi. Hətta 1979 -cu ildə başlayan Sovet Rusiyasının işğalı burada mərkəzi hökumət qurmaq üçün kifayət etmədi. Üstəlik, bölgədəki vəziyyətdən istifadə edən təhlükəli qrup ortaya çıxdı: Taliban...

 

Taliban necə yaradıldı?

 

Ərəbcə tələbə mənasını daşıyan Taliban 1994 -cü ildə ölkənin cənubunda Molla Ömər Ahundun rəhbərlik etdiyi təxminən 50 mədrəsə tələbəsi ilə birlikdə qurulub.  Əslən Qəndəhardan olan Molla Ömər bir müddət Pakistanda mədrəsədə, sonra Qəndəharın şimalındakı qəsəbədə təhsil alıb. O, Sovet işğalına qarşı mübarizə aparıb.

 

Ənənəvi Əfqanıstan cəmiyyətində tez bir zamanda dəstək qazanan qrupun məqsədi, quruculuq fəlsəfəsi ölkədə İslama əsaslanan hakimiyyətin təsis edilməsi idi.

 

Yaranmasından bir neçə ay sonra əsasən mədrəsə və şəriət məktəblərinin şagirdləri olan döyüşçülərin sayı 20 minə çatmışdı. Tələbə hərəkatının üzvlərinin əksəriyyəti ölkənin cənubundakı Peştun əsilli insanlar və Pakistandakı mədrəsələrdə təhsil alan qaçqın ailələrinin uşaqlarından ibarət idi.

 

Taliban yaradılandan qısa müddət sonra Əfqanıstanın ikinci böyük şəhəri olan Qəndəhara hücum edildi. 3 noyabr 1994-cü ildə tələbə təşkilatı Pakistanla sərhəddə ciddi müqavimət görmədən şəhəri nəzarətə götürdü. Bu, həm də Kabilin zəif mərkəzi hökumətinə ilk zərbə idi. 1995 -ci ildə Taliban ölkənin 12 şəhərini nəzarətə almışdı. Təşkilatın nüfuzu getdikcə daha da artırdı.

 

Ölkənin cənubunda əhalinin sıx yaşadığı şəhərləri ələ keçirən Taliban 1995-ci ildə Kabili hədəfə aldı. Paytaxtın nəzarətini ələ keçirmək üçün Kabili 3 fərqli istiqamətdən bombalamağa başladılar. Ancaq Sovet İttifaqına qarşı müqaviməti ilə adından söz etdirən Əhməd Şah Məsudun başçılıq etdiyi qüvvələr burada Taliban qruplaşmasını ağır məğlubiyyətə uğratdılar.

 

Pakistan və bəzi Körfəz ölkələrindən maliyyə və silah dəstəyi alan Taliban 1996 -cı ilin sentyabrında yenidən Kabilə hücum etməyə hazırlaşırdı. Qanlı küçə müharibəsinə girmək istəməyən tacik komandir Əhməd Şah Məsud 26 sentyabr 1996-cı ildə bütün qüvvələrini Kabildən çıxarmaq məcburiyyətində qaldı.

 

Hakimiyyət boşluğundan istifadə edən Taliban döyüşçüləri 27 sentyabr 1996-cı ildə Kabilə daxil oldular. Əvvəlcə BMT binasına sığınan keçmiş prezident Məhəmməd Nəcibullah Əhmədzay və qardaşı Şahpur Əhmədzayi edam etdilər. Ardınca Taliban öz hökumətini qurduğunu bəyan etdi.

 

Adını Əfqanıstan İslam Əmirliyi, qurucu lideri olan Molla Öməri isə Emirel Müminin (Möminlərin Əmiri) elan edən təşkilat dövlət bayrağını da dəyişdirdi.

 

 

 Talibanın dözülməz qadağaları...

 

Əvvəlcə nisbətən xoş təsir bağışlayan Taliban paytaxt Kabilin alınmasından sonra çox sərt qaydalar tətbiq etməyə başladı. Şəriətə əsaslanan konstitusiya sistemi qüvvəyə mindi. Hənəfi məzhəbinə üstünlük verilməyə başlandı. Gündəlik həyatda şəriət təcrübəsini izləmək üçün Emr-i bil Maruf Nazirliyi (Yaxşı Sifariş) yaradıldı. Həyatın bütün təbəqələrindən təcrid olunmuş qadınların işləməsi, qızların məktəbə getməsi və təhsil alması qadağan edildi. Qadınlara baş örtüyü, kişilərə isə saqqal saxlamaq məcburi oldu.  

 

Saqqalını kəsən sakinlərə 6 aydan başlayaraq həbs cəzası verilirdi. Üzləri görünən qadınlar qamçılanırdı. Bundan əlavə, Əfqanıstan televiziyasının yayımı dayandırıldı, fotoşəkil də daxil olmaqla hər cür vizual yayım və musiqi qadağan olundu.

 

Qaydalara əsasən, kişilər evlərinə yaxın məsciddə gündə 5 dəfə namaz qılmalı idilər. Bəhanəsiz məscidə getməyənlərə ağır cəzalar tətbiq edilirdi. Namaz vaxtlarını bilməyənlər qamçılanırdı.

 

Ölkə üzrə bütün məktəblər mədrəsələrə çevrildi və dərsliklərdəki şəkillər aradan qaldırıldı. İslam dövlətinə qarşı çıxanlar xain  ittihamı ilə edam olundu. Bir çox insanların cəza məqsədilə əlləri kəsildi. Edamlar əsasən cümə namazından sonra xalqın gözü qarşısında həyata keçirilirdi. Kəsilmiş baş və əllər şəhərin mərkəzində nümayiş etdirildi. Peştu dili rəsmi qurumlarda məcburi idi. Qadınlara baxıla biləcəyi səbəbiylə ictimai nəqliyyat vasitələrində aynaları götürmüşdülər.

 

 

Amerikanın müdaxiləsi

 

2001-ci ildə Əkiz Qüllələri və Pentaqonu hədəf alan hücumlarda Əl-Qaidəni günahlandıran ABŞ-dakı Corc Buş rəhbərliyi Talibandan Əl-Qaidə liderlərini istədi. ABŞ-ın Əfqanıstana müdaxiləsi Talibanın günahlarının sübuta yetiriləcəyi təqdirdə, onları İslam üsulu ilə cəzalandıracaqlarını elan etdikdən sonra başladı.

 

O zaman Taliban ölkənin 90 faizinə nəzarət edirdi. 2001-ci ilin sonunda bir çox yerlərdə Kabili və hökuməti tərk etdilər, əsasən Pakistana qaçdılar. Təşkilatın illərdir idarə olunduğu yerlərdən sayılan Qəndəharla sərhəddə yerləşən Quetta şəhərində yenidən bir araya gələ bildilər.

 

ABŞ və NATO-nun başçılıq etdiyi qoşunların dəstəyi ilə Əfqanıstanda yeni hökumət qurulsa da, hava əməliyyatları, mülki itkilərlə nəticələnən basqınlar və yerli tayfalar arasında döyüşlərin başlaması, bəzi bölgələrdə Talibana qarşı xalq rəğbətinin artmasına səbəb oldu.

 

Taliban 2012-ci ildə paytaxt Kabildə və NATO-nun güclü bazalarında genişmiqyaslı hücumlar etmək gücünə çatdı.

 

ABŞ və NATO 2014 -cü ildə Əfqanıstan ordusunun artıq təlim keçməyəcəyini və döyüşə birbaşa cəlb edilməyəcəyini bildirdikdən sonra, Taliban qanlı hücumlarına başladı. Bu hücumlardan sonra bəzi bölgələrə nəzarəti bərpa etdi.

 

Müxtəlif vaxtlarda "işğalçı güc" adlandırdığı ABŞ ilə masada olan Taliban, nəhayət, 2020-ci ilin fevral ayında ABŞ-ın geri çəkilməsi müqabilində müəyyən şərtləri yerinə yetirmək öhdəliyi götürdü.

 

 

Talibanın beynəlxalq əlaqələri

 

ABŞ-ın məqsədlərinə çatmadan 20 il sonra bölgədən ayrılmayacağını bilən Taliban Əfqanıstan idarəçiliyini yenidən ələ keçirməyə və beynəlxalq aləmdə tanınmağa çalışdı. Bu səbəbdən Rusiya, Çin, Orta Asiya ölkələri, Ərəb ölkələri, Qətər, Pakistan və Türkiyə kimi dövlətlərlə əlaqəyə girdilər. Onlar sərt qaydalarının nisbətən yumşaldılacağını iddia edirdilər.

 

Məsələn, qızların qadın müəllimlərdən dərs ala biləcəyi bəzi məktəblərə icazə verdiklərini söyləyirdilər.

  

Talibanı kim idarə edir, gəlirləri haradandır?

 

Taliban liderlərinin əksəriyyəti Sovet müdaxiləsi zamanı Qırmızı Ordu ilə döyüşən mücahidlərdən ibarətdir. Qurucu lider ABŞ -ın işğalından əvvəl Əfqanıstanı idarə edən Molla Məhəmməd Ömərdir.

 

Ömərin 2013-cü ildə ölümü iki il sonra Taliban tərəfindən elan edildi. 2015-ci ilin avqustunda Molla Ömərin sağ əli Molla Məhəmməd Mənsur təşkilatın rəhbəri təyin edildi.

 

Mevlevi Haybatullah Akunzade Molla Mansurun 2016-cı ildə ABŞ-ın Pakistanda hava hücumu nəticəsində öldürülməsindən sonra liderliyi ələ aldı. Akunzadenin siyasi, dini və hərbi qərarlarda son sözə sahib olmaq üçün mütləq səlahiyyəti var.

 

Təşkilatın Rəhbər Şurası 26 üzvdən ibarətdir. Şura bütün hərbi və siyasi qərarların verildiyi əsas orqandır.

 

Akunzadenin məclisdə üç köməkçisi var: qurucu liderlərdən Molla Ömər oğlu Molla Muhammed Yakup, Talibanın qurucularından Molla Əbdülqani Baradar və Hakkani Şəbəkəsinin rəhbəri Siracəddin Hakkani.

 

Molla Əbdül Hakim həm də Talibanın “ədalət quruluşunun", yəni məhkəmə sisteminin rəhbəridir, bu səbəbdən ona "baş prokuror" da deyilir.

 

Şurada 17 komissiya var. Bunlar təhsil, səhiyyə, hərbi məsələlər, kəşfiyyat, daxili siyasət və iqtisadiyyat kimi məsələlərdən məsul "nazirliklər" kimi xidmət edir.

 

İnzibati vahiddən başqa regional strukturlar mövcuddur. Burada barışmış qəbilələrin liderləri və 1980-ci illərdə ölkədən qaçan, lakin daha sonra ölkəyə qayıdan və Talibanın bayrağı altında birləşən döyüşçülər təmsil olunur.

 

 

Talibanın gəlir mənbələri

 

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əsasən, Talibanın əsas gəlir mənbələri xaş-xaş  toxumlarının becərilməsi və tiryək istehsalıdır.

 

Dünyada tiryək istehsalının 90 faizdən çoxu Əfqanıstanın payına düşür. Birləşmiş Millətlər Təşkilatının 2018-ci il hesabatına əsasən, Taliban qanunsuz narkotik alverindən ildə 400 milyon dollar gəlir əldə edir. Eyni zamanda, zorla topladığı “vergi” gəlirlərindən, yeraltı sərvətlərin çıxarılması və satışından, beynəlxalq yardımlardan külli miqdarda qazanc götürür.

 

Əfqanıstanda hakimiyyəti dövründə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqədə olan Taliban 2013-cü ildə Qətərin paytaxtı Dohada ofis açıb.

 

NATO-nun hesablamalarınagörə, bu gün ölkənin bəzi böyük şəhərlərinə nəzarət edən və 85 mindən çox döyüşçüsü olan qrup, 2015 -ci ildə Rusiya və Çinlə təmasa başlayıb.

 

Ölkənin şərq sərhədində yerləşən Əl-Qaidə üzvlərinin burada yaşamasına və Çinə hücum etməməsinə razılaşıb. Çin Sincandakı uyğurları sərhəddə Əl-Qaidə ilə əməkdaşlıqda günahlandırır.

 

Taliban 2017-ci ildə Rusiya ilə təmaslara başlayıb. Uzun sürən danışıqlardan sonra bəzi Taliban fəalları sanksiyalar siyahısından çıxarıldı. Təşkilat Rusiyanın vasitəçiliyi əsasında Mərkəzi Asiya ölkələri ilə əlaqə qurdu.

 

Bundan əlavə, Taliban 2015-ci ildən Səudiyyə Ərəbistanı ilə gərginlik yaşadığı vaxtdan bəri İranla əlaqə saxlayır və Əfqanıstanda güclənən İŞİD-in bu ölkəyə təhlükə yaratmadığı zəminində danışıqlar aparır.

 

Taliban Dohadaki ofisi vasitəsilə bir çox Avropa ölkəsi ilə dolayı təmas qurur. Almaniya, Fransa, Norveç və Türkiyə bu ölkələr sırasındadır.

 

Eyni zamanda Hindistan da bu yaxınlarda Əfqanıstanda hakimiyyəti ələ alan Talibanla əlaqəyə girdiyini açıqladı.

 

 

Təşkilat hələ də təhlükə mənbəyidir

 

Uzun illərdən sonra Tabilan yenidən Əfqanıstanda rəhbərliyə qayıdır. ABŞ və digər Qərb ölkələrinin Kabildən çıxmasından sonra güc toplayan təşkilat bir çox şəhərləri döyüşsüz nəzarətə alıb. Nəhayət, ötən gün paytaxt Kabili ələ keçirən Taliban bununla Əfqanıstanın bütün ərazilərini öz nəzarətinə götürüb. Yerli hakimiyyət qanlı döyüşlərin qarşısını almaq üçün çıxış yolunu Talibana təslim olmaqda görür.

 

Əfqanıstanlı analitiklər iddia edirlər ki, Taliban Pakistanın dəstəyi sayəsində güclənib.

 

Ümumilikdə isə son 40 ildə işğallardan və vətəndaş müharibələrindən yorulan xalqın yeni qanlı savaşa dözə bilməyəcəyini nəzərə alsaq, həm Əfqanıstan xalqı, həm də mərkəzi hökumət taliblərin sülh masasında oturmasının tərəfdarıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar