Modern.az

İki övladı şəhid olan ANA: “Oğlum heç vaxt ad gününü qeyd etməyib” - FOTOLAR

İki övladı şəhid olan ANA: “Oğlum heç vaxt ad gününü qeyd etməyib” - FOTOLAR

16 Avqust 2021, 18:00

Vətən şəhidlərimizin geridə qoyduqlarının həsrətli gözlərindən başlanır.

 

Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir. Haqqında danışacağımız igidimiz bu gün 31 yaşı tamam olan Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri İntiqam Əsgərlidir.

 

Arayış: İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olub. 1997-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurub. Türkiyədə kəşfiyyat kursunu bitirib və bu sahənin incəliklərini öyrənib.

 

İgidimiz 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ savaşında Şuşaya qədər qəhrəmancasına vuruşub. Mərdliyi ilə seçilən cəsur gizir Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

 

Modern.az-ın əməkdaşı qəhrəman şəhidimizin anası Ziba Əsgərli ilə həmsöhbət olub.

 

Övladının indiyədək heç vaxt ad gününü qeyd etmədiyini deyən şəhid anası İntiqamın yeni yaşını cənnətdə qarşıladığını söyləyib:

 

“İntiqam uşaqlıqdan vətən həsrəti ilə yaşayırdı. Hərbçi olacağını, torpaqlarımızın azad edilməsində payının olmasını istəyirdi. Elə də oldu. Ömrünü və hər şeyini Vətənə, torpağa qurban verdi.

 

İntiqamıma bu günə qədər ad günü etmək qismət olmamışdı. Hər dəfə İntiqamın ad günündə ya hansısa hadisə baş verirdi, ya da oğlum xəstələnirdi. Sadəcə keçən il yoldaşı kiçik tort bişirib, üstünə şam qoydu.

 

Amma bu il ad günü tamam fərqli – Şəhidlik zirvəsində qeyd olunur. Bütün bölgələrdən şəhid ata-anaları, yaxınları, deputatlar, iş adamları, sinif yoldaşları bizimlə oldu. İntiqamıma indiyə qədər keçirə bilmədiyim ad günü keçirdim”.

 

Övladının cinsiyyətini öyrəndiyimizdə artıq ona zəng çatmırdı...

 

 

 

Anası şəhidimizlə sonuncu dəfə oktyabrın 18-i danışıb:

 

“Oğlum döyüşə gedəndə məndən halallıq aldı. Mənə “Ana, əgər qısa ömrüm varsa və kənarda öləcəmsə, heç vaxt rahatlıq tapmaram. Mən şəhid olsam rahatlayaram” dedi və cəbhəyə yola düşdü.

 

İntiqamımın iki övladı var. İkincinin oğul övladı olacağından xəbəri yox idi. Biz cinsiyyəti biləndə artıq ona zəng çatmırdı. İntiqamımı oğlu İntiqam yaşadır”.

 

Biri şəhid, biri şahid...

 

 

Şəhid anası söhbətimizin davamında deyir: “Aprel döyüşlərində hər iki oğlum iştirak edib. Döyüşə iki qardaş eyni hərbi hissədən qatıldı. Onlar çiyin-çiyinə düşmənlə mübarizə apardılar. Amma sonra biri şəhid, biri şahid oldu.

 

İntiqam o gündən sonra düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdu. Düşməndən qardaşının qisasını alacağı zamanı gözləyirdi. Və arzusuna çatdı, qardaşının qisasını aldı”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

 

Bundan başqa şəhid gizirimiz "Vətən uğrunda" və  "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Şəhid İntiqam Əsgərlinin qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olub. İki qardaş Aprel döyüşlərində çiyin-çiyinə vuruşublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi