Modern.az

Bir şəklin tarixçəsi: Mama-ginekoloq işləyən FLORA KƏRİMOVA

Bir şəklin tarixçəsi: Mama-ginekoloq işləyən FLORA KƏRİMOVA

17 Avqust 2021, 13:32

Yəqin ki, bəzi oxucularımız Azərbaycan estradasının korifeyi, bu yaxınlarda (23 iyul) 80 yaşını tamam edən Xalq artisti Flora Kərimovanın ilk ali təhsili Azərbaycan Tibb İnstitutunda aldığını bilmir.

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil Flora xanımın həkim işlədiyi dövrü xatırladır.

Zaman 1972-ci il... Məkan o vaxtkı Əzizbəyov adına Doğum Evi... Həkim, mama-ginekoloq Flora Kərimova yenicə ana olan qadınların vəziyyətilə maraqlanır.
 
Şəklin tarixçəsindən danışan Flora xanım deyir ki, o, atasının arzusu ilə həkimliyə yiyələnib və sonra 3 il bu ixtisas üzrə işləyib:

“1971-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra mən Konservatoriyada oxuya-oxuya 3 il o vaxtkı Əzizbəyov adına Doğum Evində mama-ginekoloq işləmişəm, doğuş qəbul etmişəm... Mən o vaxt yeni doğulan hər körpəyə “bu dünyaya xoş gəldin” deyirdim...”.

Sənətçi deyir ki, həkimlik karyerasını bitirməsinə səbəb özünə qarşı təxribatlar olub. Hətta həmin təxribatlara görə, ölkədən getməyə də məcbur qalıb. 

Flora Kərimova 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirib. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu başa vurub. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.


13 yaşından səhnə fəaliyyətilə məşğuldur. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.


Yaradıcılığında klassik və milli operaların, romansların, bəstəkar və xalq mahnılarının minlərlə nümunəsi yer alan sənətkar Azərbaycan estrada janrının görkəmli nümayəndələrindəndir. Dörd oktavanı aşan səs diapazonuna sahib olan Xalq artisti səsinin çalarına və ifa tərzinə görə həm opera, həm estrada musiqisi, həm də muğam ifa edə bilən nadir müğənnilərdəndir.


Flora xanım "Qanun naminə" bədii filmində aktrisa kimi baş rolu ifa edib, 50-dən çox bədii və televiziya filmində, 10-a yaxın cizgi filmində mahnı və dublyaj səsləndirib.

1992-ci ildən Xalq artistidir...

31 iyul 2021-ci il tarixində Prezident İlham Əliyev Flora Kərimova ilə bağlı iki sərəncam imzalayıb. Həmin sərəncamlarla Xalq artisti “Şərəf” ordeni ilə təltif edilib və Prezidentin fərdi təqaüdünə layiq görülüb.




A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!