Modern.az

General Əfəndiyevin yeni vəzifəsində Prezidentə İLK MƏRUZƏSİ...

General Əfəndiyevin yeni vəzifəsində Prezidentə İLK MƏRUZƏSİ...

17 Avqust 2021, 15:00

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Kəlbəcər şəhərində yerləşən N saylı hərbi hissəyə baş çəkib. Quru qoşunları komandanı, general-mayor Ənvər Əfəndiyev Ali Baş Komandan İlham Əliyevə raport verib:

 

-Cənab Ali Baş Komandan, quru qoşunlarının əməliyyat şəraitində dəyişiklik olmayıb, hadisə baş verməyib.

 

Daha sonra Prezident hərbi hissədə yaradılan şəraitlə tanış olub.

 

Modern.az-ın məlumatına görə, general-mayor Ənvər Əfəndiyev ilk dəfədir Quru Qoşunları komandanı kimi dövlət başçısına məruzə edib.

 

 

O, bu vəzifəyə 2021-ci ilin iyulun 23-də təyin olunub. Belə ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı təyin edilib.

 

Məlumat üçün bildirək ki, 1918-ci ildə yaradılan Quru Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir. Azərbaycanda Quru Qoşunları olsa da, faktiki olaraq onun komandanı vəzifəsi yox idi. 

 

Həmçinin, General Əfəndiyevin təyinatından sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatıb. Bundan əvvəl nazirin 5 müavini var idi. 

 

Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, general-mayor Ənvər Əfəndiyev dosyesini oxuculara təqdim edirik:

 

General-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu 18 noyabr 1965-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1987-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1987-ci ildən SSRİ Silahlı Qüvvələri tərkibində motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisinin müavini vəzifələrində xidmət edib.

 

 

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində motoatıcı tabor komandiri, qərargah rəisi, hərbi hissənin əməliyyat bölməsi rəisinin köməkçisi, hərbi hissənin qərargah rəisinin müavini, alay komandirinin müavini, briqada komandirinin müavini, hərbi hissənin qərargah rəisi vəzifələrində xidmətdə olub. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, 1999-2000-ci illərdə isə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 2000-ci ildən Azərbaycan Ordusunun hərbi hissə, birləşmə və birlikləri, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif vəzifələrdə xidmət edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

 

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Ali Baş Komandanın Sərəncamları ilə "Vətən uğrunda" medalı, “Laçının azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Ənvər Əfəndiyev 2015-ci ildə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir