Modern.az

“Vahabzadənin ruhu Şuşanın üzərindədir” - Şairlər onu XATIRLAYIR

“Vahabzadənin ruhu Şuşanın üzərindədir” - Şairlər onu XATIRLAYIR

Ədəbi̇yyat

16 Avqust 2021, 14:11

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Bu gün onun anadan olmasının 96-cı ildönümü tamam olur.

 

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb.

 

O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

 

Bəxtiyar Vahabzadənin bir alim kimi Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

 

Bəs, bu gün Bəxtiyar Vahabzadə necə xatırlanır?

 

Dövrümüzün tanınmış söz ustaları onunla bağlı fikirlərini Modern.az-la bölüşüblər.

 

 

Azərbaycan Yazıçılar İttifaqının üzvü, şair, dramaturq Nəriman Həsənzadə Vahabzadəni böyük müəllim adlandırıb:

 

“Bəxtiyar Vahabzadə mənim müəllimim olub. Gəncədə Pedoqoji Universiteti bitirən kimi Qənbər Hüseynli ilə Bəxtiyar Vahabzadənin evinə getmişdik. Bəxtiyar müəllim mənim haqqımda, mən də onun haqqında bir neçə məqalə yazmışam. Böyük ustaddır, əsərlər, poemalar müəllifi və elmlər doktoru olub. Süfrəsində çörək kəsmişəm, çay içmişəm. Ən əsası Bəxtiyar müəllim gözəl şəxsiyyət idi. Allah ona  rəhmət eləsin”.

 

 

Xalq yazıçısı Çingiz Abdullayev Bəxtiyar Vahabzadə haqqında bu sözləri deyib:

 

“Böyük Azərbaycan şairi olmaqla bərabər Bəxtiyar Vahabzadə ictimai xadim olub. Fəxr edirəm ki, xalamın həyat yoldaşı çətin zamanlarda ona yardım edib”.

 

 

Şair-publisist Qəşəm Nəcəfzadənin fikrincə, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, bütün Türk dünyasının şairi olub:

 

“Bəxtiyar Vahabzadə bizim milli şairimizidir.Müəyyən dövrlərdə ona qarşı haqsızlıqlar edilib. O bütün zamanların şairidir, ilk və son şeirlərində Azərbaycan dövlətinin müstəqilliyini vəsf etmişdi. Bəxtiyar Azərbaycan türkünün yox, bütün dünya türklərinin şairi olub. Cənubi  və şimali Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparıb, Təbrizi vəsf edib.

 

Bəxtiyar Vahabzadə məhəbbət, Vətən şairdir. Türkiyə Prezidenti cənab Ərdoğan hər zaman onun şeirlərindən misal gətirir. Bəxtiyar Dağlıq Qarabağın azad  olunmasını görmədi, ancaq onun ruhu Şuşanın üzərindədir. Azərbaycanı xalqı Bəxtiyarın qədrini bilir, onu çox sevir”. 

 

Humay İsgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir